Onun yeganə çıxış yolu ölkəni tərk etmək idi. 1989-cu ilin oktyabr ayında tutduğu bütün vəzifələrdən istefaya göndəriləndə Erik Honekkerin həyatını böyük təhlükələr gözləyib. Almaniyadakı (ADR) 18 illik hakimiyyətindən sonra haqqında irəli sürülən ciddi ittihamlar heç də ona yaxşı günlər vəd etməyib. Honekker yaxşı dərk edib ki, bu ittihamlardan sonra 54 il əvvəl olduğu kimi onu həbsxana həyatı gözləyir, hətta onu da dərk edib ki, bu dəfə əvvəl olduğu kimi 10 il deyil, cəzası daha da sərt ola bilər...
1912-ci ildə Almaniyanın Saarland əyalətində anadan olan Erik Honekker çox erkən yaşlarından siyasi fəaliyyətə başlayıb. Hələ 10 yaşında olarkən o, Vibelskirxendə uşaq kommunist qrupuna üzv olub, 14 yaşında Almaniya Kommunist Gənclər Liqasının üzvü seçilib. 1930-cu ildə isə 17 yaşında Honekker Almaniya Kommunist Partiyasına daxil olub.
İlk əmək fəaliyyətinə fermer təsərrüfatında başlayan Erik Honekker ali təhsil almaq haqqında çox da düşünməyib. Düzdür, o, 1930-cu ildə komsomol xətti ilə Maoskvada Lenin adına Beynəlxalq Ali Məktəbinə göndərilib, amma oradakı təhsilini yarımçıq qoyaraq öz ölkəsində baş verən siyasi proseslərdə iştirak etmək üçün qısa bir müddətdən sonra Almaniyaya qayıdıb, antifaşist mübarizəsinə qarşı ciddi fəaliyyətə başlayıb.
Siyasi fəaliyyətinə görə Erik Honekker 1935-ci ildə gestapo tərəfindən ələ keçirilərək həbs olunub. 1937-ci ildə məhkəmə onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, cəzasını ən ağır şəraiti ilə fərqlənən Branderburq həbsxanasında keçirib.
Sonralar öz xatirələrində Erik Honekker azadlığa çıxdığına görə SSRİ-yə minnətdarlığını bildirib, qeyd edib ki, o, 1945-ci ilin aprelində sovet əsgər və zabitlərinin köməyi ilə həbsxana həyatından qurtulub.
Müharibədən sonrakı dövrdə Erik Honekker yenidən siyasi arenaya qayıdıb, Azad Alman Gənclər birliyinə başçılıq edib, Kommunist Partiyasının gənclərlə iş üzrə katibi seçilib, 1955-1957-ci illərdə isə Moskvada Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində təhsil alıb.
Təhsilini başa vurub Almaniyaya qayıtdıqdan sonra Erik Honekker Vahid Almaniya Sosialist Pariyasının Siyasi Bürosuna üzv seçilib və təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyıb.
Honekkerin siyasi fəaliyyətində ən yaddaqalan məqamlardan biri onun 1961-ci ildə Berlin divarlarının inşasındakı əsas təşkilatçılardan biri olmasıdır.
Erik Honekkerin siyasi karyerasında Almaniya Vahid Sosialist Partiyasının baş katibi Valter Ulbrixtin xüsusi rolu olub. Məhz onun dəstəyi nəticəsində Honekker partiya orqanlarında bir-birinin ardınca ən yüksək vəzifələri tutub. Ancaq bu qayğıya və köhnə dostluğa baxmayaraq Erik Honekker SSRİ liderləri ilə sövdələşmələri nəticəsində onu vəzifəsindən kənarlaşdırmağa nail olub. Belə ki, 1971-ci ildə şəxsən Leonid İliç Brejnevin müdaxiləsindən sonra Valter Ulbrixt Almaniya rəhbərliyindən istefaya göndərilib.
Beləliklə, Erik Honekker 1971-ci ildə Almaniya Vahid Sosialist Partiyasının baş katibi, Milli Müdafiə Şurasının və Almaniya (ADR) Dövlət Şurasının sədri vəzifələrini tutaraq hakimiyyəti bütövlükdə ələ keçirib.
Erik Honekker sülhsevər və mərhəmətli insan imicini yarada bilsə də, hər dəfə sovet liderlərindən dəstək aldıqdan, Leonid İliçlə yağlı öpüşlərdən sonra öz ölkəsində daha sərt, daha amansız olub.
İstefasından sonra aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, o, vəzifə səlahiyyətlərindən sui istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib. Amma axtarış zamanı həmin pulları tapmaq mümkün olmayıb. Onun evindən söylənildiyi kimi milyonlar deyil, cəmisi 218 min marka (təxminən 120 min dollar) tapılıb. Həmin dövr üçün əmək haqqı, mükafat, qonorar alan, 20 ilə yaxın bir neçə ən yüksək vəzifələri daşıyan şəxs üçün bu məbləğ böyük sayılmayıb. Bəzi versiyalara görə Erik Honekker hələ 1985-ci ildə özünün bütün varidatını Almaniyadan çıxarıb. Belə ki, Mixail Qorbaçov SSRİ-də hakimiyyətə gəldikdən sonra Honekker sosialist düşərgəsində vəziyyətin heç də yaxşı olmayacağını dərk edərək gələcək maddi təminatını təmin etmək üçün bu addımı atıb.
Honekkerə qarşı qaldırılan ittihamlardan biri də Berlin divarlaının salınması zamanı onun etiraz edən kütlələri məhv etməsi, yüzlərlə insanın güllələnməsi ilə bağlı verdiyi qərarlar olub.
İstefasından sonra bu ittihamlara cavab verə bilməyəcəyini anlayan Erik Honekker ölkəni tərk etmək qərarına gəlib, daha dəqiq ifadə etsək qaçmağa qərar verib. Məhz həmin ərəfədə onun tabeliyində işləyən 30-dan artıq yüksək vəzifəli məmur həbs olunub. Honekkerin ilk qaçmaq cəhdi baş tutmayıb.
1990-cı ilin yanvarın 6-da həkim müayinəsindən keçdikdən sonra Honekker müayinə nəticələrini televiziya vasitəsi ilə eşidib. Xəbərlər proqramında bildirilib ki, onun böyrəyində xərçəng xəstəliyi aşkar edilib və o da qeyd edilib ki, Honekkeri bu durumda həbs etmək olmaz. Yanvarın 10-da o, əməliyyat olunub. Yanvarın 29-da isə həbs edilib. Səhhətində yenidən ciddi problemlər yarandığından bir gün sonra onu həbsdən azad ediblər.
30 noyabr 1990-cı ildə Erik Honekkeri həbs etmək üçün növbəti sanksiya verilib. Ancaq o, həbs edilməmişdən əvvəl məhkəmədən tibbi müayinədən keçməyi xahiş edib. Müayinənin bu dəfəki nəticələri daha ağır olub. Bu dəfə Erik Honekkerin qaraciyərində xərcəng xəstəliyi aşkar edilib. Bir müddət müalicədən sonra Erik Honekker 13 mart 1991-ci ildə hərbi təyyarə ilə Moskvaya qaçmağa müvəffəq olub. SSRİ-də də siyasi vəziyyətin mürəkkəb olduğu bir dövrdə Honekker həmin ilin dekabr ayınadək Moskvada yaşayıb. SSRİ süquta uğradıqdan sonra, dekabr ayında Almaniya Rusiyadan Erik Honekkerin qaytarılması ilə bağlı tələb irəli sürüb. Bu tələbdən sonra Honekker Çilinin Moskvadıkı səfirliyində sığınacaq tapıb. Amma onu burada da çox saxlamayıblar. 30- iyul 1992-ci ildə Honekker Rusiyadan Almaniyaya təhvil verilib.
1992-ci ilin noyabr ayında Erik Honekkerin Berlində məhkəməsi başlayıb. O, 15-dən artıq ən ağır maddələrlə ittiham olunub. Lakin buna baxmayaraq, məhkəmə prosesi sona çatdırılmayıb. Yarımcan olan Honekkerin səhhətindəki ciddi problemlərə görə onu 169 gündən sonra həbsxanadan buraxıblar, məhkəmə öz işini dayandırıb. Azadlığa çıxdıqdan dərhal sonra, 1993-cü ildə Erik Honekker Çiliyə mühacirət edib və bir ildən sonra 1994-cü ildə, 81 yaşında xərçəng xəstəliyindən vəfat edib. Sosialist düşərgəsinin sonuncu kommunist liderlərindən biri olan Erik Honekkerə öz vətənində dəfn olunmaq da qismət olmayıb.
İlham Cəmiloğlu, Musavat.com