Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda virusologiya hansı səviyyədədir?



Professor: “Zamanında icra olunmayan əməliyyatlar, bu gün ölkədə icra edilir”
Bir müddət öncə türkiyəli mütəxəssis Azərbaycanda koronavirusa qarşı kifayət qədər tədbirlərin görülmədiyi, tibbi ləvazimatların olmaması ilə bağlı açıqlama vermişdi. Lakin Ümumdünya Səhiyyə Təşkilatı deyilənləri təkzib etdi. Belə ki, təşkilat açıqlamasında bildirib ki, Azərbaycan koronavirus pandemiyasına (COVID-19) qarşı mübarizə üzrə hazırlıq tədbirlərini genişləndirir.

Təşkilatın saytında qurumun missiyasının Azərbaycana səfəri barədə məlumat verilib və Azərbaycanın koronavirsusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, ÜST-lə əməkdaşlığı təqdir olunub.

Qeyd olunub ki, hazırda ÜST-nin ekspertlərindən ibarət bir qrup şəxs Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün Bakıda səfərdədir. 5 günlük səfər müddətində ekspert qrupu Səhiyyə Nazirliyi, TƏBİB-in tabeliyində olan xəstəxanalara, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə baş çəkib.

Bildirilib ki, bu günə qədər Azərbaycan koronavirusun az sayda idxalını təsdiqləyib. Ölkə İranla həmsərhəd olduğundan virusa yoluxma ilə bağlı bir çox fakt təsdiqlənib.

Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqəli şəkildə koronavirusun yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verdiyi və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırdığı vurğulanıb.

Bəs ölkədə virusologiya hansı səviyyədədir?

Adil Qeybulla ile ilgili görsel sonucu
Musavat.com-a danışan professor Adil Qeybulla bildirib ki, Azərbaycanda bu sahədə kifayət qədər təcrübələr mövcuddur:

“Bizdə keçmiş sovet səhiyyəsi olub. Ola bilər ki, Qərb standartları hələ ki, lazımı səviyyədə qurulmayıb. Məsələn, klinik təbabətdə bunu söyləmək olmaz. Bu sahədə inkişaf var. Zamanında icra olunmayan əməliyyatlar, bu gün ölkədə icra edilir. Yəni proses artan xətlə davam edir. Lakin ola bilər ki, fundamental elmdə müəyyən geriləmələr olsun. Bu sahənin də yenidən qurulması tələb olunur. Qeyd edilən sahədə işləyənlərin əmək haqqı, maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində, həm də onların peşəkarlığı istiqamətində işlər tələb edilir. Bu baxımdan türkiyəli mütəxəssislərin dediklərini də qulaqardına vurmaq olmaz. Ən azından düşünürəm ki, bunlar səmimi tənqidlərdir. Lakin onu da unutmayaq ki, ölkədə struktur mövcuddur. Söhbət olan strukturu təkminləşdirməkdən gedir. Bu istiqamətdə işlər görməliyik. Hesab edirəm ki, Türkiyə ilə bütün sahələrdə, o cümlədən də tibb sahəsində əlaqələri artırmalıyıq. Onlar çox böyük məmnuniyyətlə bizim mütəxəssislərimizin orada inkişafı üçün hər bir şərait yaratmağa hazırdırlar. O baxımdan da dövlətin vacib strukturları bu istiqamət üzrə işləməlidir”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10