SSRİ-nin mövcudluğunun bütün dövrlərində sovet vətəndaşları əşya, ərzaq və digər gündəlik tələbat mallarının çatışmazlığından həmişə şikayətçi olublar. Bir az üstün keyfiyyətli mal əldə etmək üçün insanlar ya alverçilərə üz tutublar, ya da günlərinin yarıdan çoxunu uzun-uzadı növbələrdə dayanmaq məcburiyyətində qalıblar.
Bu qıtlığın içərisində yaşayan sovet vətəndaşları 1961-ci ildə “Beryozka” mağazalar şəbəkəsi fəaliyyətə başlayanda həmin mağazalar onlar üçün sözün əsl mənasında nağıla bənzəyib. Vitrinlərdən görünən qara kürü bankaları, xarici içkilər və tütün məhsulları, Yaponiya istehsalı olan məişət texnikaları, cins şalvarlar, dəri gödəkçələr, xəzlər, kürklər və s. ətrafdakı boş piştaxtalı mağazaların fonunda bir möcüzəni xatırladıb, sıravi vətəndaş üçün əlçatmaz olan bir möcüzəni...
“Beryozka” mağazalar şəbəkəsi 1961-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Şəbəkə Moskvada “Beryozka”, Kiyevdə “Kaştan”, Minskdə “İvuşka”, Bakıda “Çinar” və s. adı altında fəaliyyət göstərib.
Bu ticarət şəbəkəsinin yaradılması SSRİ-nin büdcəsini xarici valyuta ilə zənginləşdirmək məqsədini daşıyıb. Belə ki, şəbəkədə alış-veriş xarici valyuta ilə aparılıb və bu mağazalar SSRİ-də fəaliyyət göstərən diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri üçün nəzərdə tutulub. Bununla yanaşı xaricdə işləyən və əmək haqqını xarici valyuta ilə alan sovet vətəndaşları da “Beryozka”dan istifadə etmək hüququna malik olublar.
1964-cü ildən SSRİ-də vətəndaşların xarici valyutadan istifadə etməsinə, xarici valyutanın dövriyyəyə buraxılmasına qadağalar daha ciddi şəkildə nəzarətə götürüləndə, qanunsuz xarici valyuta istifadəsinə görə cinayət məcəlləsində xüsusi maddə əks olunanda şəbəkənin mağazlarında alış-veriş xüsusi çeklərlə aparılıb. Yəni qanuni şəkildə valyutası olanlar onları “vneşposıltorq”un çeklri ilə dəyişib və həmin çeklərdən “Beryozka”da istifadə edib.
Şəbəkənin bütün mağazaları xüsusi xidmət orqanları əməkdaşlarının nəzarətində olub. Hətta həmin dövrdə bununla bağlı lətifəyə çevrilən ifadələr də yaranıb. Məsələn, bu mağazaları DTK-nın filialları adlandırıblar, yaxud da “Beryozka”da xadimə işləyənlərin ən azı kapitan rütbəsi daşıdığını söyləyiblər.
“Beryozka” mağazalar şəbəkəsində mövcud dövr üçün ən əlçatmaz, ən defisit mallar satılıb. Uzun illər şəbəkənin mühasibatlığında çalışan Alla Bobrova sonralar verdiyi müsahibələrdə mağazların fəaliyyəti ilə bağlı maraqlı məqamlar açıqlayıb:
“Bizim mağazalarda istənilən və arzulanan bütün məhsulları tapmaq olardı. Ən dəbdə olan cins şalvarlar, dəri gödəkçələr, xəzlər, elektron alışqanlar, içkilər, siqaretlər, qara və qırmızı kürü, tapılmayan kitablar, rəngli televizor, yapon istehsalı olan maqnitafonlar, bir sözlə, hər şey. “Beryozka”dan növbə gözləmədən kooperativ ev və avtomobil də almaq mümkün idi. Çekin varsa, nə istəyirsən al. Amma çeklərin də haradan əldə olunmasına ciddi nəzarət var idi. Kiçik bir şübhə yaranardısa, “Beryozka”dakı söhbətin davamı ya milis şöbəsində, ya da DTK-da olardı. Mağazaya kənar müdaxilələr də yetərincə idi. Yuxarılar üçün heç bir qayda-qanun mövcud deyildi. Tanınmış müştərilərimiz çox idi. Daxili işlər nazirinin müavini Yuri Çurbanov, Moskvanın birinci katibi Viktor Qrişin, Siyasi Büronun üzvlərindən Kapitonov, Kuznetsov, Demiçev, xalq artisti Lyudmila Zıkina, mədəniyyət naziri Yekaterina Furtseva kimi müştərilərimizin nə çek problemi var idi, nə də mağazalara sərbəst giriş-çıxış problemi. Bəzən böyüklər böyük problemlər də yaradırdı. Yeni il ərəfəsində Qalina Brejneva “Vnukovo” aeroportundakı filialımıza gəlmişdi.Yanında cavan bir oğlan da var idi. Vitrinlərə nəzər saldıqdan sonra o, amiranə bir tonda satıcıdan İtaliya istehsalı olan şampan şərabı istədi. Satıcı şərabı gətirəndə o, səsinin tonunu bir az da qaldırdı:
- 34 şüşə şampan gətirin. Bu gün mənim bu sevgilimin 34 yaşı tamam olur, biz onu fərqli qeyd etməliyik.
Satıcı nəzakətlə ona satışda həmin sayda şərabın olmadığını söylədi. Elə hər şey də bundan sonra başlandı. Qalina Brejneva satıcının sinəsindən vurub kənara itələdi, mağazanın arxasındakı kiçik anbar kimi istifadə olunan otağa keçdi. Orada nə var idisə, hamısını təpiklə dağıtdı. Sərxoş idi, söyüş söyürdü, təhqir edirdi. Səs-küyə milislər gəldilər, daha sonra aeroportun xüsusi xidmət orqanlarının əməkdaşları da özlərini yetirdilər. Mağazaya xeyli ziyan dəmişdi. Təbii ki, onu heç kim cəzalandıra bilməyəcəkdi, amma buna baxmayaraq, izahat almağa cəhd etdilər. Bir neçə dəqiqədən sonra isə Yuri Andropovun göstərişi ilə Qalina Brejnevanı və onun sevgilisini böyük hörmət və ehtiramla hava limanından yola saldılar. Dəymiş ziyan isə heç kim tərəfindən ödənilmədi...”
“Beryozka” mağazlar şəbəkəsində satılan məhsulların qiyməti xarici ölkələrlə müqayisədə hədsiz dərəcədə baha olub. Alla Bobrova müsahibələrində bu məsələyə də toxunub:
“Şəbəkənin mağazalarında məhsulların qiyməti çox baha idi. Xarici ölkələrlə müqayisə etsək, elə məhsullar var idi ki, 8-10 qat baha satılırdı. Məsələn, qadınlar üçün yun koftanın qiyməti Amerikada 9-10 dollar olduğu halda, “Beryozka”da həmin koftalar 70-80 dollara satılırdı. Yaxud şokoladın qiyməti Amerikada 1-2 dollar olduğu halda, bizdə 15-18 dollar idi. Amma bu qiymət fərqinə baxmayaraq məhsullar satılırdı...”
“Beryozka” mağazalar şəbəksinin fəaliyyətə başlaması ilə SSRİ-nin qara bazarlarında yeni bir sahənin də fəaliyyəti başlayıb, çek alveri. Ciddi cəhdlərə, mübarizələrə baxmayaraq çek alverçilərinin fəaliyyətinə mane olmaq mümkün olmayıb.
“Beryozka” mağazalar şəbəkəsi fəaliyyətini 1990-1991-ci illərdə dayandırıb.
İlham Cəmiloğlu, Musavat.com