Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sovet rəhbərlərin sevimlisi Raykin – şıltaqlıqları ilə məşhur olan aktyor üçün Bakıda xüsusi ev saxlayırmışlar


Onu SSRİ-nin Çarli Çaplini adlandırıblar və o, gənc yaşlarından təkcə öz ölkəsində deyil, xarici ölkələrdə də populyarlıq qazanıb. Arkadi Raykin öz çıxışları ilə milyonlorın ürəyini fəth edib, hətta siyasi liderlər də onun talantına biganə qala bilməyiblər.

1939-cu ildə İosif Stalinin 60 illiyi münasibətilə Kremldə keçirilən ziyafətdə yubilyarın masası ilə üzbəüz əyləşən Raykin öz çıxışını təqdim etdikdən sonra Stalin onu ayaqüstə alqışlayıb. Bu tədbirdən sonra Arkadi Raykinə hələ 14 dəfə də Stalinin qarşısında çıxış etmək, onun alqışlarını eşitmək qismət olub.

Arkadi Raykin Leonid İliç Brejnevin də ən çox sevdiyi aktyorlardan biri olub. O, SSRİ xalq artisti adını, Lenin mükafatını, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək təltiflərini məhz Brejnevdən alıb.

Amma aktyorun siyasilərlə münasibətində problemlər də yaşanıb. 1970-ci illərdə Leninqradda Estrada və Miniatür Teatrının bədii rəhbəri və rejissoru olanda Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Qriqori Romanovla Raykinin arasında söyuq münasibətlər hökm sürüb. Romanov Raykinin Brejnevlə yaxın münasibətdə olduğunu bilə-bilə onun yerli televiziya və radioda çıxışlarına qadağa qoyub, konsertlərinin sayını məhdudlaşdırıb. Müasirlərinin qənaətinə görə, Arkadi Raykinin populyarlığı, Kremldə çoxsaylı dostlarının olması birinci katibin qıcığına səbəb olub. Münasibətlərin gərginliyi o həddə çatıb ki, Arkadi Raykin Brejnevə müraciət etmək məcburiyyətində qalıb, o, baş katibdən teatrın Moskvaya köçürülməsini xahiş edib. Brejnev aktyorun müraciətinə müsbət cavab verib:

- Əlbəttə, sizin kimi dünya şöhrətli bir aktyor hansısa bir vilayətin birinci katibinə yox, baş katibə daha yaxın olmalıdır.
Beləliklə, 1980-ci illərin əvvələrində teatr və bütün kollektiv Moskvaya köçürülüb və Arkadi Raykin fəaliyyətini paytaxtda davam etdirib.

Arkadi Raykin 1911-ci ildə Riqada yəhudi ailəsində anadan olub. Uşaqlıqdan aktyor olmaq arzusu ilə yaşayıb. Ancaq valideynləri onun bu arzusuna qarşı çıxıblar. Atası Arkadini gələcəkdə elm adamı kimi görmək istəyib. Elə bu məqsədlə də oğlunu tanınmış pedaqoqların hazırlığına cəlb edib. 1922-ci ildə ailə Leninqrada köçüb. Raykin valideynlərindən xəbərsiz bu şəhərdəki Leninqrad Səhnə İncəsənəti İnstitutunun aktyor-rejissor fakültəsinə qəbul olunub.

Ali təhsilini başa vurduqdan sonra Raykin ilk aktyorluq fəaliyyətinə Leninqrad Gənclər teatrında başlayıb. Daha sonra isə onu Leninqrad Estrada və Miniatür Teatrına qəbul ediblər. Bu teatrda çalışdığı zaman Arkadi Raykin dəfələrlə ümumittifaq müsabiqələrin laureatı olub.

1941-1945-ci illərdə Arkadi Raykin dəfələrlə ən ağır cəbhələrdə konsert proqramları ilə çıxış edib. O, döyüşən ordu qarşısındakı mütəmadi çıxışlarına görə “Vətən müharibəsi” ordeni ilə təltif olunub.

Müharibədən sonra fəaliyyətini yenidən Leninqrad Estrada və Miniatür Teatrında davam etdirən Raykin bir neçə ildən sonra həmin teatrın bədii rəhbəri olub və ömrünün sonuna qədər ona rəhbərlik edib. Ölümündən bir il əvvəl teatrın adı dəyişdirilərək Rajkin adına “Satirikon” teatrı adı ilə əvəzlənib. Raykinin ölümündən sonra isə teatra onun oğlu Konstantin Raykin rəhbərlik edib.

Arkadi Raykin SSRİ-nin müttəfiq respublikaları arasında ən çox qastrolda olduğu respublikalardan biri Azərbaycan olub.

Onun üçün Bakıda xüsusi mənzil saxlayıblar. Raykinlə uzun müddət bir yerdə çalışan yazıçı-satirik Mixail Jvanetski həmin qastrolları belə xatırlayıb:

“Biz Bakıda tez-tez səfərdə olurduq. Bizim üçün şəhərin mərkəzində xüsusi ev ayırırdılar. Arkadi Raykin gecələr gizli “Amerikanın səsi” radiosuna qulaq asırdı. Dalğalar yaxşı tutmayanda isə əsəbləşirdi. Ümumiyyətlə, Arkadi Raykin çox kaprizli bir adam idi. Bakıda bizə qarşı xüsusi diqqət göstərirdilər. O, yeməyə hamıdan qabaq gedirdi, əvvəlcə özünü mətbəxə salırdı, yeməklərin hansı ərzaqlardan hazırlanmasını yoxlayırdı, aşpazları sorğu-suala tuturdu. Sonra isə süfrənin başına keçərək aktyorlara deyirdi:

- Arxayın yeyə bilərsiniz. Mən hər şeyi yoxlamışam.

Qasrrol zamanı o, bütün aktyorların qayğıları ilə maraqlanırdı. Kimdə nə isə kiçik bir problem olardısa, yerindəcə həll etməyə çalışırdı...”

Arkadi Raykin öz sənətinə həmişə yüksək qiymət verib. Heç vaxt imkan verməyib ki, çıxışlarını dəyərindən az qiymətləndirsinlər. Qastrollar zamanı qonorarının məbləğini o özü müəyyənləşdirib. Məsələn, İngəltərəyə 10 günlük qastrolu zamanı ondan nə qədər qonorar istəyəcəyini soruşanda Raykin konkret cavab verib:

- Öz məşhurlarınıza nə qədər qonorar verirsinizsə, mənim qonorarım həmin məbləğdən bir az üstün olmalıdır.

Düzdür, alınan məbləğlərin hamısı Raykinə çatmayıb. Sovet dövrünün mövcud qanunlarına görə həmin böyük məbləğlərin əsas hissəsi dövlətə keçirilib. Amma Raykin də heç vaxt cibiboş gəzməyib.

Şəxsən Brejnevin tapşırığı ilə Arkadi Raykin Moskvanın mərkəzində böyük mənzillə təmin olunub, ona növbədənkənar dövlət vəsaiti hesabına “Volqa” avtomobili bağışlanıb.

Uşaqlığından ömrünün sonuna qədər Arkadi Raykinin səhhətində ciddi problemlər olub. 13 yaşında olarkən angina xəstəliyinin düzgün müalicə olunmaması ucbatından o, 9 ay yataqdan qalxa bilməyib. Hətta həkimlər onun yaşayacağına ümid etməyiblər. Uzun-uzadı müalicələrdən sonra Raykin ayağa qalxıb. Növbəti dəfə 30 yaşında xəstəliyin fəsadları baş qaldırıb və o, revmokardit xəstəliyinə düçar olub. Həkimlərin ciddi cəhdindən sonra Raykinin xəstəliyini yühgülləşdirmək mümkün olub.

1987-ci ildə isə, Raykin 76 yaşında olarkən aktyorun xəstəliyi növbəti dəfə şiddətlənib. Bu dəfə onu xilas etmək mümkün olmayıb.

Arkadi Raykin Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10