Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

12 qardaş olub yola düzəldik


Ermənilərin “soyqırım” iddialarının 100 illiyini böyük hay-küylə qeyd etməsi Türkiyə hökumətini də hərəkətə keçirtdi. Ədavəti qızışdırmamaq, bölgədə sülhü daha da möhkəmləndirmək üçün ermənilərin bir çox vəhşiliklərini qulaqardına vuran, hətta bunu dilə gətirməyi özünə yaraşdırmayan Türkiyə ermənilərin qondarma iddialarının ayaq alıb yeridiyini, dünyanın 20-dən artıq ölkəsinin soyqırımı tanıdığını görüb daha ciddi addımlar atmağa başladı. Məhz bu tədbirlər çərçivəsində bu il may ayının ilk ongünlüyündə ölkənin 12 jurnalistinin Türkiyənin şərqinə - Ərzurum-Qars istiqamətinə səfəri təşkil olunmuşdu.
Səfər Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi, Mətbuat Şurası, TİKA, KİVDF, TRT və “Anadolu” agentliyinin Bakı nümayəndəliklərinin ortaq layihəsi olan Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Layihəsi (TAMEP) çərçivəsində həyata keçirilirdi. Səfərin məqsədi 1915-ci il hadisələrinin izlərini daşıyan bölgələrdə erməni zülmü ilə bağlı yazılar hazırlamaqdır.
Səfər iştirakçıları sırasında APA-nın (Fərid Mirzəyev), Teleqraf.az-ın (Nemət Oruclu), köşə yazarı Seymur Verdizadə, Region TV-nin 2 əməkdaşı, Qubanın “Şəfəq”, Şəkinin “Şəki” qəzetlərinin redaktorları Qəhrəman Ağayev və Akif Salam, “Cənub xəbərləri” qəzetinin redaktoru Zahir Əmənov, Mətbuat Şurasının təmsilçisi Əvəz Rüstəmov və başqaları vardı. Qurupa Türkiyənin Azərbaycandakı Böyük Elçiliyinin əməkdaşı Habil Əliyev rəhbərlik edirdi.
Naxçıvana qədər təyyarə ilə ucduq. Naxçıvanın içindən 80, eləcə də Türkiyə sərhəddini keçəndən sonra 80 kilometr avtobusla yol gedib İqdır vilayətinə çatdıq. İqdırdan isə təxminən 300 km yol kedərək axşam Ərzurumda olduq.
Dağlı-dərəli bu yolların özünəməxsus gözəllikəri var idi. Ərik ağacları, Araz çayına doğru çan atan cayların yol boyu təkrarsız yaz mənzərəsi... May ayında dağların yamacında, zirvəsində hələ də ərimək bilməyən qar, bir tərəfdə günəşin şüası, o biri tərəfdə yağan yağış, dəniz səviyyəsindən 3 min metrlik hündürlüyün gətirdiyi sərinlik olduqca maraqlı əhval yaradırdı.
Səfər zamanı Azərbaycandan gələn jurnalistləri çox yüksək səviyyədə qəbul etdilər. Öncə bizi 800 mindən artıq əhalisi olan Ərzurum vilayətinin valisi (bizim “dil”də icra başçısı) Əhməd Altbarmaq, Ərzurumun Böyük Şəhər Bələdiyyə başqanı, Qafqaz Universitetinin rektoru qəbul etdi.
Ərzurumda maraqlı görüşlərdən biri də, bəlkə də ən yadda qalanı Türkiyənin Daxili İşlər naziri ilə olan (o bu il iyun ayının 7-də keçiriləcək seçkilərə qatıldığı üçün qısa müddətə vəzifəsindən istefa vermişdi) görüş idi.
İki gün Ərzurumda olduqdan sonra Qarsa yola düşdük. Burada da bizi əslən azərbaycanlı olan bələdiyyə başqanı, Qars universitetinin rektoru, Qars vilayətinin valisi və müavini, Azərbaycanın Qarsdakı konsulu qəbul etdi.
Qarsda ən yadda qalan tədbirlər sırasında isə Ani xərabələrinə və Ərzurum qalasına səyahətlər oldu.
Qarsdan sonra İqdır vilayətinə gələn jurnalistlər yenə də Naxçıvandan hava yolu ilə geri qaydıblar.
Təxminən 6 gün davam edən səfər əsasən nələrlə yadda qaldı?

Jurnalistlər Türkiyədə nələri araşdırdı?
Yuxarıda qeyd etdiyimiz kimi səfərin başlıca məqsədi ötən əsrin əvvəllərində ermənilərin “soyqırım” adlandırdığı qondarma aksiyasının əsl mahiyyətini araşdırmaq idi. Görüşlərdə səsləndirilən, saysız və təkzibedilməz faktlarla təsdiqlənən fikir ondan ibarət idi ki, ermənilərə qarşı Türkiyədə soyqırım olmayıb. Sadəcə, savaş olub və hər iki tərəfddən itkilər verilib. Əgər soyqırım olubsa da, bunu ermənilər türklərə qarşı ediblər. İqdırda tanınmış yazıçı Ziya Zakir bizə bildirdi ki, əsrin əvvəlində ermənilər Qurban bayramı günü burada 95 azərbaycanlının başını kəsərək quyuya atıb. Yüzlərlə azərbaycanlını, türkləri diri-diri təndirdə yandırıb, hamilə qadınları qarnındakı körpələrlə birgə qılıncla ortadan bölüblər. Təkcə Van vilayətində bir gündə 15 min müsəlman uşağı, qadını, kişisi qətlə yetirilib. Z. Zakirin bildirdiyinə görə, dağlarda o qədər meyit olub, itlər bu meyitlərlə necə qidalanıbsa, onlar insan əti yeməyə hərisləşib və həmin qırğından sonra da aylarla insanlara hücum ediblər. Onlar 700-800 il birgə yaşadığı, hörmət gördüyü xalqa xain çıxıblar.
Ərzurumun Baş Şəhər bələdiyyə sədri bildirdi ki, bizə ən çox təsir edən odur ki, bu qədər vəhşiliklər etməsinə baxmayaraq, sülh, barış olsun deyə, əks təbliğat aparmadıq, ermənilərə həmişə xoş münasibət göstərdik. Bu ölkə barış olsun deyə, ermənilər üçün nələr etməmişdi – onlardan vergi alınmırdı, onlar hərbi xidmətə aparılmırdı, Türkiyənin ən məşhur banklarına ermənilər rəhbərlik edirdi – elə türk yox idi ki, erməni bankına borcu olmasın. Onlarla, yüzlərlə erməni Türkiyədə vali, nazir və başqa postlara rəhbərlik edirdi. Hətta bəzən baş bakan olurdular. Lakin onlar bizə qarşı çox nankorluqlar etdi və cəzalarını da aldılar. Sarıqamış döyüşündə türklər 60, ruslar 30 min nəfər itirdikdən sonra ruslar bu itkini ermənilərlə doldurmağa çalışdı.
Müşahidə etdiklərimiz, söhbətləşdiyimiz adamların bildirdikləri o qədər çoxdur ki, onları ümumiləşdirməkdən başqa əlac qalmır.

İqdırdakı azərbaycanlılar
İlk qədəm qoyduğumuz türk vilayəti – İqdırın mərkəzi Yerevandan 15-20 dəqiqəlik məsafədədir. Burada elə yerlər var ki, yolun bir tərəfi erməni, o biri tərəfi türk kəndidir. İqdırda yaşayanların əksəriyyəti azərbaycanlılar və kürdlərdir. Bəziləri hətta zarafatca deyirdilər ki, Türkiyə Ərzurumdan sonra başlanır.
İqdır Şəhər Bələdiyyəsi binasının üzərində təşkilatın adı öncə kürd dilində, sonra isə türk dilində yazılmışdı.
Yerli sakinlər ermənilərə qarşı hədsiz qəzəbli idi.
Onu da bildirək ki, İqdır Türkiyənin şərq tərəfində ən ucqar ərazidir. Əvvəllər Qarsın tərkibində olub. Azərbaycan müstəqillik qazanana qədər bura gediş-gəliş çox az olub. Sərhədlər açıldıqdan sonra İqdır daha da inkişaf etməyə başlayıb.
Onlar deyirdi ki, sərhəddin açılmasından sonra ticarət əlaqələri genişlənsə də, narahatlıqlar da az olmadı. Belə ki, Azərbaycandan bura gələn bəzi yüngülxasiyyətli qadınlar İqdırda çox ailələri dağıtdı – kimi evini, kimi başqa əmlakını satdı. Dinə möhkəm bağlı olan iqdırlılar heç bilmirdi nəyə sevinsin, nəyə kədərlənsin.
Tarixə ötəri nəzər
Uzun illər İqdır, Qars, Ərzurum Azərbaycan torpaqları olub. Ötən əsrin sonlarında Rusiya bu əraziləri işğal etdikdən sonra Qarsı və ətraf əraziləri 40 il öz əsarətlərində saxlayıb. 20-ci əsrin əvvəllərində bu əraziləri tərk etmək məcburiyyətində qalanda isə həmin torpaqları ermənilərə bağışlayıb və onlar da bu fürsətdən yararlanaraq buradakı azərbaycanlılara ölmazın zülmlərini ediblər.
XX əsrin 20-ci illərində siyasi vəziyyət dəyişib. Dünya Rusiyada hakimiyyəti ələ keçirən bolşevikləri bir dövlət kimi tanımayıb. Osmanlı imperiyasından sonra Türkiyənin xilaskarına çevrilən Atatürk hökuməti də dünyanın əsas dövlətləri tətəfindən tanınmayıb. Belə məqamda əzəli və “mehriban düşmənlər” – Türkiyə və Rusiya dostlaşıb və dostluğun müqabilində Rusiya Ərzurumu, Qarsı, İqdırı, Vanı və bir neçə digər ərazini Türkiyəyə bağışlayıb. Məşhur 1921-ci il Qars müqaviləsini bağlamağa gələn Rus nümayəndə heyətini gətirən qatarın həmin vaqonu bu gün də Qarsda saxlanılır.
Məhz bu dostluğun ucbatından və o vaxtkı reallığı nəzərə alaraq Türkiyə rusların Azərbaycana girməsinə göz yumub.
5 gün ərzində 10-dan artıq görüş keçirtdik. Bütün görüşlərdə hədəf eyni idi – ermənilər yüz illər onlara yaxşılıq etmiş türklərə xəyanət etmiş, onların çətin anında türklərə arxadan zərbə vurmuş, ağlagəlməz cinayətlər törətmişlər.
Ərzurumda Qafqaz Universitetinin rektoru Səlçuq Ural ilə görüş zamanı bizə bildirdilər ki, bu ali təhsil ocağında 17 min tələbə təhsil alır ki, onların arasında Azərbaycandan gələnlər də az deyil. Səfər yoldaşımız, tanınmış jurnalist Seymur Verdizadə irad tutdu ki, Türkiyə universitetləri ancaq attestatla, yüksək biliyi olmayan şəxsləri də universitetlərinə qəbul edir. Lakin rektor bu fikirlə razılaşmadı. Qarsdakı Azərbaycan konsulu isə belə hallar olduğunu təsdiq etməklə yanaşı, onu da əlavə etdi ki, burada ali məktəbə girmək asan olsa da, oxumaq elə da rahat deyil və zəiflərə güzəşt edilmir.

Türkiyə qəzetləri
Biz 4-5 il öncə də Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkəyə dəvət olunmuşduq. Lakin həmin vaxt səfərlərimiz əsasən paytaxt qəzetlərinə olurdu. Bu dəfə isə bir neçə əyalət qəzetini ziyarət etməli olduq. Bizimlə onlar arasında fərq o qədər yüksək idi ki, sadəcə olaraq qəzetimizi ortaya çıxartmağa utanırdıq. Belə ki, Türkiyənin ən ucqar əyalətində belə bazar və şənbə günləri də daxil gündəlik çap olunan 5-10 qəzet var. Hər qəzetin həcmi bizim qəzetlərdən 2 dəfə böyük, rəngli, orijinal şəkillərlə dolu, tirajı 3-5 min, səhifəsi 18-24, qiyməti bizim pulla 20 qəpik. Hər vilayətin öz televiziyası var. Eləcə də hər vilayətdə hava limanı fəaliyyət göstərir.
Bəs bu qəzetlər necə maliyyələşir? Qısaca desək, Türkiyədə iqtidar yönümlü və müxalifət yönümlü qəzetlər olsa da, sırf iqtidar və müxalifət qəzetləri yoxdur. Xüsusi “Elanlar” idarəsi var ki, hökumət öz elanlarını, eləcə də qəbul etdiyi fərmanları, sərəncamları bu idarəyə verir. Həmin “Elanlar”idarəsi də qəzetin pulunu ödəməklə verilən elanları müxalifət-iqtidar olmasından asılı olmayaraq mövcud qəzetlərin səhifəsində yerləşdirir. Pulunu almaqla elanı yerləşdirmək qəzet üçün məcburidir, lakin elə həmin elanla yanaşı səhifədə həmin fərmanı tənqid də edə bilərsən.
Burada peşəkar jurnalistlərə çoxlu güzəştlər var. Yəni redaksiyanın yox, hökumətin verdiyi jurnalist kartına sahib olanlar nəqliyyatdan, muzeylərə girişdən və sairdən pulsuz istifadə edə bilərlər.
Ərzurum valisinin dediklərindən:
- Dini, qanı bir iki dövlət, bir millət eyni ağrıları yaşamışdır. Biz hər zaman azərbaycanlı qardaşların köməyini hiss etmişik. Hələ əsrin əvvəllərində, o qanlı-qadalı günlərdə Bakıdan Seyidov qardaşları bizə köməyə gəldi, xeyli yardımlar göndərdi. Təəssüf ki, ermənilər onlara da tələ qurub məhv etdilər. Hazırda şəhərdə onların adına park var. Ermənilər ruslarla birləşib bir çox əsirləri Azərbaycandakı Nargin adalarına gətirib. Lakin burada müxtəlif yollarla türk qadınlarını xilas etmək olub.

- Xüsusilə vurğulandı ki, türk dövlətləri bir-birinə tam dəstək vermir. Əgər bu qədər sərvətlər digər ölkələrdə olsa idi, onlar daha böyük uğurlar qazanardı.
- Tariximizi mükəmməl öyrənmirik. Türk Avropada taksiyə minən zaman sürücü onun türk olduğunu bilən kimi deyir ki, siz o erməniləri qıran türklərsiniz? Yəni təbliğatlarını o dərəcəyə qədər qurublar. Biz isə bəzən ən yaxın keçmişimizdən xəbərsiz oluruq. Bu günümüzün illərin dəhşətli faciəsi olan Xocalı qırğınından hamı xəbərdardırmı?
Hər sahədə barışa can atan türklər həmin dövrlərdə şiə-sünni söhəbətini qızışdıranlara cavab olaraq yerli rəhbərlər bildirmişdilər ki, sünni təriqətindən olan şəxs şiə ilə evlənərsə, yaxud əksinə, həmin şəxslərin toy xərclərinin hamısını hökumət qarşılayacaq.
Əgər hər dövlət vaxtilə sahib olduğu torpağı tələb etsə, onda biz gərək bir vaxtlar hakimlik etdiyimiz Hindistanı, ingilis torpaqlarını da tələb edək.
İstər Türkiyədə, istər Azərbaycanda minlərlə məzarlıqlar var. Elə məzarlıqlar var ki, ora 600-dən artıq cəsəd toplanıb. Niyə qərb tarixçiləri gəlib bunları araşdırmaq istəmir?
Heç kim danmır – savaş olub. Müharibədə adama gül vermirlər, ölüm olur, qan olur. Amma türklər ona xain çıxanı öldürüb, köçürüb, lakin işgəncə verməyib. Türk hansı ölkəyə daxil olubsa, ora mərhəmət, mədəniyyət gətirib, qatillik etməyib, xainlik etməyib.
Türkiyə deyəndə çoxları Antalya, Bodrum fikirləşir – türk dünyasının tarixi isə buradan başlayır.
Söhbət zamanı Zahir Əmənov təklif etdi ki, bütün deyilənlərin elektron variantı bizə təqdim olsa, işləmək daha rahat olar. Ərzurumun valisi bu təklifi çox bəyəndi və biz səfərin sonunda xeyli elektron materiallarla təmin edildik.
Yuxarıda qeyd etdiyim kimi, səfərin ən maraqlı məqamlarından biri də Türkiyənin Daxili İşlər naziri Əfqan Alan ilə görüşümüz oldu. Bu günlər Türkiyədə keçiriləcək parlament seçkilərinə qatılan nazir qısa müddətə vəzifəsindən istefa verib Ərzuruma seçicilərlər görüşə gəlmişdi. Öncə Türkiyə, Azərbaycan və digər ölkələrin jurnalistləri ilə görüşə qatılıb onların suallarını cavablandıran nazir, daha sonra Azərbaycan jurnalistləri ilə ayrıca görüşdü. Geniş ziyafət stolunun arxasında nazir Azərbaycandan gələn jurnalistlərə Türkiyənin dünənindən, sabahından söhbət açdı:
- Eyni olayları, eyni hissləri yaşadıq. Aramızda coğrafi sərhədlər olsa da, ruhumuz arasında sərhəd olmadı. Bundan böyük həzz duyduq. Nə qədər iş birliyi qursaq, gücümüz daha çox olar.
Biz bu ermənilərə nə qədər yaxşılıqlar etdik, daim əksini gördük. Kim soyqırım görmək istəyirsə, Bosniyaya getsin, Xocalıya getsin.
Elə təbliğat aparmalısınız ki, bütün dünya bilsin ki, ötən əsrin əvvəllərində bu torpaqda nələr olub.
Məndən bütün Azərbaycana qucaq dolu salamlar yetirin.

Ermənilərin “Məkkəsi” - Ani xərabələri

Yaşı 6 min ildən artıq olan Ani xərabələri Türkiyədə ən qədim abidələrdən sayılır. E.ə. 4, bizim eranın da 2 mininci illərini əhatə edən bu ərazi müxtəlif dövrlər ərəblərin, türk tayfalarının, sonralar gürcülərin, rusların əsarətində olub. X əsrin sonu XI əsrin əvvəllərində isə bura ermənilər köçüb. Digər millətlərdən fərqli olaraq ermənilər burada gözəl şəhər salıb. Sonrakı illərdə bu şəhər dağılsa da, ermənilər buranı özləri üçün çox müqəddəs sayırlar. Bura ziyarətə gələn hər bir erməniyə elə gəlir ki, ən müqəddəs yeri ziyarət edir. Hətta buranı özlərinin Məkkəsi hesab edən ermənilər də var. Onlar Ani xarabalarını ziyarət etdikdən sonra şənlənib, çalıb-oynayırlar. Yaz-yay mövsümündə hər gün bura dünyanın hər yerindən 20-30 avtobus tursit gəlir, il ərzində turistlərin sayı 50-60 minə çatır və səfərlərdən Türkiyə hökuməti xeyli qazanc götürür. Bu qədim şəhərdə məsçid də var, erməni-gürcü kilsəsi də, monstr da. Zəlzələlərdən, torpaq partlayışlarından, oğurluqlardan xeyli hissəsini itirsə də, Ani xarabalıqları hələ də dəyərini qoruyur.
Qarsın mərkəzindən Ani xarabalıqlarına 45 kilometr və ərazidən Naxçıvana isə 15 kilometrdir. Ermənistanla Ani xarabalığını bir dərə ayırır. Ortada tikanlı məftillər də, əsgər də yoxdur. Əks tərəfdə isə Rusiya bayrağı yuxarıda, erməni bayrağı aşağıda olmaqla 2 dirək görünür.
Bələdçinin bildirdiyinə görə türklər ilk hamamı burada yaradıblar. Bu ərazi Ermənistan, İran, Gürcüstan və Türkiyənin ətrafında yerləşir.

Azərbaycanın Qarsdakı baş konsulu Ayhan Süleymanov bildirdi ki, 5 ildir burada konsul işləyir. Əvəllərdə Tərizdə eyni vəzifəni icra edib. Türkiyədə 81 vilayət var. Onun 17-si bu konsulluğun əhatə dairəsindədir. Bundan əlavə İstanbulda da konsulluğumuz var. Azərbaycana gedənlər vizanı bizdən alır.
Ayxan Süleymanov Türkiyənin turizmdən olduqca güclü – hər il 340 milyard dollar gəlir götürdüyünü bildirdi. Qeyd etdi ki, məhz buna görə Türkiyə təkcə azərbaycanlıların deyil, gürcülərin, ermənilərin, rusların və digər xalqların da Türkiyəyə vizasız gəlişinə şərait yaradır ki, turist axını güclü olsun.
Türkiyənin bu şərq sərhəddinin gözəl prespektivi var. Əsas neft-qaz kəmərləri buradan keçir, hazırda son tamamlanma işləri aparılan Bakı-Tiflis-Ərzurum dəmir yolu buranın inkişafına güclü təkan verəcək. Həmçinin Qarsdan Naxçıvana da dəmir yolu xətti çəkiləcək.
Türkiyədə, xüsusən Ərzurum–Qars istiqamətində qış turizmi çox güclüdür. Prespektivdə nəhəng işlər nəzərdə tutulub. 16 milyonluq əhalisi olan İstanbul indi dənizin altından avtomobil və dəmir yolu xətti çəkir.
Qarsın bələdiyyə başqanı ilə görüşdə bildirdilər ki, ermənilər Türkiyə ilə sərhədlərin açılmasına çox səy göstərirlər. Lakin buradakı azərbaycanlılar hətta beynəlxalq səviyyədə etiraz aksiyaları keçirib onların bu niyyətinin baş tutmasına imkan vermirlər. Amma az miqdarda da olsa, əlaqələr var – həftədə İstanbuldan Yerevana və əks istiqamətə avtobuslar işləyir.
Biz Türkiyədə olanda bu il iyunun 7-də keçiriləcək seçkilərə ciddi hazırlıq gedirdi. Hər yerdə təbliğat maşınları mahnı oxuya-oxuya, şüar deyə-deyə hərəkət edir, iqtidar-müxalifət olmasından asılı olmayaraq sərbəst təbliğat kompaniyasını qururdular. Türkiyə parlamentinə namizədlər sırasında erməni və erməni əsillilər də var idi.
Diqqət çəkən bir məqam isə əksər yerlərdə Azərbaycan mahnılarının səslənməsi idi.
Maraqlı məqamlardan biri də o idi ki, Ərzurumda aptek tapmaq bəzən müşkül olurdu. Yerli sakinlər deyirdi ki, buranın havası o qədər saf və təmizdir ki, bizim aptekə ehtiyacımız olmur.
İstər Qarsda, istər Ərzurumda yeniliklə köhnəlik yanaşı addımlayır. Bir tərəfdə ən müasir binalar, digər tərəfdə ən mərkəzi küçə ilə at-araba, eşşək arabası hərəkət edir. Hicabda gəzən qadınlar daha çoxdur. Bəzən 60-70 yaşlı kişilər restoranda xörək paylayırdı. Qaz olmadığı üçün əksər yerlərdə əhali kömürdən, təzəkdən istifadə edir.
Torpaq sahələri çox olduğundan onlarda heyvandarlıq güclü inkişaf edib. Burada kürdlər çox olsa da, son illərdə bu yöndə problemlər yoluna qoyulub. Onlar deyir ki, kürdlər kənara çıxanda deyir, türkəm.
Bütün bunlarla yanaşı, hakimiyyətdən narazılar həddən çox idi və çəkinmədən fikirlərini səsləndirirdilər.
Bələdiyyələr Türkiyədə çox güclüdür. Hələ Osmanlı dövründə formalaşan bələdiyyələr ikipilləlidir. Belə ki, bizim “dillə” desək, qəsəbə və kənd bələdiyyələri böyük şəhər bələdiyyələrinə tabedir. Bələdiyyələrin illik büdcəsi 200-300 milyon manatlarla ölçülür.
Bu gün də Türkiyədə çoxlu erməni yaşayır və onlar gizli adlarla bir çox media qurumlarıma rəhbərlik edir, Azərbaycan əleyhinə, türkçülük əleyhinə zərərli təbliğat aparırlar.
Sonda qrupumuza rəhbərlik edən, necə deyərlər, hər nazımıza dözən səfirliyin əməkdaşı Habil Əliyevə də təşəkkürümüzü bildiririk.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10