Digah İran mənşəli toponimdirmi?
Respublikamızda 4585 (77 şəhər, 251 qəsəbə, 4257 kənd) yaşayış məntəqəsi vardır. Yaşayış məntəqələri sırasında eyni adlı oykonimlərə (yunan dilində “yaşayış məntəqəsi adı”) də rast gəlinir.
Misal olaraq, Talış, Alpout, Boyat, Padar, Kosalar, Əliabad, Çaxırlı, Qazaxlar, Həsənli, Şıxlar və digərlərini göstərmək olar. Bu qəbildən olan yaşayış məntəqələrindən biri də Digahdır.
Belə ki, respublikamızda Digah adında 5 kənd vardır. Bu kəndlər müvafiq olaraq Lənkəran, Lerik, Abşeron, Quba və Xaçmaz rayonlarında yerləşir. Digərlərindən fərqli olaraq Xaçmaz rayonundakı kənd Digahoba adlanır.
Qeyd edim ki, 2013-cü ilə qədər Masallı rayonunda da Digah adında kənd olmuşdur. 05 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə Digah kəndi Masallı şəhərinə birləşdirilmişdir. Hal-hazırda Digah Masallı şəhərinin məhəllələrindən biri sayılır.
Digah İran mənşəli toponimdir.
O, İran dillərində (talış, tat dillərində) “di” – kənd və “gah” – yer, məkan sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “kənd yeri” mənasını verir. Heç də təsadüfi deyildir ki, Digah adlı toponimlərə İran mənşəli talış və tatların yaşadıqları bölgələrdə rast gəlinir.
Digah talış dilində Diqo adlanır. Talış dilində “di” – kənd və “qo/co” – yer, məkan deməkdir. Digah/Diqo hər iki halda “kənd yeri” mənasını verir. Məlumat üçün bildirim ki, Digahın talış variantı olan Diqo/Dico adlı yaşayış məntəqələri də vardır. Diqo Astara, Dico və Digov isə Lerik rayonunda yerləşir.
Digah/Diqo eyni zamanda komponent kimi Boradigah/Bırədiqo (Masallı rayonunda qəsəbə) və Mondigah/Mondiqo (Lerik rayonunda kənd) oykonimlərində də işlənir.
Son olaraq qeyd etmək istəyirəm ki, Sovet dönəmində (1920-1990) Azərbaycanın yaşayış məntəqələri sırasında Təzəkənd və Yenikənd adları daha geniş yayılmışdır. Həmin dövrdə respublikamızda Təzəkənd adında 22, Yenikənd adında isə 21 kənd olmuşdur.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi