Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Məzar”ın sirri açıldı - FOTOLAR



Asəf Quliyev: “Məni ermənilərlə işbirliyində ittiham edirdilər”

 

“Bu film mənim 10 ilə yaxındır çəkdiyim əməyin nəticəsi də sayıla bilər, artıq istəyimə qismən çatmışam, bir qədər də vicdanım rahatlıq tapıb, amma bu, o demək deyil ki, fəaliyyətimə ara verəcəm”.

 

Bunları araşıdırmaçı jurnalist Asəf Quliyev müəllifi olduğu “Məzar” (“Могила”) sənədli filminin təqdimatında deyib. Jurnalistin sözlərinə görə, araşdırma aparmasına 2007-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Ağdamda Şəhidlər Xiyabanındakı qorunan yeganə məzarı səbəb olub: “Necə ola bilərdi ki, ətrafda bütün məzarlar dağıdılmışdı, amma bu məzar baxımlı halda idi. Bu məzarı kim qoruyur? Nə üçün qoruyur? Bu suallarla araşdırmaya start verdim. Kiçik yaradıcı qrupumla filmi hazırlamaqda bir neçə məqsədim vardı. Göstərmək istəyirdim ki, bir şəhər - Ağdam yer üzündən silinib”.

 

“Araşdırmamın ikinci mərhələsi, Ağdamın yoxluğu ilə yanaşı, 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adını almış şəxsin - Allahverdi Bağırovun müharibənin ən ağır vaxtlarındakı fəaliyyətinə həsr olunmuşdu. O, hərbçi olmağı ilə yanaşı, hələ o illərdə erməni tərəflə əsirlərin, girovların, meyitlərin dəyişdirilməsi işini aparırdı. Və o, bu işdə elə davranış qaydalarına əməl etmişdi ki, sonradan bu qaydalar Cenevrə Konvensiyasında əksini tapırdı. Filmlə dünyaya onu göstərmək istəyirəm ki, bizim belə qəhrəmanımız olub. Bizim problemimiz odur ki, biz qəhrəmanlarımızı heç vaxt doğru təqdim etməmişik. Qəhrəmanlarımızı baş kəsən yox, bax beləcə hərbi sahədə qətiyyətli şəxs kimi təqdim etsək, dünyadan daha doğru qiymət alarıq. Elə filmin rus dilində hazırlanması da onun beynəlxaq arenaya çıxması üçün edilib”, - Quliyev bildirib.

 

O, qeyd edib ki, filmin çəkilişləri üçün Dağlıq Qarabağa, Ağdama gedə bilmədiyi üçün, erməni tərəfdən kimlərləsə əlaqə saxlayıb suallarına cavab tapmalı imiş: “İnternet vasitəsilə uzun yazışmalardan sonra ermənilərlə Gürcüstanda görüşə bildim, görüşə hansısa beynəlxalq təşkilatın çətiri altında deyil, təkbaşına gedirdim, təhlükəsizlik barədə belə, düşünmürdüm. Təəssüf ki, araşdırma müddətində mənim haqqımda yalnış təəssüratlar yaradırdılar, öz tərəfimiz məni ermənilərlə əlbir olmaqda təqsirləndirirdi, hətta son səfərimdən sonra AzTV-dəki işimdən azad olundum. Bu qədər mənəvi təqiblərə baxmayaraq, araşdırmamı davam etdirdim və istəyimə nail oldum. Allahverdi Bağırovun məzarının kim tərəfindən qorunması sualının cavabını tapdım. Film hazır olandan sonra erməni tərəfdə səs-küyə səbəb oldu. Hətta ermənilər belə şayiə yaydılar ki, guya film üçün faktların toplanmasında ermənilərə külli miqdarda pul vermişəm, bu, gülməlidir. Axı, mənim pulum haradan ola bilərdi? Filmin çəkilişində maddi sıxıntılarım da vardı”.

“Əsas məsələlərdən biri də odur ki, filmdə bir əsas suala cavab tapdım. Bir vaxtlar ermənilər belə təbliğat aparırdılar ki, guya Xocalıda bizimkiləri öz əsgərlərimiz öldürüb. Araşdırma zamanı bu qondarma yalana erməni batalyon komandiri də şərh verdi ki, o vaxt Azərbaycanın hərbi mövqeləri tamam başqa yerdə idi, bu, heç cür mümkün ola bilməzdi”, - deyə Asəf Quliyev vurğulayıb. 

 

Fillm barədə bəzi tanınmış şəxslərin təəssüratlarını təqdim edirik:

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev: “Asəf sosial şəbəkədə filmini birbaşa “Youtube” kanalına yerləşdirməsi anonsunu verəndə, etiraz etdim. Uzun illərin əməyi nəticəsində ərsəyə gəlmiş bu sənədli filmin mütləq təqdimatının keçirilməsini və birgə müzakirəsinin aparılmasını tövsiyə etdim. Sağ olsun, Kino Evi də bizə dəstək verdi, təqdimata nail olduq. Filmə gəlincə, onu bir neçə tərəfdən müsbət qiymətləndirmək olar. Film həm insani, həm peşəkarlıq, nə də vətənpərlik baxımından baxımlıdır”.

 

Professor Qulu Məhərrəmli: “Ən əvvəl ortada uzun illərin zəhməti var. Asəfin bir çox üstün cəhətlərini filmi izləyərkən daha aydın görmək olar. Film yüksək peşəkarlıq baxımından təqdirəlayiqdir, ciddi araşdırma aparılıb, jurnalistin vətənpərvərliyi sezilir. Ola bilsin ki, bu filmdəki ideya çoxuna aydın olmasın, mübahisələr doğursun, amma ona mütləq geniş auditoriya baxmalıdır”.

 

Millət vəkili Aqil Abbas: “Ağdam hamımızın yurdudur, filmə baxanda Allahverdinin məzar daşında onun şəkilini görəndə qəhərlənməyə bilmədim. Təəssüf ki, biz şəhid məzarlarımızın çoxuna sahib çıxa bilmədik. Filmin musiqi tərtibatı, araşıdırmanın peşəkarlığı alqışlanılasıdır”.

 

Şuşada mətbəə direktoru olmuş, Qarabağ döyüşçüsü, jurnalist Kərim Kərimli: “Əgər filmin sonunda Allahverdinin məzar daşının ermənilər tərəfindən dağıdılması səhnəsi verilməsəydi, film barədə təəssürat başqa cür olardı. Amma bu kadr müharibə qaranlığının, erməninin tarixən bizə məxsus olanlara sahib çıxma iddiasının davam etməsinə işarədir. İnanıram ki, bu film uzun illər çalışdığımız, amma nail olmadığımız bir çox filmin uğurundan yüksək zirvəyə qalxacaq. Rus dilində hazırlanması doğru addımdır”.

 

Araşdırmaçı jurnalist Seymur Kazımov: “Filmi müsbət qiymətləndirirəm, ciddi araşdırma və əziyyət hesabına ərsəyə gəlib. Adətən, bu tip mövzularda iki seçim var - patriotluq və peşəkarlıq. Asəf Quliyev patriotdur, amma filmdə o, daha çox peşəkar kimi davranıb. Çünki emosiyalarla deyil, ağılla hərəkət edib. Hiss, həyəcan, hətta bədii təxəyyül müəllifə yox, respondentlərə məxsusdur”.

 

Qeyd edək ki, sənədli film yaxın zamanda “Youtube” kanalına yerləşdiriləcək. Həmçinin filmin ingiliscə altyazılarla hazırlanması da nəzərdə tutulur.

ayna.az
 Fotoları təqdim edirik





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10