Üç səbəb xəstə insanların çoxluğuna təkan verir: Ekologiya, güzəran və...
Demək olar ki, əhalinin əksər hissəsi müxtəlif xəstəliklərdən əziyyət çəkir. Hansı xəstəxanaya, poliklinikaya girirsən, xəstə əlindən tərpənmək olmur. Apteklərdə dərman alan insanların sayı-hesabı bilinmir. Əksər evlərdə, dolabları, soyuducuları, masaların üzərini torba-torba dərmanlar “bəzəyir”. Bu qədər dərmanların müqabilində isə xəstəliklər sağalmır ki, sağalmır.
Cenub.az xəbər verir ki, tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov AYNA-ya müsahibəsində insanlarımızı pərişan edən, həkim qapılarına ayaq döydürən xəstəliklərin səbəblərinə aydınlıq gətirib, xəstəliklərdən qorunmağın yollarını açıqlayıb.
- Doktor, niyə xəstəxana qapılarından asılı qalmışıq?
- Bunun bir çox səbəbləri var, ancaq ən başlıca səbəbi qidalarımızın normal olmamasıdır. Yediyimiz ən bahalı “Ankor” yağının tərkibinə belə, palma yağı qatılır. Ölkəmizdə satılan yağların tərkibinin 70-80 faizi palma yağından ibarətdir. Qidaların da 99 faizinə insan sağlamlığına zərərəli yağlar, xüsusilə palma yağı qatılır. Baxın, gənclərimizin əksəriyyəti evlənmir, ailə quran qadınların övladları olmur, insanların çoxu köklükdən əziyyət çəkir, bunların da əsas səbəbi palma yağlarıdır. Palma yağını təkcə yağlara yox, verməşilə, makarona, hətta uşaqlar üçün nəzərdə tutulmuş qatılaşdırılmış südə belə, qatırlar. Bu da insanların kiçik yaşlardan başlayaraq xəstələnməsinə səbəb olur. Xəstəliklərin artmasının digər səbəbləri isə ekologiya və güzəranımızın zəif olmasıdır. Bu üç səbəb bu gün xəstə insanların çox olmasına təkan verir.
- İnsanların əksəriyyəti dərmanlarla müalicənin effektli olmadığından gileylənir. Dərmanların keyfiyyətsiz olduğunu deyə bilərikmi?
- Dərmanların əksəriyyəti keyfiyyətsizdir, bəli. Buna səbəb də dərman firmalarının sahibləridir. Onların əksəriyyəti dərman istehsal edən şirkətlərə sifariş verəndə dərmanların tərkibindəki maddələrin dozasını azaldırlar. Məsələn, dərmanın tərkibində hansısa maddə 50 milliqram olmalıdır, ancaq bunlar 5 milliqramın pulunu ödəyirlər, ancaq burda satanda 50 millqramın pulunu alırlar. Ona görə də dərmanlar həm bahadır, həm də keyfiyyətsiz. O cümlədən, bizim millətdə tənbəllik var, bir yerimiz ağrıyan kimi yox, ancaq yıxılanda həkimə gedirik. Bunun səbəbi səhlənkarlıqla yanaşı həm də kasıblıqdır. Xəstəlik irəliləyəndə dərmanın da effekti az olur, sağalma prosesi uzun çəkir.
- İnsanlarımız artıq həkimlərə də inanmırlar...
- Dərmanların keyfiyyətsiz olduğuna görə insanların həkimlərə olan inamı da itib. Ancaq ölkəmizdə, həqiqətən də çox güclü, istedadlı həkimlər var. Mən özüm ölüm ayağında olan xəstə idim, kəskin pankreatitdən əziyyət çəkirdim, xəstəlik ildırım sürətilə irəliləyirdi. Məni öz həkimlərimiz sağaltdı, daha doğrusu, ölümdən qaytardılar. Özüm belə, inanmırdım ki, sağalaram. Ona görə də savadlı həkimlərimizin haqqına girə bilmərəm. Düzdür, savadsız, insana pul kimi baxan həkimlərimiz də var, ancaq qurunun oduna yaşı da yandırmaq olmaz, bütün həkimlərə çamur atmaq doğru deyil.
- Xəstələrin əksəriyyəti dərmanlardan bezdiyini və təbii üsullarla müalicəyə başladıqlarını bildirirlər. Bütün xəstəlikləri xalq təbabəti ilə müalicə etmək mümkündürmü?
- Bütün dərmanların tərkibində təbii komponentlər var. Məsələn, prostat vəzinin iltihabı xəstəliyində xəstələrə prostamol tipli dərmanlar yazılır. Həmin dərmanların hamısının tərkibi boranı tumunun içindəki yaşıl pərdədən ibarətdir. Bu xəstəlikdən əziyyət çəkənlər bir kilo boranı tutumu alıb ət maşınından çəkərək yesələr, eyni effekti verəcək. Adicə mədə xorası xəstəliyində gənəgərçək yağından, bağayarpağı bitkisindən istifadə etmək çox faydalıdır. Bağayarpağının tərkibində həm zəhərli, həm də xeyirli maddələr var. Ona görə də təbii üsullarla müalicə edəndə çox diqqətli olmaq lazımdır. Bəzən insanlara bağayarpağı dəmləməsi məsləhət görürlər, içir, müəyyən qədər yaxşılaşır. Ancaq eləsi olur ki, dozanı aşır, bir stəkan əvəzinə bir çaynik bağayarpağı dəmləməsi içir və bağayarpağının tərkibindəki zəhərdən reanimasiyalıq olur. Ancaq bütün xəstəlikləri təbii üsullarla müalicə etmək qeyri-mümkündür.
- Doktor, onkoloji xəstələrin də sayı çoxalıb, həmçinin xəstəlik, sanki cavanlaşıb, uşaqlar arasında belə, yayılıb. Sizcə, bunun səbəbi və ya səbəbləri nədir?
- Biz tələbə olanda, 55 yaşdan aşağı heç kimdə xərçəng aşkar olunmurdu. İndi xərçəng, həqiqətən də cavanlaşıb. Xərçəng xəstəliyi ilə bağlı 400 nəzəriyyə var, hər boş kəllədən bir cümlə çıxıb. Biri deyir, "alüminium qabda yemək xərçəngə səbəb olur", digəri deyir, "üstü kirəmitli evdə yaşamaq", başqa birisi tam fərqli səbəb göstərir və s. Heç kim də heç kimin nəzəriyyəsini qəbul etmir. Xərçəngin cavanlaşmasının səbəbini isə konkret bir məsələnin üstünə atmaq mümkün deyil.
- İddia edirlər ki, xərçəng hüceyrəsi, əslində bütün insanlarda var, müxtəlif səbəblərdən həmin hüceyrə oyana bilər. Bu iddia nə qədər həqiqəti əks etdirir?
- Bədənizmidə xərçəng hüceyrəsinin olduğunu demək doğru olmaz. Xərçəng bədənimizdə olan hüceyrələrdən deyil, optik hüceyrədir və heç bir hüceyrəmizə oxşamır. Optik toxuma özünə angiogenin yaradır, yəni magistral damardan damar çəkir. Xəstəlik magistral damarla onun arasındakı məsafədən asılı olaraq, 12, 9, 6, bəzən isə 2-3 ilə əmələ gəlir. Əslində, bədənimizdə timusdan asılı limfositlər var, timus vəzində formalaşıb inkişaf edirlər, təbii killerlər (TK) isə genetik yad hüceyrəni məhv etməlidir. Təbii killerlər normal və aktiv olanda insan xərçəngə tutulmur, TK-lar orqanizmdə xərçəng hüceyrəsi tapan kimi udub məhv edir. Amma bu, o demək deyil ki, bizim əlimizdə TK-ları aktivləşdirən, miqdarını çoxaldan hər hansı dərman olsa, xərçəngi müalicə edə bilərik. Çünki təbii killerləri sonradan bərpa etmək olmur, orqanizmdə nə qədər yaranıbsa, o qədər də qalacaq. 90, 100, 105 il yaşayıb qocalıqdan ölən insanlar var, onların hüceyrələrində deqredasiya gedir, hüceyrələr öz funksiyasını yerinə yetirə bilmir, nəticədə xərçəngə çevirir. Yəni qocaların, demək olar ki, hamısı xərçəngdən ölür.
- Bəzi şəxslər də iddi edirlər ki, xərçəng İsrail dövlətinin bilərəkdən yaratdığı bir xəstəlikdir və ancaq özləri bu xəstəliyin müalicəsini bilirlər. Bu iddialar barədə nə deyə bilərsiniz?
- Bunlar boş-boş dedi-qodulardır. Ələkbər Məmmədov adlı futbolçu var idi, deyirdilər ki, guya o, meymunun qarnını cırıb, ona görə də ona sağ ayağı ilə top vurmağa icazə vermirlər. Halbuki Ələkbər Məmmədov cılız kişi idi, burnunu tutsan, canı çıxardı. Xərçənglə bağlı yayılan belə fikirlər də ona bənzər əfsanələrdir.
- Stress, əsəb, gərgin iş qrafiki xərçəngə səbəb olurmu?
- Desək ki, konkret bunlar səbəbdir, aldatmış olarıq. Elm çox ciddi qanunlara tabedir, elmi əsası olmayan fikrə inanmaq doğru deyil. Xərçəngdən əziyyət çəkən 3 yaşlı uşaqda stress nə gəzir?! Bu fikirlər də, sadəcə cəfəngiyyatdır.
- Son olaraq, bəs xəstəliklərdən necə qorunaq?
- Xəstəliklərin qarşısını almaq üçün ilk növbədə özümüz mübarizə aparmalıyıq. Ekologiyamızı qorumalıyıq, qidalarımıza diqqət yetirməliyik. Dünyada bizdən başqa heç bir dövlət palma yağı almır. Azərbaycan isə ildə 50 min ton palma yağı alır. Özümüz özümüzü məhv edirik. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə xüsusi diqqət yetirməlidir. Ümumiyyətlə, Prezident ölkəyə qida yağının gətirilməsinin dayandırılması barədə göstəriş verməlidir.