Sovet dönəmində anbar kimi istifadə edilən bu məscidin tarixindən nələr bəllidir?
Hasıllı Cəlilabad rayonunun yaşayış məntəqələrindən biridir. Qədim tarixə malikdir. Vaxtilə indiki Cəlilabad ərazisində Həməşəra şəhərindən sonra mərkəz rolunu oynamışdır. Cəlilabad rayonunun memarlıq abidələrindən biri Hasıllı kənd məscididir.
Məscid XIX əsrin əvvəllərində qırmızı kərpicdən tikilmişdir. Mənbələr bu məscidin 1918-ci ilin 18 noyabr tarixində Azərbaycan və İslam dininə düşmən kəsilən qüvvələr tərəfindən yandırıldığını deyir. Sonradan məscidi Hacı Mirhüseyn adlı dindar bir şəxs təmir etdirmişdir (Azərbaycan İslam mədəniyyətinin incisi. B., 2013, səh. 254).
“Hasıllı məscidi 1987-ci ildə əvvəlki formada yenidən bərpa olunmuşdur.
Bu işdə el ağsaqqalı Azay kişi və Hacı Sərdar böyük rol oynamışdır.
Təmir işi Sovet dövrünə düşdüyü üçün Azay kişi eyni vaxtda Göytəpə şəhərində yerləşən kilsəni (Müqəddəs Olqa kilsəsi – İ.Ş.) də təmir etdiri ki, dini baxımdan ayrı seçkilik olmasın” (Cəlilabad virtual səhifəsi. Səhifə mənbə olaraq Mahmudağa Qasımovun “Cəlilabadın tarixi, etnonim və toponimləri” kitabına (B., 2016, səh. 231) istinad etmişdir).
Məscid 50 sm hündürlükdə olan səki üzərində yerləşir. Fasadında iki qapı və iki pəncərə vardır. Sağ fasadında da iki pəncərə yerləşdirilmişdir. Qapı və pəncərələr tağlıdır. Sol fasadda isə düzbucaqlı şəkildə dörd pəncərə vardır. Pəncərələrdən ikisi yuxarıda, ikisi isə aşağıda yerləşir. İnteryerdə tavana dayaq məqsədilə üç sütun yerləşdirilmişdir. İnteryerə suvaq çəkilmiş, üzərinə yaşıl rəngli emusiya sürtülmüşdür.
Məscidin mehrabı, minbəri və günbəzi vardır. Mehrab divarın içindədir. Minbər dörd pilləlidir. Günbəz güldəstə şəkilli olub dördguşəlidir.
Qadınların ibadət etməsi üçün “Şəbistan” vardır. “Şəbistan” interyerin ikinci yarusunda, sol tərəfdə yerləşir.
Sovet dönəmində digər məscidlər kimi Hasıllı məscidi də öz fəaliyyətini dayandırmış, 1989-cu ildə məscid yenidən qapılarını dindarların üzünə açmışdır.
Məscidin döşəməsi torpaqdan, qapı-pəncərələri, tavanı, dayaq sütunları, dam örtüyünün konstruksiyası ağac materialından, dam örtüyü isə kirəmitdəndir. Fasada ağ bətkeş vurulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Hasıllı məscidi 4179 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Qeyd edim ki, Hasıllı məscidi Cəlilabadda memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış yeganə məsciddir.
Nazirlər Kabinetinin məlum qərarında məscidin ünvanı Hasıllı deyil, səhvən Qasımlı kəndi yazılmışdır. Digər tərəfdən məscid üzərinə vurulmuş lövhədə o, yerli yox, səhvən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi göstərilmişdir.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi