Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

20 iyun 2010 - ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Mən də bilmirdim. Bu günlərdə ”QAİ” işçilərindən birinin övladının toyuna getmişdim. “QAİ” işçiləri yaxşı yeyib-içəndən sonra başladılar oynamağa. Bilirsən, hansı havanı oynadılar?
- Yəqin ki, yol polisi mahnısını oynayarlar da.
- Yox, bacılı. Onlar “Bu yaşıl ağacın altı bizimdir” mahnısını rəqs etməyə başladılar.
- Nə olsun?
- O olsun ki, bu “QAİ”lər həmişə ağacların altında gizlənir və toyda da buna uyğun mahnı oynayırlar.
- Ta bineyi-qədimdən yol polisləri belə işlərlə məşğul olub. Əmək haqqlarını neçə dəfə artırsalar da, köhnə şakərlərini tərgitmirlər. Yadında olar, hələ 5-6 il əvvəl biz onlara balaca zarafat etmişdik. Soruşmuşduq ki, yol polisləri heyvanları çox sevir, ya insanları? Biri də cavab vermişdi ki, əlbəttə, heyvanları. Görmürsən, mal meydanını, yəni mal-qara alqı-satqısı olan yerin qarşısında həmişə bir neçə polis işçisi dayanır, ancaq minlərlə insanın, yüzlərlə maşının qaynaşdığı köhnə bazarın ətrafında bir nəfər də ”QAİ”-yə rast gələ bilməzsən. Xüsusən, Xan sarayının yaxınlığında, Səməd Vurğun küçəsi ilə H. Əliyev prospektinin kəsişdiyi yerdə işıqfor olmadığı üçün maşınlar az qalır bir–birinə minə.
- Qıza, bu “QAİ” söhbətin qurtar, ən yaxşısı, müdirlərin pulunu saymaqdır.
- Amma təzə “toçkalardan” danış, təhsilin, səhiyyənin, polisin “tas”larını indi hamı əzbər bilir.
- Bu mədəniyyətlə bağlı bir pulsaymadır. Deməli, rəqs qruplarından birini Bakıya məşqə göndərmək lazım gəlir. Rəhbərlik deyir ki, birtəhər eləyin, sonra ezamiyyətinizi verərik. Mədəniyyətin rəhbərliyi də nə qədər təsərrüfat xərci var imiş, bu yolda silir. Qalanını da kitabxanaçıların, klub müdirlərinin, xadimələrin əmək haqqından kəsərək düzəldir. 2 min manatdan bir hissəsi rəqqasların yol xərcinə, qalanı da “digər” məqsədlər üçün xərclənir. Bir neçə həftədən sonra mədəniyyət müdirini çağırırlar baş idarəyə ki, filan ezamiyyə sənədinə qol çək və get. Yəni pul-zad yoxdur. Babalı deyənlərin boynuna, həmin ezamiyyə sənədində 5 min manat olduğu söylənilir.
- Deyirəm, bunlar nə əcəb ölülərdən pul almırlar?
- Yadlarına salma, onlara da girişərlər. Amma ölülərdən almasalar da, məscidlərə artıq əl qoyublar. Belə ki, Boradigahda xeyriyyəçilər gözəl bir məscid tikir. Deyilənə görə, başçı onlara 50 min manat oxuyub. Qızılavardakı özəl xəstəxananın rəhbərlərindən pul almaq isə bir deputatın işə qarışması ucbatından alınmayıb.
- Bəs bilimrsən ki, pul qaradaşdır. İndi qara jiqulilərin də qiyməti ağ juqliyə nisbətə min manat bahadır. Amma sən deyən üz qaralığının əlacı tapılıb. Dərs ilinin sonuna yaxın məktəblərə üçüncü dəfə 2-3 ton təbaşir gətiriblər. Ancaq təbaşir anbara daxil olmamış, etibarnamələr toplanmamış təhsil şöbəsinin rəhbərliyi onu yerbəyer edib. Səbəb də göstəriblər ki, məktəb təbaşirsiz də keçinər. Biz bu təbaşirlərlə üzümüzün qarasını bir az ağartdıq. Belə bir söhbət də danışırlar ki, İcra başçısı xörək yeyən vaxtı bu biabırçılıqdan xəbər tutaraq təhsil şöbə müdirini yanına çağırtdıraraq möhkəm danlayıb və yediyi qatığı onun üzünə atıb. Müdir üzünə yayılan qatığa baxa-baxa xeyli şad olaraq başçıya bildirib ki, şükürlər olsun, heç olmasa omründə bir dəfə sənin yanında üzüm ağ oldu.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10