Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qürur duyduğumuz masallılı qadınlar


Bu "qeyri-rəsmi" qadınlardan hələlik 22-si ilə tanış olun


Doğma Azərbaycanımızın hər yerində olduğu kimi Masallıda da həyat yolu ilə çoxlarına nümunə olan qadınlarımız olub. Orijinallığı, həyata yaradıcı baxışı ilə seçilən, isməti, namusu bir nəsli göyə qaldıran, müharibədə itirdiyi nişanlısına,  həyat yoldaşına görə ömür boyu ailə həyatı qurmayan, məqamı gələndə at çapan, tüfəng atan qadınlarımız da az olmayıb, indi də var.


Qadınlar bayramı ərəfəsində əməkdaşımız, “Viləş”  Özəl Uşaq Bağçasının müdiri Şəfa Allahverdiyeva rayonumuzun 22 ən yadda qalan qadını haqqında  redaksiyaya yazı təqdim edib.


Xatırladaq ki, Şəfa  xanım özü də həm xeyriyyəçiliyi, həm maraqlı təşəbbüsləri, həm özəl xüsusiyyətləri (bağbanlığı, musiqiçiliyi, rəssamlığı, sürücülüyü, toxuculuğu...)  ilə elə həmin yadda qalan qadınlarımızdan biridir.

Şəfa xanım yazını təqdim edərkən aşağıdakıları da bildirdi:

-  Başa düşürəm ki, bu siyahı tam deyil. Bu təqdimat hər hansı təşkilatın, qrupun araşdırması yox,  mənim şəxsi müşahidəmin məhsuludur. Başa düşürəm ki, yaddaqalan,  nəinki rayonumuzun, ölkəmizin tarixində iz qoyan, olduqca maraqlı həyat hekayəsi olan qadınlarımız 22 yox, yüzlərlədir. “Cənub xəbərləri”  bu qadınların çoxu haqqında ardıcıl və olduqca maraqlı yazılar təqdim edib. Mən isə hələlik yadımda qalan, tanıdıqlarım, haqlarında məlumatlı olduqlarımı təqdim edirəm. Təkcə onu deyim ki, Masallıdan 30-a yaxın alim adını qazanan qadın var.

Düzdür, yüksək vəzifədə olub, titul alıb, bu adın ucalığında dayana bilməyən qadınlarımız da olub. Eləcə də uzun illər dəyərli əməyinin layiqli qiymətini ala bilməyən, heç tədbirlərə belə dəvət olunmayanlar da var. Biz isə imkan daxilində titulundan asılı olmayaraq əsil el məhəbbətini qazananların bir neçəsini təqdim etməyə çalışdıq. (Rəhbər işdə çalışanlar burada qeyd olunmayıb). Bəzi şərtilikləri də nəzərə almaya bilmədik. Qüsurlara yol vermişiksə, onu da üzürlü sayın.

Onu da qeyd edim ki, bu yazını FB səhifələrimizdə də paylaşacağıq.  Siz də layiq bildiklərinizin adını və haqqında kiçik məlumatları rəy bölümünə əlavə edə bilərsiniz. O məlumatlar bizə lazım olacaq.


Yüksək hörmətə layiq olub, adını burada görməyənlər inciməsin. Bu son deyil. Yəqin ki, əlavə təqdimatlarımız da olacaq. İmkan olarsa, Masallı qadınları haqqında kitab da hazırlayacağıq.

Hələlik isə Masallı tarixində özünəməxsusluğu ilə yadda qalan 22 qadını sizə təqdim edirik:


1. Rəsmiyyə Sabir – Masallı rayonunun Ərkivan qəsəbəsində, sadə peşə adamı, elektirik Sabirin ailəsində boya-başa çatıb. Həyatda bir çox uğurlara imza atıb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, həm də çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir.  Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarından olub və bu gün həmin qurumun Baş Katibidir. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib.  10-a yaxın şeir kitabının müəllifidir. Onun  şeirləri həm səmimiliyi, həm də cəsarətliliyi ilə çox seçilir. O, Azərbaycanı müxtəlif Beynəlxalq tədbirlərdə uğurla təmsil edib. Şeirləri bir neçə dilə tərcümə olunub. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medalına və “Altın diplom”a layiq görülüb. Rəsmiyyə xanım bir alim kimi Azərbaycanda və xaricdə rus, ingilis, türk dillərində çap olunmuş 110 elmi əsərin, o cümlədən 7 monoqrafiyanın (1 fərdi və 6 kollektiv), 1 dərs vəsaitinin müəllifidir. 12 qrant layihəsinin rəhbəri, koordinatoru, eksperti olmuşdur.  Prezident təqaüdçüsüdür.


2. Arzu Bağırova –  Bədəlan kəndindən anadan olub.  “Regional Hüquq və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədridir. Ölkə miqyaslı onlarla maraqlı tədbirə imza atıb. Arzu xanım böyük ürək sahibidir. O, həm də xeyriyyəçidir. Sanki daim insanlara yardım etməkdən həzz alır, rahatlıq duyur. Belə ki, o, ölkəmizdəki bütün şəhid ailələrinin qapısını bir-bir döyüb, təhsill və mədəniyyətlə bağlı onlarla xeyriyyəçilik aksiyasına öz vəsaiti ilə sponsorluq edib. 30-dan artıq xarici ölkədə Azərbaycan həqiqətlərinin yayılmasında ölkənin tanınmışları ilə birgə təmsilçi olub. Daim pozitiv, sanki insanlara yaxşılıq etmək  arzusu ilə nəfəs alan bir insandır.




3. Ülkər Piriyeva –  Masallı rayonun Şərəfə kəndində anadan olub. Bakı Slavyan Universitetini bitirib. Türkiyənin Hacıtəpə Universitetində təhsilini davam etdirib. Əsasən Türkiyənin Ankara şəhərində fəaliyyət göstərir. Anadolu Birləşdirici və Sənayeçi iş adamları birliyinin, eləcə də Sənayeçi Qadınlar və Sənayeçi iş adamları Konfederasiyasının Prezidenti, bununla yanaşı onlarla nüfuzlu beynəlxalq təşkilatların təmsilçisidir. Beynəlxalq statuslu jurnalist olmaqla yanaşı, həm də politoloq və sosioloq kimi tanınınr. Son çağırış Milli Məclisdə seçkilərdə 70 saylı dairədən namizəd olub. Olduqca fəal, mübariz və qətiyyətli qadındır.








4. Cəlalə Nəzəroğlu –   Masallı rayonunun Xırmandalı kəndində boya-başa çatıb. Olduqca ziyalı bir ailənin davamçısıdır. Ölkə miqyasında masallılı jurnalist qadın kimin ən tanınmışlardandır.  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. İş fəaliyyəti müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"-in aparıcısı, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında "Salam, Azərbaycan" proqramının rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu "SAYGIN Coaching & Consulting" Fərdi İnkişaf Mərkəzində təlim alıb. Bir çox dövlət qurumlarında, özəl şirkətlərdə, QHT-lər, ali və orta məktəblərdə səlis danışığı fərqli formatda öyrədən seminar və təlimlər verib, fəaliyyətini davam etdirməkdədir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Nitq mədəniyyəti müəllimidir. Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan ASAN radionun redaktor və aparıcısıdır. "Danışığınla həyatı qazan" kitabının müəllifidir.


5. Lalə Məmmədova – Tanınmış alimimiz, ərkivanlı, çoğrafiya elmləri doktoru Nadir Məmmədovun qızıdır. Respublikanının Əməkdar Artisti adını daşımaqla yanaşı həm də alimdir, fəlsəfə doktorudur. Ölkə miqyasında səs salan onlarla mahnının ifaçısıdır.










6. Rəna Qədiyeva – Viləş (əvvəlki Kalinovka) kəndində doğulub və orada yaşayır.  Tibb işçisidir. Rayonumuzda yaşayıb, yaradıcılığla məşğul olan ən dəyərli qadın yazarımızdır. Bir neçə kitabın müəllifidir. Vətən, ana-övlad məhəbbəti, sevgi, təbiət haqqında olduqca  axıcı, həzin, urəklərə tumar çəkən, könül oxşayan, maraqlı bənzətmələrlə zəngin şeirlərin, eləcə də çoxlu qəzəllərin müəllifidir.






7. Əntiqə Tağıyeva – Hişkədərə kəndi. Masallı tarixində xüsusi yeri olan, rayonda ilk muzeyin yaradıcısı Rəhim Tağıyevin qızıdır. Hazırda Masallı şəhərində onun adını daşıyan muzeyin rəhbəridir.  İşindəki yükəsk peşəkarlığına, rayonumuzda mədəniyyətin daha da inkişafına töhfələrinə görə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb. Tariximizi ürəkdən sevən, onun təbliği üçün bütün enerjisini sərf edən dəyərli xanımdır. Daim gülərəz, xoş simalı, təmkinli, boy-buxunundan tutmuş nəcib əməllərinə kimi əsl Azərbaycan xanımı.




8. Adilə Eyvazova – Mahmudavar kəndi. Uzun müddət müəllim işləyib. Təqaüd yaşı ötsə də, səhhətində problemlər olsa da, bu gün də onlarla şagirdə pulsuz riyaziyyat elminin sirlərini öyrədir, onların ali məktəbə hazırlanmasına yardımçı olur. “Tərəqqi” medalına layiq görülüb. Mədəniyyəti, yüksək mənəvi keyfiyyətləri, qısası, həyat yolu ilə onlarla gəncə nümunədir.













9. Məhbubə Şahbazova – Bədəlan məktəbində direktor müavini. Rayonumuzun ilk sürücü qadınlarından biri. Təşkilatçılığı, pedoqoji məharəti, cəsarəti, mənəvi dəyərlərinə çox üstünlük verməsi ilə seçilir. Necə deyərlər, partizan xanımlardandır. Sərtliyi və kövrəkliyi arasında məsafə çox qısadır. Olduqca işgüzardır.






10. İradə İmanbəyli – Dəmirçi məktəbində və Masallı Kollecində müəllim. Rayonumuzda gənclik adına nümunə olan xanımlardan biri. Yeni texnologiyalardan olduqca səmərəli faydalanır. Kənd məktəbində oturmaqla digər rayonlarla, hətta Türkiyə məktəbləri ilə şagirdlərin canlı bağlantısını təşkil edir. Olduqca səmimi, yenilikçi, şagirdləri üçün hər cür fədakarlığa layiq bir xanımdır. Sosial şəbəkədə çox fəaldır. Hazırladığı tədbirlər təkcə bir məktəb üçün yox, ən azından rayonumuz üçün nümunədir.







11. Fidan Abbaslı –  Ərkivan qəsəbəsi. Rayonun ilk xeyriyyə icması  “Ümidim sənsən”in, eləcə də eyni adlı ictimai birliyin sədridir. Yüzlərlə imkansız ailəyə yardımçı olub, onun təşəbbüsü ilə məktəblərə 2 minə yaxın pulsuz kitab, minlərlə ailəyə pal-paltar bağışlanıb, eləcə də bir neçə əlil üçün əlil arabası alınmasına, xəstələrin pulsuz müalicə olunmasına, hətta digər xeyriyyə icmaları ilə birgə 2 imkansıza ev tikilməsinə yardımçı olub. Fidan Abbaslı və komandasının üzvləri bir qayda olaraq ad günlərini əlil uşaqlarla rayon mərkəzindəki “Əriştə” kafesində qeyd edir.




12. Nazilə Hüseynova – Həsənli kəndi. Uşaq Bağçasında çalışır. Nazilə xanımın çox maraqlı, təsirli və ürək sızladan həyat yolu var. O, fədakarlığı, dözümlülüyü, saflığı və səmimiliyi ilə çoxlarına bir nümunədir. 29 il Əfqanıstanda görmə qabiliyyətini itirib şikəst olan həyat yoldaşının müalicəsi üçün olmazın əzablar yaşayıb. Uşaq Bağçasında çalışsa da, qadın fermer kimi də uğurlu işlərə imza atıb, ABŞ-da təcrübədə olub. Həmişə açıq, cəsarətli fikirləri ilə seçilən olduqca işıqlı, nurlu bir qadındır.












13. Nərgiz Abuzərova – Masallıda Qadın Resurs Mərkəzinin rəhbəridir. Onun təşəbbüskarlığı və işgüzarlığı nəticəsində onlarla qadın müxtəlif peşələrlə məşğul olur, eləcə də yeni peşələrə yiyələnir. Onun komandası günbəgün artır. Beynəlxalq təşkilatlarla rayonun işguzar qadınlarının fəaliyyətini bacarıqla əlaqələndirir.








14. Jalə Seyfullayeva 
  Şərəfə məktəbində müəllimdir. Onun rəhbəlik etdiyi sinfini, eləcə də hazırlaşdırdığı şagirdlərin, demək olar ki, əksəriyyəti ali məktəblərə problemsiz qəbul olunur. Sənətinin sanki xəstəsidir. Rayonumuzun  fədakar təhsil işçilərindən biri  sayılır. Şagirdlərinə təkcə riyaziyyatın yox, həyatın “dilini” də məharətlə öyrədir. Respublikanın Əməkdar müəllimidir.







15. Əsra  Yusifli – Həsənli kəndi. Masallının ən gənc, olduqca istedalı könüllülərindən biridir. Kollec tələbəsidir. Rayon miqyaslı onlarla tədbirin aparıcısı, müxtəlif tamaşalarda qadın rollarının ifaçısı. Gənclik eşqi, yaradıcılıq həvəsi, həyat eşqi aşıb-daşan birisi.










16. Arzu Çinarlı – Ərkivan qəsəbəsi. Masallı tarixində ilk dəfə orta təhsilini qızıl medalla başa vuran qız. Orta təhsil müddətində 25000 şagird içərisində, ölkə miqyasında inşa müsabiqəsinin qalibi olub. Hazırda BDU-nun jurnalistika fakultəsinin tələbəsidir. BDU-nun olduqca ictimaiyyətçi, fəal tələbələrindən biridir.









17. Kubra Həsənova –  Qızılağac kəndi. Göyəçöl kənd tam orta məktəbində müəllim  işləyir. İctimai işlərdə fəallığı, eləcə də yeni iş formalarından səmərəli istifadəsi ilə seçilir. Onun təşəbbüsü ilə olduqca maraqlı, yadda qalan tədbirlər keçirilir. Kubra xanımın gəlişi ilə bu məktəbə sanki bir gənclik ruhu gəlib.









18. Dilarə Hüseynova – Masallı şəhəri. Masallı Dövlət Regional Kollecinin müəllimi. Bir gənc müəllim kimi o, buradakı  tələbələrin, xüsusən qızların ən yaxın dostuna, anasına, bacısına çevrilib. Hamı onu özünə olduqca doğma bilir. Dilarə xanım alicənablığı və nəcibliyi ilə seçilən bir insandır.










19. Sərma Əhmədova  Xırmandalı kəndi. Özünəməxsusluğu ilə seçilən bir qadındır. Nakam sevgisi olsa da, buna görə yaşı 50-ni ötməsinə baxmayaraq ailə həyatı qurmasa da, bütün həyatına quşçuluq təsərrüfatına bağlayıb. Olduqca maraqlı keyfiyyətləri, özünə məxsus dəyərli dünyası var - at çapır, canavar balası saxlayır, tüfəng atır. Təkbaşına böyük təsərrüfat qurub.




20. Xanım  Fərzullayeva – Hacıtəpə kəndinin ilk qadın müəllimi. Hələ Lənkəran Pedaqoji Məktəbində oxuduğu 1969-cu ildən könül verdiyi insanla valideylərinin və yaxınlarının iradəsi əleyhinə olaraq 1971-ci ildə yaşadığı allı-güllü, bağlı-bağatlı cənnət Lənkərandan Muğanın qızmar günəşdən yanıb-yaxılmış düzənlərindəki kəndlərindən birinə - Hacıtəpə kəndinə gəlin köçdü! Bura bir evə gəlsə də, bir elin, bir kəndin sevimlisinə çevrilib. Həmin vaxtlar, qızların oxumasına qeyri-rəsmi qadağalar vardı. Qızların oxumasına biganə olan insanlar Xanım müəlliməyə baxıb nümunə götürdülər və hər il bir və iki qız texnikomlara, bir neçə il sonra isə hətta ali məktəblərə qəbul olundular!  Kənd camaatının böyük hörmət və ehtiramını qazanan Xanım müəllim kənd ağbirçəyi kimi xeyir-şər məclislərinin başında dayanır, toylarda bəy və gəlinlər onun xeyir-duası ilə ailə həyatı qururlar! Bu illərdə erkən nikahla bağlı təkcə öz yaşadığı kənddə yox, Xırmandalı ərazisində olan üç kənddə mühazirələr oxuyur, qızların təhsildən yayınaraq vaxtından əvvəl ailə həyatı qurmalarına qarşı təbliğat aparırdı. Neçə-neçə ailələrdə erkən nikah bağlamaq istəyənlər onun yaxından təsiri və şəxsi münasibətilə öz fikirlərindən daşınmışlar.

Xanım müəllimə həm də yaradıcı insandır – yaxşı rəssamdır. Dərs dediyi zaman bütün əyani vasitələri öz əlləri ilə yaradırdı.


21. Aybəniz Cavadova – Boradigah qəsəbəsindəndir. Rayonumuzda fəaliyyət göstərən yeganə tərcüməçi qadındır. Dünya klassiklərinin ona yaxın əsərini ingilis və rus dillərindən tərcümə edib. Özü də kiçik hekayələr yazır. Müasir dövr, gənc nəsil, regionda yaşayan qadınların  həyatı haqqında olduqca maraqlı düşüncələrə malikdir.







22. Aynur Tağısoy– Masallının adi qızlarından biri. İxtisaca ekoloqdur. Bank sistemində çalışır. Özünə sığmayan, olduqca qətiyyətli və istiqanlı, məqamı gələnda “qəddar”, yüksək təşkilatçılığa malik, içində fırtınalar yaşadan gənc bir xanım.







Hazırladı:  Şəfa Allahverdiyeva







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10