Onun dediyinə görə, ticarət mərkəzini Rusiyada qazandığı pullarla alıb. İndi Ə. Bəhramov bankdan kredit götürmək istəyir. Bank isə ona kredit vermək üçün girov kimi daşınmaz əmlakının qeydiyyatdan keçən sənədlərini tələb edir.
Ə.Bəhramov:- Əmlakın alqı-satqısı zamanı bizə verilən sənədləri qeydiyyata almaq üçün Əmlak Məsələsi Dövlət Komitəsiinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə təqdim etdik. Bəhanə gətirdilər ki, əmlakın hasarı Bakı-Astara yolunun yaxınlığında yerləşir. Əmlakı Fövqəladə Hallar Nazirliyi də qeydə almalıdır. Bəhanələrinə son qoymaq üçün biz həmin hasardan imtina etməyə hazırıq. Sovet dövründə inşa edilmiş obyekti hansısa nazirliyin qeydiyyatına salmaq isə məntiqə uyğun deyil. Bu binanı dövlətdən satın almışamsa, deməli bina qeydiyyatda olub. Həm də qanunda belə bir hal nəzərdə tutulmur. Bu dəfə dedilər ki, 8 min dollar rüşvət verin, qeydiyyatdan keçirək. Bu işi pulsuz edə bilmərik. İndi adamdan rüşvəti gizli yox, açıq alırlar, heç kimdən qorxmurlar.
Ə.Bəhramov bununla bağlı Astara rayon məhkəməsinə müraciət edir. Yerli məhkəmə 17 avqust 2009-cu il tarixdə bu işə baxır və iş adamının iddiası təmin olunur. Məhkəmənin sənədlərində deyilir: İddia qanuni və əsaslı olduğundan təmin edilməli, iddiaçının şəxsi mülkiyyət hüququ əsasında özünə məxsus torpaq sahəsi üzərində eyni əsaslarla, özünə məxsus tikinti kompleksində apardığı planlaşdırma və genişləndirmə DƏDRX-nin Lənkəran Ərazi İdarəsində qeydə alınmasına dair tələbi təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bəhramov Hüseynağa İbrahim oğlunun Astara şəhəri, Nərimanov küçəsi, 375 saylı ünvanda yerləşən şəxsi mülkiyyətində olan 1 hektar torpaq sahəsində mövcud olan Savalan Ticarət Mərkəzinin əsasında aparılmış planlaşdırma, yenidənqurma ilə əlaqədar tikilmiş 1868 kv.m daşınmaz əmlakın qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin yanında DƏDRX-nin Lənkəran Ərazi idarəsinə həvalə edilsin. Məhkəmənin hakimi İsmayıl Abdurəhmanov.
Lakin məhkəmənin qətnaməsi bu günə qədər yerinə yetirilməyib.
Ə. Bəhramovun vəkili Novruz Hacıyev:
-Məhkəmədə cavabdeh tərəfdən Hicran Məmmədov adlı şəxs iştirak edirdi. O məhkəməyə tutarlı bir fakt təqdim edə bilmədi. Reyestr xidməti haqqında qanunun 15-ci maddəsində obyektin qeydə alınmamasının səbəbləri açıq göstərilir. Bu səbəblərin heç birisi iş adamına aid deyil. Başa düşmək olmur ki, Lənkəran Ərazi İdarəsi obyekti nə üçün qeydə almır.? Özümüz də bu işə məəttəl qalmışıq.
Əmlak Məsələsi Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Lənkəran Ərazi İdarəsinin nümayəndəsi Hicran Məmmədovun bildirdiyinə görə Savalan Ticarət Mərkəzinin qeydə alınmamasının səbəbləri var. O eyni zamanda zarafatla söylədi ki, belə obyektləri 20 min dollara qeydə alırdılar. Bu rəqəm indi 8 minə düşüb.
Reyestr xidmətinin Lənkəran Ərazi idarəsinin rəisi Nazim Məmmədov isə bizə bildirib ki, Savalan Ticarət Mərkəzinin ətrafında gedən mübahisələr ondan əvvəlki rəisin dövrünə təsadüf edir. İndi bu iş Apellyasiya Məhkəməsindədir. Kimin haqlı olduğunu məhkəmə deyəcək. Rüşvətə gəldikdə isə bu yalandır.
Ə. Bəhramov deyir ki, Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsini məhkəməyə verəndən sonra Savalan Ticarət Mərkəzinə yoxlamaya gələnlərin ardı kəsilmir. Bir ayda 32 nəfər onların obyektini yoxlayıb. Hətta ona sudan istifadə etdiyi üçün 3 min manat cərimə yazıblar. Elə bil ki, bu idarələr əlaqəli işləyirlər. Rüşvətlə bağlı yazılmamış qanunları pozan adamı bu yolla məhv edirlər. Rusiyada zəhmətlə qazandığım pulları Azərbaycanda yatırım qoyduğum üçün peşmanam .