Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünya poeziyasından seçmələr-Qismətin təcüməsində



Puşkin. Pindemontidən.

Ali, uca qaydalar kimə verir-versin həzz,
Məndən ötrü o şeylər qara qəpiyə dəyməz.
Vergilərə etiraz eləmək səadəti – 
qismətimdə yox imiş, incimirəm mən qəti.
Çarların saçyoldusu məni etmir narahat,
Vecimə də deyil heç azaddımı mətbuat.
Axmaqlar aldanırlar, senzuramız həssasdı;
Nə vecimə senzorlar jurnala nəyi basdı.
Bütün bunlar, bilirsiz, sözdü, sözdü, təkcə söz.
Başqa şeylər gözümdə daha doğma, daha düz;
İstəyir çara əyil, istəyir xalqa sığın,
Mənim üçün əzizdir mənim öz azadlığım.
Fərqi varmı mənimçün? Qoy canları sağ olsun.
Şairin üzü gərək öz yanında ağ olsun,
Əyilməsin heç kimə – nə hakim, nə əyana,
Şair gərək özünün vicdanına inana.
Təbiətdən ruhlanmaq, onu heyrətlə süzmək-
Gəzmək öz kefin üçün, min cür diyarı gəzmək.
Titrəyib coşmalıdır insanın ruhu ancaq,
Sənətin və ilhamın həzzini anlayaraq.
Bax budur xoşbəxtlik! Budur qanun-haqq…

 

Cefri Çoser. Pul kisəsinə giley

 

Ey əziz pul kisəsi, gileyimlərim sənədir,

Sənsən axı sevgilim, başqasına baxmaram!

Nə gizlədim, kefsizəm, yüngüllüyün nədəndir?

Ağırlaşsan o saat duaya bel bağlaram,

Baxmaram ki, ağırsan, tez səni qucaqlaram;

Sığınıram tək sənə, gözlərimi qoyma yaş,

Qatilim olma mənim, yalvarıram ağırlaş.

 

Mənə bir az kömək ol, dolu görünsün için,

Gözəl səslər eşitsin yenidən qulaqlarım,

Günəş kimi parlasın iki gözümdə çin-çin,

Çoxdandır görmədiyim qızıl-qızıl dostlarım;

Qəlbimin sükanı ol, ay dövlətim, ay varım,

Ay rahatlığın şahı, ay doğma, yaxşı qardaş,

Qatilim olma mənim, yalvarıram ağırlaş.

 

Sənin kimi kisəni heç yerdə görməmişəm,

Kisələr işıq saçar, köməklik eləyərdi.

Məni xilas etmədin, borca-xərcə düşmüşəm,

Havadarım olmadın, indi halım betərdi,

Pulum yaman azalıb, keşiş saçı qədərdi.

Yetər, ağzın açılsın, comərd ol yavaş-yavaş.

Qatilim olma mənim, yalvarıram ağırlaş.

 

 

Rene-Sülli-Prüdom.  

(1901-ci il Ədəbiyyat üzrə Nobel mükafatçısı)

Sınıq güldan

Solmaq üçün gəlirlər bənövşələr güldana,
Neçə bənövşə ömrü büllur güldanda bitdi.
Qəfildən bir yelpiyin havası dəydi ona,
Nə gözlər gördü bunu, nə qulaqlar eşitdi.

Güldanın sinəsində vədəsiz qonaq – sınıq,
Hər gün yedi güldanı, müftə nahar elədi.
Böyüdü, güclü oldu dünənki uşaq – sınıq,
Güldanın torpağını tamam işğal elədi. 

Güldanın təmiz suyu axıb yox oldu belə,
Tər kimi bənövşələr qurudu yarpaq-yarpaq…
Maraqlanmadı heç kim güldanın dərdi ilə,
İndi ona dəyməyin, dəysəniz qırılacaq. 

Elə bu cür olurmuş məhəbbət səhvlərimiz – 
Fərqinə də varmırıq qırmışıq bir ürəyi… 
Ürək belə qırılır, sakit, səssiz-səmirsiz,
Göz açıb-yumanacan solur sevgi çiçəyi.

Ötüb keçər gündüzlər, ötüb keçər axşamlar; 
Yara gizli böyüyər, çarəmiz  qalar “ah”a,
Sonradan başa düşər, peşman olar adamlar,
Büllur könül qırılar… düzəltmək olmaz daha.

 

Tellər

 

Mən dünyanı sevsəm də, sıxılıram dünyada,

Sıxır məni bu dünya, elə bil ki, qəbirdir.

Sevirəm bu dünyanı, lap köləsi olsam da,

Dünya min-min qandaldır, dünya min-min zəncirdir.

 

Vuruldum bu dünyaya, valeh oldum həmişə,

Gah işıqda dolaşdım, gah zülmətə çəkildim.

Qızıldan şüalarla zəncirləndim günəşə,

İşıqdan iynələrlə ulduzlara tikildim.

 

Doğulandan nəğməyə, şeriyyata qul oldum,

Təravətli çiçəktək nəğmə yığdım ovcuma.

Əzəldən şeir kimi gülənlərə vuruldum,

Zəncirlədim öpüşlə dodağımın ucuna.

 

Bu tellərdən asılıb bunca yaşanan illər,

Mən sevirəm onları, bu ki qəbahət deyil.

Azca titrəyən kimi bu zərif, kövrək tellər,

Özümdən bir parçanı itirirəm elə bil.

 

Byörnstyerne Martinus Byörnson. 

(1903-cü il Ədəbiyyat üzrə Nobel mükafatçısı)

Ağac

Ağacın yarpağı yaşıllaşırdı,

Baharın nəfəsiylə.

“Əlindən alım?” – dedi,

Şaxta soyuq səsiylə.

Kökdən yarpağacan titrəyən ağac,

”Dəymə,” – dedi, birtəhər,

“Pöhrələrə əl vurma,

Çiçəkləyənə qədər.”

 

Ağacın çiçəyi tumurcuqladı,

Quşlar nəğmə dedi buna sevincək.

“Əlindən alım?” – dedi,

Qəfil sərsəri külək.

Ağac “Dəymə,” söyləyib,

Titrədi yarpaq-yarpaq.

“Gəl, dəymə tumurcuğa,

Hələ çiçək açacaq.”

 

Yazın ortasında bar verdi ağac.

Bir uşaq soruşdu: “Yığa bilərəm,

Sənin bəhərini, gözəlim ağac?”

Əydi budağını, “Əlbəttə,” – dedi,

“hər şey səninçündür, qollarını aç.”

 

Vole Şoyinka.

(1986-ci il Ədəbiyyat üzrə Nobel mükafatçısı)

 

Telefon söhbəti

 

Qiyməti münasib idi. Yeri də

pis deyildi. And içirdi sahibə

evi tamamilə sənə verirəm. Bircə

etiraf qalırdı: “Madam, məncə,

deməliyəm: mən Afrikalıyam.”

Sükut. Çətin vəziyyətə düşmüş tərbiyəli adamın

sükutu və nəhayət qızıl dişlərin, boyalı dodaqların

arasından gözlənilməz bir sual qopdu:

“Rənginiz nə qədər tünddür?… Yanlış eşitməmişdim.

“Açıq, yoxsa lap qara?” İki düymə: A və B, bir də

güclə dürtüldüyüm telefon köşkünün havasızlığı.

Qırmızı köşk. Qırmızı poçt qutusu. Asfaltı əzib keçən

iki mərtəbəli qırmızı avtobus. Bəli, bunlar gerçək idi.

Utanc içində təslim oldum kobud sükuta

və nə demək istədiyini soruşdum təəccüblə.

Mənə kömək etməyə çalışıb vurğusunu dəyişdi:

“Yəni tünd qarasınız, yoxsa açıq?” Başa düşdüm.

“Demək istəyirsiniz ki, südsüz şokoladla südlü şokolad kimi?”

Elmi həqiqəti bildirən tonla verdiyi müsbət cavab quruluğu ilə

əzici idi. Özümə gəlmişdim artıq, tezcə

“Qərbi Afrika sepyası kimi” – dedim və əlavə etdim sonra:

“Pasportumda belə yazılıb.” Rəngi təhlil etmək üçün

qısa bir sükut, sonra mədəni şivəsi ilə həqiqəti etiraf etdi,

səsi doldu telefona: “Bu nə deməkdie?” Boynuma aldım:

“Bilmirəm nə deməkdir.” “Qumral kimidir.”

“Deməli tünddür, elədi?” “Tamam yox,”

“Üzüm qumraldır, amma, madam, başqa yerlərimi də

görməlisiniz. Ovcumun içi ilə dabanlarıma

oksigen sarısı demək olar. Amma yanbızım – axmaqlıq edib

oturduğum üçün – sürtülə-sürtülə kömür qarası olub. Bir dəqiqə, madam!

Hiss etdim ki, dəstəyi yerinə çırpacaq, yalvardım: “Madam,

öz gözlərinizlə görmək istəməzsiniz?”   

 

 

Konstantinos Kavafis. 

 

Selevkidin narahatçılığı

 

Selevkid Demetri biləndə ki,

Ptolomey İtaliyaya səfil vəziyyətdə

gedib çıxıb, yaman narahat oldu.

Cəmi-cümlətanı üç-dörd köləylə,

cır-cındır içində və piyada!

Soyları rüsvay oldu,

dilə-dişə düşdülər artıq Romada.

Selevkid əslində bilir ki,

bir növ romalıların qulluqçusu

vəziyyətinə düşüblər,

bilir ki, taxtlarını öz istədikləri kimi,

keflərinə necə düşürsə, eləcə

birindən alıb başqasına verirlər.

Amma heç olmasa görüntüdə də olsa,

pis-yaxşı hörmətlərini qorumalıdırlar.

Hələ də kral olduqlarını, onlara hələ də

kral deyildiyini (heyhat!) gərək unutmasınlar.

 

Selevkid Demetri buna görə də çox üzüldü

və tezcə Ptolomeyə bənövşəyi paltarlar,

dəbdəbəli tac, qiymətli qır-qızıl,

xeyli qulluqçu ilə müşayiətçi və ən seçkin

atlarını göndərdi. Göndərdi ki, Romada

İskəndəriyəli bir hökmdara

yaraşan şəkildə təqdim etsin özünü.

 

Amma dilənmək üçün gələn Lagid öz işini

bilirdi, rədd etdi ona təklif olunanları.

Qəti ehtiyacı yox idi bu cür dəbdəbəyə.

Romaya boynubükük və cır-cındır paltarlarla

gedərək yoxsul bir ustanın evinə qonaq düşdü.

Sonra da, daha təsirli dilənə bilmək üçün

bir qərib kimi, yoxsul bir adam kimi,

çıxdı senatorların qarşısına.

 

(1915)

 

İkindi günəşi

 

Çox yaxşı tanıyıram bu otağı.
İndi, bitişik otaqla birlikdə
ofislərə kirayə verilir.

Bütün bina tacir,
simsar və şirkətlərin ofisinə çevrilib.

Ax, bu otaq nə qədər tanış gəlir!

Burada, qapının yanında bir divan vardı,
qabağında bir türk xalçası.
Bir az qabaqda, iki sarı güldanın olduğu rəf
və sağda, yox qarşı tərəfdə, aynalı dolab.
Ortada, yazı yazdığı masa ilə
üç böyük həsir kətil.
Pəncərənin yanında isə dəfələrlə
sevişdiyimiz yataq.

Zavallı əşyaları harasa aparıblar.

Yataq pəncərənin yanındaydı,
ortasınadək düşürdü ikindi günəşi.

…Bir ikindi vaxtı,

saat təxminən dörddə ayrılmışdıq
bircə həftəliyinə…

Əfsus ki,
heç cür bitmək bilmədi o həftə.

(1919)

 

Robert Vilyam Servis. Cafe comedy

 

Qadın

 

Gəlmir gələcək ərim, gəlməsə duracağam,

Hələ ki, baxmamışam üzünə, göz-qaşına.

Demişəm ki, qırmızı qızılgül vuracağam,

Paltomun yaxasına, ürəyimin başına.

 

Gülü görüb biləcək axtardığı qız mənəm,

“İyirmi üç yaşım var.” – belə yazmışam ona.

Kaş yalan deməyəydim, lap külbaşın biriyəm,

Görən məni görəndə nə deyəcək o buna?

 

Mən axşam qəzetinə belə elan vermişdim:

“Ər axtarır tənha qız.” – arsızlıqdı, razıyam.

Sonra özüm özümə qəhqəhəylə gülmüşdüm,

Həm də ki, ağlamışdım, neyləməli, tənhayam…

 

Otuz doqquz yaşım var, ümidsizəm nəyi var,

Nə qədər ki, gec deyil, ev, uşaq istəyirəm.

Daha cavan deyiləm, ötüb gedib o qatar,

Gülü atıb gedimmi? Yox, hələ dözməliyəm.

 

Artıq bir saat keçib, gözləyirəm mən hələ,

Çox rahat olmalıydım, amma qəmginəm yaman.

Onu görmək istərdim, səbəbsiz, elə-belə,

Ah çəkib demək üçün: “Budur sevdiyim oğlan.”

 

Ax həyat, zalım həyat, kədərin yaman çoxdu,

Qarson, kremli qəhvə. Söz yox “əşşi”dən başqa.

Artıq saat doqquzdu, bir gəlib-gedən yoxdu,

Yan masada oturan qoca kişidən başqa…

 

Kişi

 

Saat artıq doqquzdu, o gəlib çıxmalıydı –

saat səkkiz tamamda; nədəndi gecikməyi? 

Paltosuna qırmızı qızılgül taxmalıydı,

Mən isə öz yaxama tər-təzə qızçiçəyi…

 

Ha baxıram görmürəm o qızdan bir əlamət,

Dəyişmək vaxtı çatıb bu ixtiyar eynəyi.

Ancaq dəqiq bilirəm gül taxmasa o afət,

Ürəyim tanıyardı o sevgili mələyi.

 

Ax biz yaşlı kişilər, yalançıyıq yamanca!

Guya kişi qocalmır, bu nə axmaq qürurdu.

Ona şəkil yolladım, mən gicbəsər, səy qoca,

Tələbəlik şəklimi, onda saçım dururdu…

 

O bahar üzlü qızsa, bir ayrı cür afətdi!

Niyə yalan danışdım? Odlara yansın dilim.

Yaxamdakı çiçəyi gizlətmək məsləhətdi,

Nə qədər ki, gec deyil durub burdan əkilim.

 

Gəlmir mənim qadınım, doqquzu keçib saat,

Biz qocalar axmağıq, yaxşısı gedim evə.

Bir fotoya vurulmaq… nə gülməli əhvalat!

Qarson, bakalım boşdu, mənə bir dənə pivə…

 

Bu da son, evə gedib bir dəmli çay içəcəm,

Bir iş tapıb başımı birtəhər qatacağam.

Əsl filosof kimi tənbəkiyə keçəcəm,

Bu axmaq siqareti biryolluq atacağam.

 

Dilxordular yazıqlar, vaxt da cəlladdı sanki…

Ümidlə uzadırlar qəhvə, pivə içməyi.

Ətrafa boylananda qəfildən gördülər ki,

O tayda qızılgüldü, bu tayda qızçiçəyi…

Baxışlar sataşanda, qərq oldular sevincə,

Gözlərinə nur gəldi, üzləri gözəlləşdi.

Bu iki yalançının həmin adamsız gecə,

Dodaqları, ürəyi, gələcəyi birləşdi.

 Tərcümə: Qismət






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10