Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

31 dekabr 2010-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Atalar deyir ki, bir günün şahlığa yüz günün nökərçiliyinə bəradərdir. Yəni bir gün elə-belə yaşamağa bərabərdir. Ona görə bu gün atmacaları-filanı bir kənara qoyub, biz də gedək şənlənməyə.
- Şənlənməyə tələsmə. Mənim sənə bir bayram sürprızim var. Yenı ilin gəlməsinə 5-10 gün qalmış gedib bir çəngərilkdə Şaxta Babanı tapdım. Dedim, camaatın içində min oyun çıxardırsan, guya heç bir dərdin–sərin yoxdur, doğrudan belədir? Mənə nə desə yaxşıdır: “Mən çəkənləri siz çəksəydiniz, Şaxta nədir Taxta baba olardınız. Hansı zalım oğlu kefindən şaxta babalıq edər. 5-10 manat verirlər-vermirlər, az qalırlar adamı minib çapalar. Biləm ki, əmək haqqımı, ünvanlı yardımı vaxtında, “qulağını kəsməmiş” verirlər, hansı zalım oğlu qapı-qapı düşər?
- Bəs soruşmadın ki, bu işlərin gedişindən ağlı nə kəsir?
- Soruşdum. Dedi ki, elə dünyanın çox yerində adamlar bir-birini aldatmaqla məşğuldur, kimi demokratik yolla, kimi despotik yolla... Sizdə isə lap ağını-bozunu çıxardıblar. Burada məmurlar hökumətin verdiyi kabinetə öz dükanları kimi baxırlar. Hökumət idarəsinə gələndə ancaq onu fikirləşirlər ki, bu gün kimdən nə çırpışdıracağam, kimin qulağını kəsəcəyəm... onsuz da nə etdilər, nə etmədilər, vicdanını dalına atan məddahlar harada gəldi onları tərifləyəcək, buna görə də dorxu-hürküləri yoxdur.
- Başqa nə soruşdun?
- Bilirdim ki, Şaxta Babanın heyvan, quş heykəllərinə yaman həvəsi var. Hindistanda inək, Çində kərtənkələ, Bolqarıstanın Qabarvasında eşşək, İraqda qartal... heykəllərinə şer də qoşublar. Ona görə soruşdum ki, bəs bizdə hansı quşa heykəl qoysalar, yaxşıdır?
- Dedi ki, incisəniz də, deyəcəyəm. Bəzi yerlərdə Dəvəquşuya heykəl qoysanız, daha yaxşı olar. Çünki sizdən bəziləri elə həmin quş kimi başın salıb kolluğa, digər strateji yerləri yadımdan çıxıb. Özü də belə heykəl düzəltsələr, gərək onun başın kolluqda düzəldəsiniz. Dedim ki, onda heykələ qənşərdən baxmaq müşkül olacaq ki. Dedi ki, özünü dəvəquşu kimi aparanlar, ona baxmağın da çəmini bilirlər. Bir də bizə məsləhət gördü ki, bəzi-bəzi sözləri ki var – qeyrət, kişilik, vicdan... belə-belə sözləri az işlədin. Elə bilməyin ki, belə sözlərlə hansı məmurunsa yatmış vicdanını oyada biləcəksiniz.
- Bəs deyirlər ki, Şaxta Baba şəhərin bəzədilməsindən də qüsür tapıb.
- Kənar adam nöqsanı tez görür axı. Bizim mərkəzi küçədəki işıq dirəklərindən asılan göy, yaşıl, qırmızı parçalar Şaxta babanı təəccüb ləndirdi.Dedi ki, bu əgər sizin bayrağın rəmzidirsə, bəs onun üstündə ay-ulduz rəmzləri hanı? Bayraq deyilsə, bu qədər parçanı zay edib, mənasız-mənasız niyə küçədən asırsınız? Mən də dedim ki, bizim humanitar işlərə baxan müavin savadının çoxluğundan o qədər böyük işlərlə məşğuldur ki, gözünə bayrağın ay-ulduzu görünmür.
- Sənin Şaxta Baban dərya imiş ki, gör nələri müşahidə edir e. İndi bayram tədbirində də bunları deyəcək?
- Bunu mən də ondan soruşdum. Dedi, dəli deyiləm ki, belə şeylərdən danışım. Onda mənə kim pul verər? Bilirəm ki, burada düz söz danışsan, az qala xalq düşməni sayırlar. Yalan-palan bir az ordan-buradan danışıb, xurcunumu doldurdum, çıxacam aradan. İndi kim ürəyindəkini deyir ki? Çoxu arxada rəhbərləri söyürlər, öndə isə ətəklərindən öpürlər.
- Bir şey də soruşum. Bayaq narkoman qardaşımızla nə söhbət edirdin?
Narkoman qardaşımız xahiş edib ki, İrana vizalı gediş-gəliş ləğv edən İran hökumətinə qəzetimiz vastəsi ilə təşəkkür edim.
- Səbəb nə imiş?
- Əslində heç nə. Narkoman qardaşımız 3-4 nəfərlə birləşib, səhər keçirlər İran tərəfə. Orada su qiymətinə heroinli iynəni vurdururlar özlərinə, sonra kefləri 99 qayıdırlar evlərinə. Buna görə İran hökumətinə minnətdardırlar.
- Yoxsa, yeni il süfrəsini açmağa az qalıb? Yeni ildə, ağ dovşan ilində oxuculara nə arzun var, de, biz də yığışıb gedək evə.
- Birincisi, onlara dovşanla bağlı balaca bir lətifə danışım. Bir gun ağıllı dovşanlardan biri deyir ki, hamı bizi qorxaq, aciz bir məxluq kimi tanıyır. Birdəfəlik yığışıb gedək göl sahilinə, hamımız birdən suya tullanıb özümüzü məhv edək. Qorxa-qorxa yaşamaqdan canımız qurtarsın. Belə də edirlər. Minə yaxın dovşan göl sahilinə yaxınlaşanda onlara görə qurbağalar qorxularından gölə tullanırlar. Qurbağaların onlardan qorxmalarından təsəlli tapan dovşanlar: “A,a, bizdən də qorxan var imiş ki?” – deyir, gölə tulanıb özlərini öldurmək fikrindən vaz keçirlər. İndi qəhrəman xalqımızdan arzu edirəm ki, nə dovşan kimi qorxa-qorxa yaşasınlar, nə də qurbağalarla özlərinə təsəlli versinlər. Belə, kişi olsunlar, kişi kmi də yaşasınlar. Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10