indi insanları təhsildəki nöqsanlarla təəccübləndirmək çətindir. Tutaq ki, haradasa şagird yoxdur, haradasa saxta attestat satılır, Bakıda, Moskvada və sair yerlərdə yaşayanlar burada müəllim kimi sənədləşdirilir və sair. Eləcə də yararsız məktəb binaları da təzə xəbər deyil. Hətta təhsil naziri özü etiraf edir ki, ölkə üzrə yüzlərlə məktəb yararsız binada yerləşir. Haqqında danışacağımız Məmmədoba məktəbi isə həmin məktəbin müəllimi Malik Qurbanovun yazdığına görə üzdəniraq özəllikləri ilə az qala bütün pis məktəbləri geridə qoyur.
Xatırladaq ki, Məmmədoba Masallının dağ ərazilərindən sayılan Tüklə Ərazi Vahidinin tabeliyində olan kənddir. Bu məktəbdə baş verən ürəkbulandıran işlər barədə elə həmin məktəbin müəllimi Malik Qurbanov redaksiyaya gələrək məktub təqdim edib.
Həmin məktubda nələrdən bəhs edilir?
Malik müəllimin yazdığına görə 50 ilə yaxın bu məktəbə rəhbərlik edən Ağayar Əliyev nəinki məktəbin həyətini, avadanlığını, hətta məktəbin pedaqoji kollektivini, dərs saatlarını, ələ keçən nə varsa hamısını özəlləşdirib.
Məktubdan sətirlər:
1,5 hektar sahəsi olan məktəb həyətində direktor övladları üçün 4 ev, tövlə və digər yardımçı binalar tikib. Ağayar Əliyevin bu binada yaşayan qohumları onlarla mal-qarasını məktəbin həyətində otardır. Mal-qaranın iyindən-qoxusundan siniflərə girmək mümkün deyil. Məktəbin ayaqyolusu olmasa da, direktorun yaxın qohumlarının məktəbin həyətində tikdiyi 4 ayaqyolunun qapıları
birbaşa sinif otaqlarına açılır.
Məktəbdə sənədləşdirmə işlərinin bərbad olduğunu demək direktor üçün tərif olardı, tam məsuliyyətlə deyirəm ki, bu təhsil ocağında sənədləşdirmə adına heç nə yoxdur. 47 il bu məktəbə rəhbərlik edən Ağayar Əliyevin özünün hansı təhsil sahibi olduğunu nəinki məktəbdə, heç təhsil şöbəsində bilən tapılmır.
Ağayar Əliyev direktorluqdan daha çox odunçuluq və heyvandarlıqla məşğuldur. Belə ki, o, oğlu Azərlə birlikdə özlərinə məxsus Volqa, Qazel maşınlarla gecə-gündüz meşəni viran edib, buradan odun və çilə daşıyıb satmaqla məşğuldur. 50 başa yaxın mal-qara saxlayan direktor məktəbə çox vaxt maldar paltarında, şəp-şəpidə gəlir. İnək sağmağı məktəblə məşğul olmaqdan üstün tutur.
Ağayar Əliyev övladları üçün oyuncaq təhsil ocaqlarından diplomlar əldə edərək, savadları, ixtisası oldu-olmadı məktəbdəki əksər dərsləri onların arasında paylaşdırıb. Onun oğlu Azər Əliyev latın qrafikasını bilmədiyi üçün dərs jurnallarını atası və bacısı yazır. Məktəbdə təsadüfən görünən bu adamın adına isə nə az, nə çox 21 saat dərs yazılır. Direktorun digər övladlarının da təxminən 21 saata yaxın dərsi var. Lakin ali təhsilli müəllimə cəmi 5 dərs saatı verilib
Ağayar Əliyevin digər övladı, qızı Şəhla Əliyeva da savadsızlığı ilə seçilir. Təbii ki, özü savadsız olduğu üçün sinfində olan uşaqlar da adlarını belə yaza bilmir. Bütün bunlar azmış kimi o məktəbdəki pedaqoji şuranın katibidir. Ağayar Əliyevin digər övladı, qızı Humay Əliyeva isə məktəb həmkarlar təşkilatının sədridir. Guya o ingilis dili üzrə orta ixtisas təhsillidir. Lakin ingilis dilində bir neçə söz belə bilmir və bu azmış kimi məktəbdə həm də Azərbaycan dili və ədəbiyyatını tədris edir.
Direktorun Bakıda yaşayıb işləyən Tural adlı oğlunun haranı bitirdiyi və məktəbdə hansı vəzifəni daşıdığı bilinməsə də, hər ay onun üçün son aylara qədər əmək haqqı yazılırdı.
Direktorun 5-cü övladı Səbuhi ruhi xəstə olsa da, məktəbin kitabxanaçılığı ona etibar edilib. Özünü idarə edə bilməyən bu şəxs dəfələrlə şagirdləri döyür və təhqir edir, hətta müəllimlərə hörmətsizlik göstərir.
Direktorun oğlanları həm də kənddə mal oğrusu kimi tanındığı üçün (bu barədə sübutlarım və şahidlərim var) valideynlərin çoxu uşaqlarını məktəbə qoymur.
Bunlardan əlavə direktorun arvadı məktəbin gündüz gözətçisi, 2 gəlini xadimə, 1 kürəkəni gözətçi, 1 kürəkəni laborantdır. Malik müəllimin yazdığına görə məktəbdə jurnalların çoxu yazılmır, əmr kitabına necə gəldi düzəlişlər edilir, hər hansı arxiv sənədini tapmaq mümkünsüzdür. Direktor həm də bildirir ki, bunları tək yemir, yuxarıların da haqqını verir. Mən qoca qurdam, onlarla başçı, təhsil müdiri yola salmışam. Heç kim mənə heç nə edə bilməz.
Malik müəllim :- Özünü kənddə Xudayar bəy kimi aparan Ağayar müəllim məktəbdə oğurlanması mümkün olan nə varsa-pəncərə şüşəsini, koridora vurulmuş metlaxları, komputeri, laboratoriya cihazlarını, 10 cildlik Azərbaycan ensiklopediyasını... oğurlayıb.
Ağayar Əliyevin ən böyük cinayəti, bəli məhz nöqsanı yox, cinayəti odur ki, kənddəki uşaqların yarıdan çoxunu təhsildən kənarda qoyub. Hansı valideynə xoşu gəlmirsə, onun uşağını məktəbdən qovur. Sənədləri olmadığı üçün həmin məktəblilərin heç birini digər məktəblərə qəbul etmirlər. Hazırda Məmmədoba kəndində 1600-ə yaxın əhali yaşayır. Kənddə məktəb yaşlı 80-ə yaxın uşaq olsa da, onların cəmi 32 nəfəri məktəbə cəlb olunub. 9 illik bu məktəbin hər sinfində 4-5 uşaq təhsil alır. Direktorun baş planı isə burada uşaqların sayını azaltmaq, məktəbi ibtidai təhsil ocağına çevirməkdir. Çünki məktəbin yuxarı siniflərində bir neçə nəfər ona qohum olmayan şəxs çalışır. Amma ibtidai məktəb olsa, məktəb tamamilə Ağayar Əliyevin qohumlarından ibarət olacaq. 70 yaşlı bu şəxs açıq bəyan edir ki, mən olmasam, bu kənddə məktəb də olmayacaq.
Şikayətçi bildirir ki, direktor işlədiyi 50 ilə yaxın müddətdə təhsil şöbə müdirlərini, digər rəhbər işçiləri pulla, bəzilərini mal-qara ilə... ələ ala bilib və nəticədə onun bəd əməlləri barədə edilən şikayətlərə heç bir rəhbər əhəmiyyət verməyib.
P.Ş. Yazı çapa gedən ərəfədə məlumat aldıq ki, Məmmədoba kənd əsas məktəbinin direktoru nəhayət vəzifəsindən azad olunmaq barədə ərizə verib. Şikayətçilərin dediyinə görə, yeni təhsil şöbə müdirini ələ almaq cəhdləri baş tutmayıb. İndi bir neçə gündür direktordan möhürü, rəhbərliyə aid digər sənədləri ala bilmirlər. Məktəb kollektivinin tələbi isə təkcə Ağayar Əliyevin işdən azad edilməsi yox, həm də onun məktəb həyətində inşa etdiyi evlərin, tövlələrin, ayaqyoluların sökülməsidir.
Mən həmin məktəbə də gedib, yazılanların həqiqət olduğunun şahidi oldum. Belə ki, üstündə Laboratoriya yazılan otaq təzəklə, digər sinif otağı isə samanla dolu idi. Üstündə 4-cü sinif yazılan otaqda cəmi 1, digər otaqda isə 2 parta var idi. Başqa bir otaqda isə sinif jurnalları hara gəldi atılmışdı. Məktəbin həyətində xeyli it olduğu üçün bütün ətrafı dolaşmaq olmadı. Direktora bir neçə dəfə telefon açsaq da, onunla danışmağa müvəffəq olmadıq. Həmin günün axşamı qəzetin baş redaktoru Zahir Əmənov Ağayar müəllimin də fikrini öyrənmək üçün ona telefon açdı. Z. Əmənovun dedikləri:
- Şikayət məktubu haqqında ona məlumat verən kimi bildirdi ki, məktubu yazanlar qələt edir. Onlar hamısı böhtançıdır, mənə şər atırlar. Ağayar müəllim öncə bildirdi ki, tikdiyi evlər üçün müvafiq orqanlardan aldığı sənədlər, bundan əlavə məktəbin yaxınlığında onun 1,9 sot payıbəlli torpağı var. Daha sonra əlavə etdi ki, şikayətçi Malik Qurbanov özü aylarla məktəbdə olmur və buna görə ona cəza verib əmək haqqından tutmuşam. Malik Qurbanovun atası kənddə bələdiyyə sədri olanda çoxlu qanunsuzluqlar edib. İndi də Malik müəllim plan tutub ki, məni bu vəzifədən uzaqlaşdırıb, öz adamını həmin vəzifəyə təyin etdirsin. Onun dedikləri tamamilə böhtandır. Mən bu şikayətlərdən bezib yanvarın 22-də ərizə verdim ki, yaşlaşmışam, səhhətimə görə məni daşıdığım vəzifədən azad edin. Lakin sonradan mənim üçün qurulan oyunları görüb ərizəmi geri götürmək istədim. Buna görə bu il fevralın 3-də təzədən poçt vasitəsilə Təhsil Şöbə müdirinə təkrar ərizə yolladım ki, səhhətim yaxşılaşıb, ərizəmi geri götürüb, yenə də çalışdığım vəzifədə qalmaq istəyirəm.
Şikayətçinin məktubundakı digər məlumatları araşdırmaq isə mümkün olmadı. Belə ki, Ağayar müəllim biləndə ki, onun fikirləri ilə yanaşı şikayətçilərin də yazdıqları qəzetdə çap olunacaq, necə deyərlər, açdı gül ağzını. Hər kəlməbaşı O qələt eləyir, bu qələt eləyir, bunları yazsanız qəzeti gözünüzə soxaram və sair hədələyici ifadələr işlədib digər yazılanlara aydınlıq gətirməkdən imtina etdi.
P.S. Hələ də çoxları təəccüb içindədir ki, son 50 ildə rayonun 10-15 kilometrliyində yerləşən məktəbdəki rüsvayçılıqdan rayon rəhbərləri xəbər tutmayıb. Görəsən, Masallıda, eləcə də qonşu rayonlarda daha neçə belə əndrəbadi məktəblər var?
P.S. Bütün yazılanlarla yanaşı qarşı tərəfin sözü olarsa, yenə də qəzetdə onlara yer ayırmağa hazırıq.