- Bu əhvalat haradan yadına düşdü?
- Bir neçə ay əvvəl belə bir yazı vermişdik ki, rabitəçilərin yeni müdiri işçilərini yerində saxlamaq üçün onların hər birindən 100-150 manat pul istəyib.
- İndi nə dəyişib ki?
- Sən demə o şükürlü imiş. Deyilənlərə görə, Təhsil Şöbəsinin yeni müdirinin taslarını eşidəndə çoxları az qalıb çəpərin üstünə yıxıla. Deməli, hər ay məktəblərin böyük-kiçikliyinə uyğun olaraq 100-200 manat tasla kifayətlənməyən yeni müdir bu günlərdə köhnə direktorlar üçün yeni tas müəyyənləşdirib-ya min manatı, ya da möhür-kitabını təhvil ver. Ekspertlər deyir ki, direktorlardan yığılan bu kütləvi rüşvəti məktəb rəhbəri təbii ki, müəllimlərin qabırğasından çıxardacaq, bu da təhsil haqqında qanunun daha vicdanla və şərəflə yerinə yetirilməsinə layiqli kömək edəcək.
- Söhbət ki, direktorlardan düşdü, bir qabaqcıl təcrübəni çəpərüstü vasitəsi ilə yaymaq istəyirəm. Bilirsən də, indi direktorlar pedaqoji işdən çox təsərrüfat müdirliyi ilə məşğuldur. Məktəbə odun almaq bir dərddirsə, onu qorumaq başqa dərddir. Yəni, imkan düşdükcə, bəzi məktəblərdə xadimədən müəllimədək hamı odun oğurlayır. Bu cinayətin üstünü açmaq üçün İskəndərli məktəbinin direktoru partizan Cəfər müəllim etməyib tənbəllik, sinif otaqlarına yığılmış odunların üstünə təzə doğranmış odun parçaları yığıb və həmin odunların üstünə imza ataraq onları möhürləyib. Sonra başlayıb təndirxanada xadiməni güdməyə. Düyü torbasında odunu aparan xadimə vəziyyətdən çıxmaq istəsə də, odunun üstündəki direktorun imzaları onu çıxılmaz vəziyyətə salıb. Bundan əlavə direktor çəpər dibində gizlənərək dərs vaxtı sinifdən çox bayırda mırt vurub, siqaret çəkən müəllimləri hadisə yerində yaxalayıb.
- Böyük iş olub. Hamı oğurlayır, xadimə də 4-5 parça odun çırpışdırıb.
- Qıza, söhbət oğurluqdan getmir e, direktorun çekistliyindən gedir.
- Eh, camaat qaz vurub, qazan doldurur, sən də burada odun sayırsan. Oduy e, Qırmızı Aypara adı ilə hər müəllimdən, hər həkimdən heç özlərinin də xəbəri olmadan 2 manatdan tutub, oturan yerdə 10 min manata yaxın pul qazandılar. Həm də maraqlıdır ki, qonşu rayonların heç birində bu Aypara əməliyyatı aparılmayıb, Masallıdan başqa. Nəzərə alanda ki, abunə pulu da ən yüksək -10 faizlə Masallıda yığıldı, onda Ramiz Rövşənin Qoyun olmaya-olmaya, qoyun olmaq çətin işdir misraları ilə bitən şerinin burada daha çox oxunmasının başa düşmək olar.
- Yaxşı, başqa xəbərin yoxdursa, söhbəti qurtar, gedək bayramlıq bişirməyə.
- Xəbər deyəndə, sonuncu xəbər ondan ibarətdir ki, əvvəllər Qəbələdən cənuba Jalə şirəsi və qoz-fındıq gələrdi, indi isə rəhbərlər gəlir. Bu barədə isə daha ətraflı bayramdan sonrakı saylarımızdı.