Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təhsil sistemində maraqlı yeniliklər tətbiq olunacaq



Ali təhsildə yararsız ixtisaslar çıxarılacaq, dual sistemə keçiləcək

 

“Beş ildən çoxdur ki, ali təhsil ocaqlarında karyera mərkəzləri var. Karyera mərkəzləri tələbələrin məşğulluq səviyyəsini araşdırır, onların iş bacaraqlarını öyrənir. Tələbələr praktika keçdikləri yerlərdə sonradan əmək fəaliyyəti ilə məşğul olurlar”.

 

Bu barədə Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Yaşar Ömərov açıqlama verib. Onun sözlərinə görə, əmək bazarında peşə təhsilli insanlara daha çox ehtiyac faktı var.

 

“Ali məktəblərdə hansı ixtisasa tələb olub-olmaması ilə bağlı monitorinqlər keçirilib. Bu qəbildən işlər Təhsil Nazirliyi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə aparılıb. 2015-ci ildən başlayaraq, Nazirliyimiz əmək bazarında olan ixtisasları araşdırıb, məlum olub ki, bəzi ixtisaslar dünya təcrübəsinə artıq cavab vermir. Bu səbəbdən ixtisasların yeni təsnifatı hazırlanıb və artıq Nazirlər Kabineti tərəfindən təsdiq olunub”, - TN rəsmisi bildirib.


Ömərov diqqətə çatdırıb ki, 2020-2021-ci il tədris ilindən bu ixtisaslar üzrə tədris başlayacaq: “Misal üçün, biotexnologiya yeni sahələrdən biridir. Ola bilsin ki, biotexnoloq ixtisası bir neçə təhsil müəssisəsində tədris olunsun.  Bu ixtisas qida, insan sağlamlığı, bioloji yeniliklərin cəmləndiyi sahəni birləşdirir. Bu səbəbdən hələlik qəbul planı ilə bağlı razılaşdırmalar gedir”.

 

“Ali təhsil müəssisələrində tədris, əsasən nəzəri biliklərə köklənib, tələbələrin praktiki hazırlığı paralel aparıla bilməzmi” sualına aydınlıq gətirən baş məsləhətçi deyib ki, praktika məsələsi uzun müddətdir ən çox müzakirə olunan məsələdir: “Ali təhsil müəssisələrində praktikaya ayrılan vaxtın artırılması yolunda təkliflər qiymətləndirilir. Tələbələrin məzun olduqdan sonra dərhal işə başlamasında maneələr yaranır. Buna səbəb işəgötürənlərin onlardan 3 ilədək təcrübə tələb etməsidir. Tələbə universitetdə daha çox nəzəri biliklərə yiyələndiyindən, bu, mümkünsüz olur”.

 

“Bu səbəbdən tezliklə bakalavr təhsilindəki 4 il müddətinin 1 ilinin təcrübəyə həsr olunması nəzərdə tutulur. İndi respublikada bir neçə ali məktəbdə dual təhsil sistemi tətbiq olunur. Bu da gənclərin nəzəriyyə ilə yanaşı peşə bacarıqlarına yiyələnməsinə imkan verir”, - deyə TN rəsmisi vurğulayıb.

 

Məlumat üçün qeyd edək ki, dünya təcübəsində ali təhsil müəssisələrində dual (paralel) təhsil sistemi tətbiq olunur. Bu sistemə görə, tələbə həftənin 3 günü nəzəri, 2 günü isə təcrübi tədrisə cəlb olunur. Belə olduqda, o, diplomunu aldıqdan sonra dərhal işlə təmin olunmaq şansı qazanır.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10