Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

TƏNGƏRÜD / TANQƏRU KƏNDİ



Təngərüd kəndi Astara rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Astara şəhərindən 18 km şimalda, Bakı-Astara şose yolunun üstündə, Talış dağlarının ətəyində yerləşir.  Astara rayonunun iri yaşayış məntəqələrindən sayılır. Kənddə 3500 nəfərə qədər əhali yaşayır.  Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-1864-cü illər kameral siyahıyaalınması zamanı Təngərüddə 80 ev qeydə alınmış və burada 507 nəfər (kişi 288, qadın 219) əhali yaşamışdır. Kənddə 1985-ci ildə 2284 nəfər, 1999-cu ildə 3117 nəfər, 2009-cu ildə isə 3300 nəfər yaşamışdır.

   Təngərüd talış dilində Tanqəru adlanır. Tanqəru talış dilində hidronim (su obyekti adı) olmaqla şəffaf toponimdir. Yaşayış məntəqəsi öz adını Tanqəru/Təngərüd çayının adından götürmüşdür. Uzunluğu 46 km olan Tanqəru/Təngərüd çayı öz mənbəyini Talış silsiləsinin Şindan zirvəsindən götürərək, Xəzər dənizinə tökülür. Tanqəru talış dilində “tanq” – dar, ensiz, “ə” – birləşdirici sait və “ru” – çay sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “dar, ensiz çay” mənasını verir. Toponimin Azərbaycan dilində rəsmi adı olan Təngərüd isə Tanqərunun fars variantıdır (təng + rud). Tanqəru/Təngərüd hər iki dildə (talış, fars) eyni məna kəsb edir. Amma, burada maraqlı məqam odur ki, kəndin adında “rud” sözündə qalın “u” əvəzinə səhvən incə “ü” (rüd) yazılmışdır. Qeyd edim ki, 1968-ci ilə dair inzibati-ərazi bölgüsü kitabında kəndin adı Təngərud şəklində yazılıb.

   Təngərüd Astara rayonunun qədim tarixə malik yaşayış məntəqələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən kənddə 6 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Bunlar Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidələr olan Baba Cəbrayıl (Qərarda səhvən Baba Cabbar yazılıb; inv: 817) və Təngəd (inv: 818) kurqanları, orta əsrlərə aid yerli əhəmiyyətli arxeoloji abidə - Köhnə qəbiristanlıq (inv: 5764), yerli əhəmiyyətli memarlıq abidələri – Təkiyyə (inv: 4105) və ləmlərdir (1902, inv: 4106; 1907, inv: 4107). Eyni zamanda kənd ərazisində Dızdəqala adlı qala, Baba Cəbrayıl və Pirhəbib adlı ziyarətgahlar da vardır.    

   Səidəli Kazımbəyoğlunun “Cavahirnameyi-Lənkəran” (1869), Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbarnamə” (1882), Qəmərşah Cavadovun “Talışlar” (2004), Azərbaycan Sovet Ensiklopediyası (IX cild, B., 1986) və digər kitablarda kənd haqqında məlumat verilmişdir. 

   Təngərüd kəndinin əhalisinin əsas məşğuliyyəti əkinçilik, sitrus meyvəçiliyi və heyvandarlıqdır. Ötən əsrin 60-cı illərinə qədər kəndin iqtisadiyyatında çəltikçilik mühüm yer tutmuşdur. Sovet dönəmində Təngərüddə kollektiv təsərrüfat yaradılmış və burada əvvəl kolxoz, 1964-cü ildən isə sovxoz fəaliyyət göstərmişdir. Sovxoz “Şəfəq” adlanmışdır. “Şəfəq” sovxozu tərəvəzçilik, çayçılıq və heyvandarlıq üzrəixtisaslaşmışdır. Nəsib Əlizadənin “Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə tarixindən” (B., 1974) kitabına istinad edən Gülnar Əsədli yazır: “1907-1910-cu illərdə torpaq üstündə Lənkəran qəzasının Ərçivan, Təngərüd, Pensər, Şahağacı və digər kəndlərinin sakinləri arasında münaqişə o qədər kəskin vəziyyət almışdır ki, məsələyə Qafqaz canişini qarışıb” (Nura qərq olunmuş Astaram. B., 2004, səh. 49). 

   Təngərüd kəndində sosial obyektlərdən tam orta məktəb, mədəniyyət evi, klub, kitabxana, məscid, xəstəxana, ictimai-iaşə və digər obyektlər , çay yığan qadın və Böyük Vətən müharibəsində həlak olanların şərəfinə heykəllər vardır. Təngərüd məktəbi 1918-ci ildə fəaliyyətə başlamış və məktəbin açılışında Məmməd Əmin Rəsulzadə iştirak etmişdir. Məktəb dahi şairimiz Səməd Vurğunun adını daşıyır. Qoşa minarəli kənd məscidi Astara rayonunun ən gözəl memarlıq nümunələrindən sayılır.

   Kənddə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Təngərüd kənd icra nümayəndəliyi Təngərüd və Maşxan kəndlərini, bələdiyyə isə tək Təngərüd kəndini əhatə edir.     

   Təngərüd özünün ziyalıları ilə tanınan kəndlərdəndir. Kəndin tanınmışlarına misal olaraq Ekspert İnstitutunun yaradıcısı və direktoru olmuş hüquq elmləri doktoru, professor Firudin Davudov, fizika-riyaziyyat elmləri doktoru, professor Əlif Məmmədov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi, “Tolışi sədo” qəzetinin baş redaktoru olmuş Hilal Məmmədov, Milli Məclisin üzvü, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov, filologiya elmləri doktoru Rəis Səmədov, fizika-riyaziyyat elmləri doktoru Elman müəllim, şair İlham İlhami, tanınmış mədəniyyət işçisi, Bakı Şəhər Mədəniyyət İdarəsinin Direktorlar Şurasının sədri işləmiş Mirəhməd Əsgərov, uzun müddət Lənkəran Rayonlararası Məhkəmə Tibbi Ekspertiziya və Patoloji Anatomiya Mərkəzinin müdiri işləmiş, həkim Rafiq Qasımov və digərlərini göstərmək olar.

                                                                                        İldırım ŞÜKÜRZADƏ

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10