Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

TALIŞ ETNOTOPONİMİ


1970-ci ilə qədər Ermənistanda, Aştarak rayonunda da Talış, Talış-Əkərək adında kəndlər olmuş, 1970-ci ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Talış kəndinin adı dəyişdirilərək Ərus adlandırılmışdır.

 

    Toponim yunan dilində “yer adı”, Toponimika isə “yer adları haqqında elm” deməkdir. Toponimlərin tərkib hissələrindən biri etnotoponimlərdir. Etnotoponim yunan dilində “xalq adı ilə bağlı olan yer adı” mənasını verir. Respublikamızda bu qəbildən olan yer adları çoxdur. Həmin yer adları sırasında Talış adlı etnotoponimlər də vardır ki, burada Talış həm xalq adı və həm də yer adı mənasında işlənir. Talış respublikamızda aktiv (geniş yayılmış) toponimlərdən sayılır. Yəni Talış həm xoronim (bölgə adı), həm oronim (dağ adı), həm drimonim (meşə adı) və həm də oykonimdir (yaşayış məntəqəsi adı). 





    TALIŞ BÖLGƏSİ

    Talış bölgəsi dedikdə Astara, Lənkəran, Lerik, Masallı (ərazisi 2 hissəyə - Talış və Muğana bölünür) və Yardımlı rayonları başa düşülür. 

Bölgənin ərazisi 4627,6 kvadrat kilometr, əhalisi 701,2 min nəfərdir (01.01.2017). Mərkəzi Lənkəran şəhəridir. Bölgənin əhalisi talış və türklərdən ibarətdir. Bölgə Lənkəran-Astara iqtisadi rayonuna daxildir. Cəlilabad rayonu da iqtisadi rayonun tərkibindədir.

    TALIŞ  DAĞLARI

    Talış dağları Azərbaycan Respublikasının cənub-şərqində, İranla sərhəddə yerləşir. Talış sıra dağları olmaqla  Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarına qədər uzanaraq, üç silsilədən – Talış, Burovar və Peştəsər silsilələrindən ibarətdir. Talış sıra dağları çılpaq dağlardan və meşə örtüyünüdən ibarətdir. Talış sıra dağlarının əhatə etdiyi rayonlar Lənkəran-Astara iqtisadi rayonuna daxildir. 

    Lənkəran – Astara iqtisadi rayonu respublikada sıx meşə örtüyünə malik olan ərazilərdəndir. Ərazinin 26,4 faizini örtən meşələr başlıca olaraq Talış dağlarının qərb və cənub hissəsini əhatə edir. Meşələrin çox hissəsi – 62 %-i Astara rayonundadır. Lerik rayonu ərazisinin 25,9 %, Yardımlı rayonu ərazisinin 23,6%, Masallı rayonu ərazisinin 23,3%, Lənkəran rayonu ərazisinin 19,4 %, Cəlilabad rayonu ərazisinin isə 8,1%-i meşədir (S.Əzizov. Lənkəran-Astara iqtisadi rayonunda əhalinin məskunlaşmasının nizamlanması problemləri. B., 2019, səh. 29).

    Talış dağlarından başqa xalq adı ilə bağlı olan dağlara misal olaraq Pamir (pamirlər Tacikistanda, Dağlıq Bədəxşan Muxtar Vilayətində yaşayır), 

Tibet (tibetlər Çində, Tibet Muxtar Rayonunda  yaşayır), 

Altay (altaylar Rusiyada, Altay Respublikasında yaşayırlar) dağlarını göstərmək olar.

    TALIŞ  OYKONİMİ

    Yuxarıda qeyd etdiyimiz kimi Talış həmçinin oykonimdir. Ölkəmizdə  Talış, Talışlar, Talışlı və Talışnuru adında yaşayış məntəqələri (kəndlər) vardır. Talış adlı kəndlərin sayı beşdir. Bu kəndlər müvafiq olaraq Hacıqabul, Quba, İsmayıllı, Şəmkir və Tərtər rayonlarında yerləşir. Hacıqabul rayonu yaradılanadək oradakı Talış kəndi Sabirabad rayonunun tərkibində olmuşdur. 1990-cı ildə Hacıqabul rayonu yaradıldıqdan sonra inzibati-ərazi bölgüsünə görə Talış kəndi Hacıqabul rayonunun ərazisinə düşmüşdür. 

Tərtər rayonundakı Talış kəndi isə xanlıqlar dövründə (XVIII əsrin ortaları – XIX əsrin I rübü) Qarabağ xanlığının tərkibindəki beş məliklikdən (Talış məlikliyi) biri olmuş, sovet dönəmində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Mardakert (Ağdərə) rayonunun tərkibində olmuşdur. Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət nümayəndələrinin olduğu təyyarə 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağın Martuni rayonundakı Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulduqdan sonra elə həmin il noyabrın 26-da Dağlıq Qarabağın muxtariyyət statusu ləğv edilmiş, ərazisindəki  Xankəndi  respublika tabeliyində şəhər kimi saxlanmış, respublika tabeliyində Şuşa (08 avqust 1930-cu ildə rayon kimi yaradılmışdır), Xocalı və Xocavənd rayonları yaradılmış, digər əraziləri isə üç rayon – Kəlbəcər, Goranboy və Tərtər rayonları arasında bölünmüşdür. Bu bölgüyə əsasən Mardakert (Ağdərə) rayonundakı Talış kəndi Tərtər rayonunun ərazisinə daxil edilmişdir.

    Qeyd edək ki, ötən əsrin 90-cı illərinə qədər Ağsu rayonunda da Talış adında  kənd olmuş və bu kənd sonradan Ağsu şəhərinə birləşdirildiyindən kənd kimi dövlət reystrindən silinmişdir. 

    Talışlar kəndi Ağdam, Talışlı kəndi Lənkəran, Talışnuru kəndi isə Şamaxı rayonunda yerləşir. 

    Məlumat üçün qeyd edək ki, 1970-ci ilə qədər Ermənistanda, Aştarak rayonunda da Talış, Talış-Əkərək adında kəndlər olmuş, 1970-ci ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Talış kəndinin adı dəyişdirilərək Ərus adlandırılmışdır.

                                                                                     İldırım ŞÜKÜRZADƏ 

  Lənkəran r.  Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10