Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

27 oktyabr 2015-ci il. Çəpərüstü söhbət


27 oktyabr 2015-ci il. Çəpərüstü söhbət
- Qıza, sən bizim kişinin xasiyyətini bilirsən də, həmişə qəribəlik axtarır, bir-birinə bənzəyən günlərdən, maraqsız, duzsuz adamlardan zəhləsi gedir. Bütün bu bezdirici günlərdən, sönmüş, söndürülmüş adamlardan qaçmaq üçün bir nəfər özü kimi dostunu da götürüb, getmişdi Yaponiyaya.
- Aaa, nə maraqlı. Yəqin fısqırıq söhbətlərlə qayıdıb, hə?
- Hec demə, bacı qurban. Adamın gözünü kəlləsinə çıxaran söhbətlərin sayı-hesabı yox. Amma mən sənə onların hamısını yox, cəmi bir-ikisini danışacam. Bilirsən də, bizimkilərin hər ölkədə ilk ayaq basdığı ünvan bazar olur. Bizim kişi də bunları gəzdirən yapon kişiyə deyir ki, apar bizi yapon bazarına. Yapon deyir, hansı bazara, burada bazar çoxdur. Kişim deyir, bizi elə bazara apar ki, indiyə qədər həmin bazardan görməmiş olaq. Həmin adam da bunları gətirir robot bazarına.
- Ay Allah, nə maraqlı bazara gediblər!?
- Yaxşı, ağzının suyunu axıtma, ardına qulaq as. Deməli, kişi robot bazarını görən kimi gözü çıxır kəlləsinə. Daha burada hansı robotlar yox imiş? Müdir robotu, yaltaq robotu, dəllal robotu, eşşək robotu, ceyran robotu, adam qıdıqlayan, adam tumarlayan, adam çimdikləyən robotlar... Kişim çox fikirləşir ki, bunların hansını alım. Çox daşınıb-düşünəndən sonra yapon satıcı qadına deyir ki, bacımsan, mənə elə robot təşkil edə bilərsənmi, eyni vaxtda həm yaltaq olsun, həm qudurğan, həm savadlı, həm əyilən, qoltuqda yaşamağı bacaran, hər anda min sifətə düşən, maskaları yırtıldıqca yeni maskalara uyğunlaşan olsun. Satıcı qadın deyir ki, beləsi sifarişlə hazırlanır, amma çox baha olur. Kişim duruxur. Ona tərcüməçilik edən yapon kişimin qulağına deyir ki, qardaşımsan, sən həmin robota o qədər pulu niyə verirsən, elə sizdə hər idarədə həmin arzuladığın robotun canlılarından nə qədər desən var, yəni eyni vaxtda bir tərəfə yaltaqlanır, o biri tərəfə qudurur və sair. Elə bu robota verdiyinin yarısını verib, öz yurdundan belələrinin canlsından bir neçə nüsxə ala bilərsən.
- Kişin də razılaşır?
- Ay razılaşdı ha. Tərsin biridir. Yapona deyir ki, bu robotların başqa ucuz varinatı yoxdur? Deyirlər, düzələr. Məsələn, bizdə orijinal pultlar var, onun düyməsin kimə yapışdırsan, pultla həmin adamı necə istəsən, idarə edə bilərsən. Yəni həmin adamın necə geyimi, necə vəzifəsi , necə savadı olmasından asılı olmayaraq sən həmin adamı pultla istədiyin hala sala bilirsən. Sizdəkilər də ən çox bu pultlardan alırlar. Bir də gördün, müdir pultun düyməsini basır, işçisi bir nəfərlə olur qardaş, səhər müdir ondan küsür, pultu basır, sən olursan həmin qardaşla düşmən. Bu pult adamı eyni dəqiqədə gah gülən edir, gah ağlayan, gah kişi edir, gah nakişi... Qısası, kişi bu pultdan 5-10 dənə gətirib, ayıb olmasın, təcrübə üçün birini də elə mənə qoşub...
- Daha bəsdir, yapon-mapon söhbətin bitirək. Öz tərəfimizdə axır vaxtlar o qədər maraqlı işlər olur ki, bir az da onlardan danışaq. Keçmişdə, görmüşdük ki, ağac qocalanda onun qol-budağın budayar, kəsib doğrayar, nə bilim qoyunu-filanı qırxarlar. İndi bir də görürsən ki, filan nazirliyi budayırlar. Məsələn, Təhsil naziri Misir Mərdanovu sıxışdıranda gah uşaq bağçalarını onlardan aldılar, gah məktəb tikintisini, axırda başın götürüb qaçdı. İndi eyni oyunu Nəqliyyat Nazirliyi ilə edirlər. Gah dəmir yoluna rəhbərliyi bu nazirlikdən alırlar, gah nəqliyyat müfəttişlərini. Nəzərə alsaq ki, heç hava nəqliyyatı, dəniz nəqliyyatı, metro nəqliyyatı da Nəqliyyat Nazirliyinin tabeliyində deyildi, onda qətiyyətlə demək olar ki, yaxın vaxtlarda bu nazirliyin adını dəyişib avtobus nazirliyi qoyacaqlar – çünki həmin sahədən başqa onların əlində bir səlahiyyət qalmayacaq.
- Bəs bu adamlar öz hüquqlarını, haqlarını müdafiə etməyəcəklər?
- Elə bilirsən, hər adamın öz haqqını-hüququnu müdafiə etməyə cəsarəti, kişiliyi çatır? Bu yaxınlarda qonşu rayonların birində kimsə rəhmətə gedir. Kəndin hörmətli kərbəlayılalarından biri də həmin hüzrə gedib və orada 10 manat xərc də verib. Lakin bu kişiyə ehsana qal deməyiblər. Həmin kərbəlayı da eləməyib tənbəllik, gəlib həmin hüzr yerinə, hüzr dəftərin gətizdirib, orda adını tapıb, dəftərdə adını pozdurub, həmin 10 manatı da silib, deyib, qaytarın 10 manatımı. İstədiyin alıb və geri qayıdıb.
- Lap düz də eləyib. Hamı haqqını belə tələbə eləsə, heç kim özbaşınalıq etməz, haqsızlığa yol verməz. Yoxsa, bir dostumuz var, 200 adamın toyuna gedib xərc vermişdi, amma onun xeyr işinə cəmi doxsan adam gəlib, heç verdiyi yeməyin pulunu çıxartmayıb. Bu adam da utancaq olmasaydı, gedib o toylara atdığı pulları tələb etsəydi, indi bütün borclarını vermişdi.
- Düz deyirsən. Belə ki başlamısan məsləhət verməyə, bəlkə xalqa başqa məsləhətlər də verəsən?
- Nə olar? Xayınlığım nədir? Özümlə gora aparmayacağam ki? Hamı bir tikə çörəyin divanəsidir, hamı bilmək istəyir ki, hansı işlər daha çörəklidir. Mənim bildiyimə görə pullu işlər sırasında hazırda ilk üçlüyə torpaq, vəzifə satışı , dəllallıq daxildir.
- Amma məndə olan məlumata görə, bulka satışı da son vaxtlar çörəkli işlərə daxildir. Çünki bizdə bulka satanın hörməti alimin, müəllimin hörmətindən daha çoxdur.
- Deyirəm axı, hər yerdə bütün işlər dayanıb, böyüklər ancaq bu işlərlə məşğuldur.
- Qıza, nəyi qoyub, nəyi axtarırsan. Tikinti nədir, bu hökumət şəhərin mərkəzindəki bir çalanı doldura bilmir. Ötən yazımızda şəhər bələdiyyə sədri ilə yanaşı verdiyimiz çalanı görmüşdün də - üstündə də xəbərdarlıq payası. Az qala hər gün bura bir maşın düşür. Küçədə axşamlar işıqlar yanmadığı üçün toydan qayıdan qız-gəlinləri itlər qovur, onlar da qaranlıqda bir-iki dəfə bu çalanın xidmətindən istifadə edirlər.
- Qaldı ki, hakimlərimizə. Onlar da ki, pul üçün heç nədən çəkinmir, hətta azyaşlıları zorlayan bir neçə nəfərdən də pul qoparıb, sonra da böyüklərlə utanıb-qızarmadan çörək kəsir, bir süfrəyə əyləşib haqq-ədalət barədə söhbət edirlər.
- Onsuz da kitab-dəftəri çoxdan itirmişik. Bu il ölkəmizdən 3-4 min nəfər həccə getdi. O biri tərəfdən də məlumat yayıldı ki, 1000-dən artıq məzun ali məktəbə daxil olsa da, təhsil haqqını ödəməyə pulu yoxdur və ali təhsildən kənarda qalıblar. İsmayıllıda 12 yaşlı qız məktəbli çantası ala bilmədiyinə görə özünü asıb. Görəsən, həmin insanlara yardım etmək vacibdir, ya da yüzlərlə insana bozbaş ehsanı vermək.
- Mən bilən, dünyanın heç yerində ziyarətinə gedənlərin adının qarşısına Hacı, məşədiı əlavə edilmir. Axı, həccə gedənlər sırasında ingilis də var, rus da, erməni də. İndi onlara Hacı Ronaldo, Hacı İvan və sair deməyəcəklər ki. Amma bizdə adamlar adının qabağına hacı yazılmayanda dava edir, hətta bəzən Yanacaq Doldurma Məntəqəsinə də bu adı verib – Hacı Petrol deyirlər. Hacı adı daşıyanlar arasında o qədər yalançı, saxtakar, əliəyri tanıyıram ki...
- Bəs belələrini necə cəzalandırmaq olar?
- Bizim cəza növləri ilə heç nə alınmır. Gərək qurban olduğumuz Məhəmməd Peyğəmbərin dövründəki kimi edək. Həmin dövrdə yalançılıq və saxtakarlıq edənləri dəvəyə tərsinə mindirib bütün şəhəri gəzdirir, həmin adam da dəvənin zınqırovlarını cingildədə-cingildədə deyir ki, qələt eləmişəm, yalan danışmışam, saxtakarlıq etmişəm və sair.
- Bizdə bu cəzanı tətbiq etsələr, bilirsən nə qədər dəvə, zınqırov lazımdır?
Elcan Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10