Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İmtahanlardakı lazımsız tələblər ləğv edilsin, əvəzində…”



Almaz Həsrət: “Ümumi olaraq bütün ixtisaslar üçün eyni fənlərdən suallar verilir ki, bu da absurd bir məsələdir”

 

“Təhsil Nazirliyinin təşəbbüsü əsasında magistraturaya qəbulla əlaqədar təhlillər aparılır və gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların birmərhələli keçirilməsi müzakirə olunur”.

 

Bunu ötən həftə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Təhsil Nazirliyi tərəfindən magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğvi təklifinə münasibət bildirən Abbaszadənin sözlərinə görə, təkliflər aidiyyəti qurumlara göndərilib.

 

Sözügedən yeni təklifi şərh edən əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət, magistratura pilləsinə keçirilən imtahanların birmərhələli olmasının tərəfdarı olduğunu deyib: “Əlbəttə ki, ixtisaslı kadrların yetişməsi üçün bakalavr təhsil pilləsi ilə yanaşı, magistr təhsilinə də xüsusi diqqət yetirmək lazımdır. Lakin magistratura təhsili almaq istəyən tələbələr üçün cəmi bir imtahan da kifayət edə bilər. Belə ki, bu vaxta qədər magistraturaya qəbul prosesi iki mərhələdən ibarət idi. Birinci mərhələdə bakalavr təhsili alan tələbələrə Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən şərtlər qoyulurdu ki, tələbələr də bu şərtlərə cavab verməli idilər. İmtahanlar isə məntiqi təfəkkürün yoxlanılması, xarici dil bilikləri və informatika fənləri üzrə aparılırdı”.

“Lakin bu gedişat böyük bir boşluğun olduğunu göstərdi. Çünki bütün ali məktəblərdə magistraturaya qəbulun ilkin mərhələsində məntiq, xarici dil və informatika fənlərinin olması tamamilə yanlış bir addımdır. Belə olan halda universitetlərdə müxtəlif ixtisaslar olmasına baxmayaraq, bu ixtisasların təkmilləşdirilməsini kənara qoyub ancaq xarici dil, məntiq və informatika fənlərinin yüksək səviyyədə öyrənilməsi doğru deyil”, - A.Həsrət bildirib.

 

Ekspertin sözlərinə görə, xarici ölkələrdə bu prosesə fərqli istiqamətdən yanaşılır: “Belə ki, xaricdə magistratura pilləsinə tələbələr arasından yalnız ixtisasını mükəmməl bilənlər cəlb olunur. İxtisasını mükəmməl bilən tələbələr də ya bakalvr təhsili müddətində toplanılan ballarına uyğun seçilir, ya da orta dərəcəli zəifliyi olduğu təqdirdə, müəyyən müsabiqəyə qatılır və suallara cavab verərək magistraturaya qəbul olunur. Amma bizdə ümumi olaraq bütün ixtisaslar üçün eyni fənlərdən suallar verilir ki, bu da absurd bir məsələdir. Bu fənlərin yoxlanılması nəticəsində əldə olunan göstəricilər bakalavr məzununun magistr hazırlığının göstəricisi ola bilməz”.

 

“Magistarturanın birinci mərhələsi üçün tələb olunan bu fənlər, yalnız hazırlıq kurslarının inkişaf etməsinə köməkçi olan əlavə bir vasitədir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bakalvr pilləsində təhsil alan tələbələr, təhsilin sonuncu mərhələsində magistraturaya qəbul olmaq üçün məcburi şəkildə hazırlıq kurslarına üz tuturlar. Bu da o deməkdir ki, tələbənin yetişməsi üçün daha çox əhəmiyyət kəsb edən ixtisas qalır kənarda, DİM tərəfindən qoyulan şərtlərə cavab vermək üçün tələb olunan fənlər keçir ön plana. Bu isə tamamilə lazımsız və gərəksiz prosesdir. Çox təəssüf ki, buna diqqət yetirən yoxdur”, - o vurğulayıb.

 

Əməkdar müəllim təklif edirki, magistratura pilləsinin birinci mərhələsi, yəni bilik səviyyəsinin yoxlanılması üçün DİM tərəfindən məntiq, xarici dil və informatika fənləri ilə bağlı olan tələb ləğv edilsin: “Ən vacib və ən çox önəm daşıyan ikinci mərhələ, yəni ixtisaslaşma mərhələsi isə ön plana keçsin. Çünki birinci mərhələ yalnız və yalnız süni sürətdə kurslardakı tədrisin artmasına yönəldilmiş bir vasitədir”.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10