Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahir ƏMƏNOV : “Baxıram dünyanın bu gərdişinə...”


Zahir Amanov
Bu günlərdə 60 yaşım tamam oldu. Əvvəlki illərdə, daha dəqiq desək, 40-50 yaşımın tamamındakı kimi ...



















Bu günlərdə 60 yaşım tamam oldu. Əvvəlki illərdə, daha dəqiq desək, 40-50 yaşımın tamamındakı kimi ancaq ailə üzvlərimizlə yığışıb bunu “rəsmiləşdirdik”. Digər ailə üzvlərimizin ad günündə olduğu kimi babalı-nəvəli əzizlərimizin qəbri üstünə gedib onları yad etdik.
Əzəldən ad günümü təntənəyə çevirmək marağında olmamışam. Ona görə yox ki, imkan və şərait olmayıb. Sadəcə, buna lüzum görməmişəm. Bu dəfə də təkidlə təşkilatçılıq və sponsorluq etmək istəyənlər kifayət qədər idi. Hətta bizə səmimiyyətini ifadə etmək üçün bu münasibətlə köşə yazan qələm dostlarımız da var idi. Lakin bir çox yubiley mənzərələrini xəyala gətirəndə - hərə 5-10 tərif deyib, sonra sənə köynəkdən, saatdan-filandan bir şey bağışlayır, sən də səhnənin ortasındakı kresloda xüsusi poza verib xumarlanır, dəcəl uşaqlar demişkən, şellənirsən – belə haqlı qərarı qəbul etdiyimə sevinirəm.
Bəs bu yazını niyə yazıram? Düzü yubiley günündə çoxlarından qaçsam da, özümdən qaça bilmədim. Bəzi məqamlar məni çox duyğulandırdı. Məhz həmin duyğuların bəzilərini oxucularla paylaşmaq istədim.
Bu yubiley günündə özümlə “haqq-hesab” çəkdiyim anlarda etdiklərimdən daha çox, etmədiklərim, edə bilmədiklərim, sevdiklərimdən daha çox, sevə bilmədiklərim, özümü sevdirə bilmədiklərim yadıma düşdü. Səhvlərimi, yanlışlarımı, günahlarımı daha çox xatırladım.
Məmməd Arazın “Mən müqəddəs ata adı saxladım, Vicdanımı ovuclara sağmadım” misraları yadıma düşdü. Özüm üçün tam aydınlaşdıra bilmədim ki, mən bir ata kimi həmin müqəddəsliyin hansı pilləsinə qədər ucala bilmişəm.
Məmməd Arazın başqa bir şeirindəki:
Məni mən olanlar tez duyar, anlar.
Dünyada nə qədər yalançı varmış.
Həyatda özünü aldatmayanlar
Dünyada ən böyük yalançılarmış,-
misraları ilə həmin suala cavab axtarsam da, bu da faydasız oldu.
Əvvəllər də yazmışdım ki, son onilliklərdə mənim ən yaxın dostumun da, ən yaxın düşmənimin də ünvanı bir olub – bu, rəhbərlik etdiyim qəzetdir. Yəni bu qəzet mənə çoxlu dost da qazandırdı, düşmən də. Tanışlarım çox olub. Rəhbərlik etdiyim redaksiyanın qapısı bura gələnlər üçün də, buradan “uçub gedən”lər üçün də həmişə açıq olub. Xəyanətləri, badalaqları, pisliklər də az görmədik. Eləcə də, tərifləri də az eşitmədik.
Bizi kəskin tənqidi yazılarımıza görə Mirzə Cəlillə, Sabirlə müqayisə edənlər də oldu. Lakin belə deyənlərin özündən, yaxınlarından tənqid yazan kimi həmin şəxslər az qala bizi Cinlə, Şeytanla müqayisə etdilər.
Təzyiqləri, şantajları xatırlasaq, gərək böyük bir siyahı tutaq. Qazancımız şəkərli diabet, əsəb, bir-birindən narahat günlər, ... oldu.
Yardımlıda oxucularla görüşdə eşitdiyimiz “Siz yatmış vicdanları oyadırsınız” kəlmələri bəzi anlarda təsəllim olsa da, heyf ki, xeyli çalışsaq da, bir çox vicdanları oyada bilmədik. Bu pisliklər, nadanlıqlar içində çoxlarının qəlbinə heyf ki, işıq salmaq da mümkünsüz oldu.
Bəzən qəzetimizi qorxusundan paçalarının arasında oxuyanlar bizə cəsarət dərsi versə də, hacı, ziyalı adının arxasında gizlənib xeyli murdarlıq etmiş, özünü xərcləyib qurtarmış, iliyinə qədər nimdaşlaşmış, polüşkəmiş bəzi şəxslərin də əhatəsindən tam çıxmağa nail ola bilmədik.
İnsanlar var, çox cəhd etsək də, onları sonadək kəşf etməyi bacarmadıq. Sevdalar var idi, sonadək kam almaq qismətimiz olmadı. Özümüzə çox şeyi qadağan etməsək də, bir çox qadağalara boyun əyməsək də, bizi sındırmaq istəyənlərlə döyüşdən həmişə qalib çıxsaq da, şair demişkən, “satılmayıb baha qalsaq da”, bir çox nadanlar, maskalılar qəlbimizi çox ağrıtdı.
Oxucu qıtlığı çəkməsək də, bəzən müəllif qıtlığı çəkdik. Kimi qorxusundan, kimi səriştəsizliyindən, kimi eqoistliyindən bizdən kənar qaçdı. Bəzən bütün qəzetin yazılarını təkbaşına hazırladım. Bütün yazıların müəllifi özüm olsam da, birinə Sərraf, birinə Məlahət, birinə Aynur, birinə Elcan imzaları qoymağa məcbur oldum.
Rüstəm Behrudinin dili ilə desək, “şəhər adamla dolu olsa da, bəzən danışmağa adam tapmadıq”.
Qəzetin mənə ən böyük köməyi isə o oldu ki, “xalqın içinə” daha çox gedə bildim. Az qala cəsarət mücəssəməsi saydığım bəzi insanların necə cılız, cücə düşüncəli qəlbli olduğunu, maskaları yırtıldıqca bir çox “mələklərin” necə iyrənc, dəhşətli olduğunu görüb heyrət etdim ki, gör taleyimizi kimlərə tapşırıblar. Müəllimliyə layiq olmayan təhsil şöbə müdiri olur. Rəhbər kürsüdə “qara atmaqla” gümrahlığını qoruyan bizə əxlaq dərsi verib, bəzi “mama rozalar” bizə qeyrət və namusdan “mühazirələr” oxuyub.
Yavaş-yavaş ayrı-ayrı fərdləri günahlandırmaqdan vaz keçib “bu bizik” qənaətinə gəldik. Hərə fərasətsizliyinə, cəsarətsizliyinə bir cür don geyindirdi. Kimisi başqalarının nöqsanlarına sığınıb xal qazandı, kimi başqasının bir tula payına görə bizə çirkab tulladı.
Lakin ruhdan düşmədik. Çünki güclü idik. Gücümüz isə onda idi ki, itirməkdən qorxmurduq, məqamı gələndə risk etməkdən çəkinmirdik. Bu illərdə mənə dayaq, dəstək olan, inam verən dostlar da az olmadı. Adlarını çəkib bəzilərini xataya salmaq istəməsəm də, hamısına ürəkdən “sağ olun” deyirəm.
Lakin bütün olub keçənlər üçün peşman deyiləm. İndi qarşımda, 60 yaşın kandarında (hansı ki, bu yaşın son 20-30 ilinin bir anını da qəzetsiz təsəvvür etmək çətindir) 300-dən artıq qəzetimizin nüsxələrini varaqlaya-varaqlaya məşhur, ənənəvi: “Yenidən dünyaya gəlsə idin, hansı sənəti seçərdin?”- sualını öz-özümə verib və tərəddüd etmədən də cavablandırardım: “Bütün ağrılarına, əzablarına baxmadan jurnalistikanı”.

Zahir ƏMƏNOV Əbiş oğlu.

1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub.
1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. Region oxucularının geniş marağını nəzərə alaraq 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir.
Rəhbərlik etdiyi qəzet 2002-ci ildə RUH Jurnalistləri Müdafiə Komitəsi tərəfindən
"İlin ən mübariz regional qəzeti" elan edilib.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirtdiyi müsabiqənin 1 dəfə 1-ci. ("Ünvanı səhv düşən ünvanlı yardımlıar, yaxud sübut et ki, kasibsan"), 1 dəfə isə 2-ci ("Əyalət mətbuatı və aşkarlıq") mükafatına sahib olub.
Cənub bölgəsinin problemlərindən yazdığı yazılara görə 2004-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına layiq görülüb.
Beynəlxalq Jurnalistika Mərkəzinin insan alveri ilə bağlı keçirdiyi müsabiqədə isə "Ay alan, insan satıram" yazısının görə qalib kimi Polşaya və Gürcüstana Beynəlxalq təcrübəyə göndərilib.
Həmçinin Litvada. Ukraynada və ABŞ-da beynəlxalq təcrübə keçib.
Rəhbərlik etdiyi qəzet müxtəlif vaxtlarda
"İnternyus-Amerika", " İnternyus-Azərbaycan", SOROS, "Yeni Nəsil" Jurnalistlər Birliyinin, ABŞ-ın NED təşkilatının layihələrin reallaşdırıb.
"Yeni Nəsil" Jurnalistlər Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin cənub bölgəsi üzrə koordiatorudur.
Müxtəlif vaxtlarda Turan, APA agentliklərinin, "GÜNSəhər", "Azadlıq" və digər qəzetlərin cənub bölgəsi üzrə müxbiri olub.
2012-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin elan etdiyi müsabiqədə ölkə üzrə region qəzetləri arasınada “İlin qəzeti” mükafatını qazanıb.
Ailəlidir. 2 qızı. 1 oğlu var.




























































































Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10