Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təhsil nazirinin 2 ili


Nazirin bu müddətdəki fəaliyyəti cənubdan necə görünür?



Misir Mərdanovun 15 illik fəaliyyətindən sonra Təhsil naziri postuna yiyələnən Mikayıl Cabbarovun bu postda fəaliyyətinin 2 ili tamam olub. Bəzi ekspertlərin fikrinə görə, M. Cabbarov təhsil sahəsində islahatlar aparılması, yeni, daha təkmilləşdirilmiş dərsliklərin çap olunması istiqamətində ciddi işlər aparır. Bəs nazirin 2 illik fəaliyyəti cənubdan necə görünür?
Öncə xatırladaq ki, cənub bölgəsində təhsil şöbələrinə rəhbərlik edən şəxslər yenə həmin postlarındadır, yenə də nəyi necə edirdilərsə, elə də edirlər.
Təhsil şöbələrində çalışanların maşınları hündürləşdikcə təhsilimiz daha uçuruma yuvarlanır.
Mikayıl Cabbarov təhsil naziri təyin olunanda öncə çoxları düşünürdü ki, bu şəxs ölkənin ən intellektual insanlarından biridir və təhsildə yeni texnologiyanı daha güclü tətbiq edəcək. Reallıq nədir?
Bu gün yenə də bir neçə məktəb istisna olmaqla məktəblərdə kompüterlər müvafiq otaqlarda çürüyür.
Dəfələrlə yazmışıq ki, ən pis əməllərlə məşğul olanlar belə özlərinə sayt yaradır, amma təhsil şöbələrinin saytı yoxdur.
Bu yazını hazırlayanda təhsil nazirliyinin saytına girdim. Hansı xəbəri görsəm, yaxşıdır? Astarada hansısa idman tədbiri keçirilib. Ölkənin hər hansı qabaqcıl məktəbinin burada təcrübəsinə, açıq dərslərin video görüntüsünə isə rast gəlmədim.
Sizə maraqlı bir misal çəkim. Bu yaxınlarda Masallı təhsil şöbəsi rayonun ən “bərkgedən” məktəblərində guya frontal yoxlama aparırdı. Yoxlama aparanların əksəriyyəti vaxtilə çalışdıqları məktəbdə ciddi nöqsanlara yol vermiş, lakin təhsil şöbəsində məsul vəzifələrə irəli çəkilmiş şəxslər idi. Ən təəccüblüsü isə o idi ki, təhsil şöbəsinin 4-5 işçisinin adı bu məktəbdə müəllim kimi getsə də, onlar siniflərə girmir, uşaqlar onları tanımır. İndi bu müəllimlər hansı mənəviyyatla orada yoxlama aparırlar?
Özgə yerlərdə demirəm, cənub bölgəsində elə adam yoxdur ki, təhsil şöbə müdirlərinin hansı restoranları, fermaları, aptekləri, digər biznes obyektlərinin olduğunu bilməsin. Amma bunları hansı qabaqcıl pedaqoji təcrübənin müəllifi olduğunu bilən yoxdur. Təhsil şöbələrinin bir çoxunda elə primitiv dünyagörüşlü şəxslər aparıcı vəzifələr daşıyır ki, adam mat qalır.
Məhz Mikayəl Cabbarovun nazir olduğu dövrdə Masallının Xırmandalı kəndindəki məktəbdə 18 saxta diplomlu müəllim aşkarlandı. Nəticə nə oldu? Qısası, onlar yenə də siniflərə girir.
Yeni məktəblər tikilir. Lakin repititor müəllimlərin sayı günbəgün artır. 9, 10, 11 siniflərdə şagird tapmaq müşkülə çevrilib. Ali məktəbə hazırlaşan uşaqlar demək olar, təsadüfi hallarda məktəbə gəlirlər. Bəlkə, ən yaxşı repititor müəllimlərin toplantısı keçirilsin, onlar üçün xüsusi mükafatlar təsis edilsin.
Bu günlərdə Masallı şəhər 1 saylı tam orta məktəbinin 30 şagirdi Lənkəran və Astaraya ekskursiyaya getmişdilər. Onlar bunu təhsil illərinin ən maraqlı hadisəsi hesab edirdilər. Nədən belə ekskursiyalar kütləvi xarakter daşımır? Heç bütün cənub bölgəsində normal turist avtobusu belə yoxdur.
Qısası, təhsildə köhnə hamam, köhnə tasdır. Məktəb direktorları, təhsil şöbə müdirləri təhsilin müasir tələblərindən daha çox aylıq gəlir-çıxarları barədə düşünürlər.

Bəs nazir haqlı şikayətlərə necə reaksiya verir?
2 dəfə nazirin qəbulunda olmuş Bədəlan kənd sakini, müəllimAsif Abbasovun dediklərinə diqqət yetirək:
- Yəqin, mətbuatdan oxuculara bəllidir ki, Bədəlan ərazisi uzun müddət Nağyev qardaşlarının “əsarəti” altında olub. Böyük qardaş Hacırza bu kənddə uzun müddət baş mühasib, KFT sədri, bələdiyyə sədri, YAP-ın yerlitəşkilatının sədri, DSK sədri (hətta həmkarlar təşkilatının da möhürü onlarda olub) vəzifələrində çalışılb. Kiçik qardaş Mərdan Nağıyevisə xeyli müddət ərazi nümayəndəsinin müavini və rəhbəri vəzifələrində çalışmış, 2013-cü ildən isə ali pedaqoji, yaxud peşə məktəbinin profilinə uyğun ali təhsili, bu sahədə ən azı 5 il stajı olmadan Masallıdakı peşə-texniki məktəbinə rəhbərlik edir. Kənddə bir çox bağışlanmaz saxtakarlıqların, şərləmələrin, digər rüsvayçı əməllərin təşkilatçısı olmuş bu qardaşlar, hazırda bir sıra postlarını itirsələr də, kiçik qardaş müvafiq qanunların ziddinə olaraq (diplomlarının həqiqiliyi böyük şübhə doğursa da) peşə məktəbinə rəhbərlik edir. Mən bununla əlaqədar 1 dəfə təhsil nazirinin müavininin, 2 dəfə isə nazirin öz qəbulunda olmuşam. Məni diqqətlə dinləsələr də, 2 ildir ki, şikayətimin nəticəsi hiss olunmur. Sonuncu dəfə bu il martın 10-da Mikayıl Cabbarov cənablarının qəbulunda olmuşam. 20 dəqiqədən artıq məni dinləyən nazirə bu qardaşların bədxah əməlləri barədə məlumatları, məqalələri və yazılı məktubumu təqdim etdim. İndi 2 aydır ki, nəinki nazirə etdiyim şikayətə cavab verilmir, hətta nazirliyin 6 şöbəsi ilə əlaqə saxlasam da məktubun hansı şəxsdə olduğu bilinmir. Bu nazirliyin idarəçilik sistemi adamda böyük şübhə doğurur, nəinki şikayətlərə ədalətli münasibəti. Yəqin ki, yaxın vaxtlarda nazirin bu süründürməçiliyi barədə daha konkret detallarla mətbuatda çıxış edəcəyəm.
-
-
- Bax belə. Təhsil nazirimizin 2 ili tamam oldu. Məktəblərdə isə ən elementar nöqsanlar belə aradan qalxmır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10