Əlbəttə, mən saat yeddidə qayınatamın yanına getməyə macal tapmazdım, amma “yaxşısı budur, 8-də gəlim” desəydim, telefonumu dinləyənlər dərhal düşünərdilər ki, aha, bəs o saat yeddidə nə edəcək. Və məndən gözlərini çəkməzdilər. Ona görə də mən sadəcə dedim: “Sağ ol. Mütləq gələcəyəm”. Özümü xəcalətli hiss etdim, bilirdim ki, qaynatam punktual insandır, gecikdiyimə görə hirslənəcək.
Əvvəli burada (https://konkret.az/dtk-nin-casus-polkovniki-leyla-xezer-sahiinde-yasayan-qohumlarinin-yanina-getdi)
Günorta əmanət kassasındakı hesabımdan 300 rubl çıxardım. Nəzərə aldım ki, bu məbləğ xüsusi diqqət çəkməyəcək. Bu pulun böyük hissəsini Leylaya saxlamağa hazırlaşırdım, 80 manat mənə qatar biletinə, takisyə və yolda yemək yeməyə artıqlaması ilə çatacaqdı. Ondan da keçən yerdə, rubl mənə artıq lazım olmayacaqdı: ya Sovet İttifaqından kənarda olacaqdım, ya da türmədə.
İkinci günün axşamı hava açıq və isti idi, amma qızmar deyildi – Moskvaya xas xoş bir yay axşamıydı. Bu dəfə səhv buraxmamaq üçün tam qərarlıydım. Parlaq boz rəngli şıq kostyum geyinərək, saat 4-də əlimdəki rəngli polietilen torba ilə evdən çıxdım. Keçən dəfə olduğu kimi, yoxlama məqsədilə həmin marşrutu eynilə qət etməli idim: ticarət mərkəzi, aptek, əmanət kassası və sair və ilaxır. Yeddiyə 15 dəqiqə qalmış artıq şərtləşilmiş yerdəydim. Vaxtı gödəltmək üçün mağazaya baş çəkdim, bir qutu siqaret aldım, qutunu açdım və birini götürüb damağıma qoydum. Sonradan məlum oldu ki, bu siqaret əlaqəçini çaşdırıb: o bilirmiş ki, mən siqaret çəkmirəm və düşünüb ki, bəlkə bu, DTK tərəfindən britaniyalı kəşfiyyatçını tələyə salmaq üçün düz-qoş edilən təxribatdır.
Yeddiyə bir dəqiqə qalmış mən səkinin qırağında, işıq dirəyinin yanındakı yerimdəydim. Təlimatda göstərilən mövqeyə yenicə çatmışdım ki, düz yanımda, səkinin kənarında qara “Volqa” dayandı. Mənə elə gəldi ki, bu, xarici müşahidə maşınıdır, maşından iki kişi düşəndə elə bildim, qarşımda yaxalama qrupudur. Kişilərin hər ikisi kütləyə qarışdı, ancaq sürücü sükan arxasında qaldı və şübhəli nəzərlərlə mənə baxdı. Mən də öz növbəmdə ona diqqət yetirdim və qəfildən dərk etdim ki, onun yoldaşları heç bir pis niyyət güdmürlər, inkassatordurlar və mağazalardan gündəlik satış pulunu yığırlar. Rahat nəfəs aldım və sürücüyə göz vurdum, o da cavab olaraq mənə göz vurdu.
Bütün bunlar bir neçə saniyə çəkdi, mən isə yerimdə qalmalıydım, mənə yenidən elə gəldi ki, aradan sanki bir əsr vaxt keçdi. İşdən evlərinə qayıdan insanlar yanımdan ötüb keçirdilər, hökumət limuzinləri də, həmişə bu saatda olduğu kimi, növbəylə prospektdə şütüyürdülər. Təlimatda göstərilirdi ki, mən fərq edilmək üçün yerimdə kifayət qədər uzun müddət qalmalıyam, sonra evin güncünə çəkilməliyəm və çörəkxananın pəncərəsinin önündə durmalıyam. Yeddi dəqiqədən sonra mən artıq çörəkxananın göstərilən yerində durmuşdum və nəzərlərimlə ingilis görünüşlü bir kəs axtarırdım. Üstəlik, həmin şəxs məni gördüyünü bildirmək üçün nəsə çeynəməliydi.
Vaxt uzandıqca uzanırdı: on dəqiqə, on beş dəqiqə… Səkiylə böyrümdən sifətlərin bitib-tükənməz axını ötüb keçirdi, ancaq onların heç biri ingilisə oxşamırdı və heç biri heç nə çeynəmirdi. Nəhayət, iyirmi dörd dəqiqədən sonra mən şəkk-şübhəsiz ingilis görünüşlü, əlində tünd yaşıl rəngli “Harrods” torbası olan kişi gördüm. O, “Mars” batonu gövşəyirdi. Kişi bir neçə metr gələrək gözünü mənə zillədi, mən isə susqun çağırışla onun gözlərinin içinə baxdım: “Bəli. Bu mənəm! Mənə təcili kömək lazımdır!” O, ötüb keçdi, heç bir işarə vermədi, ancaq mən dəqiq bilirdim ki, təmas baş tutdu. Özümü tələsmədən bir neçə yüz metr addımlamağa vadar etdim. Sonra taksi ilə qayınatamın evinə getdim və gözlənildiyi kimi, o, gecikdiyim üçün donquldanmağa başladı. Özümə haqq qazandırmaq üçün əhvalat uydurmalı oldum. Əla beçə yüngülcə yanmış olsa da, mən qaçış hazırlığının vacib mərhələsindən birinin artıq geridə qalmasına görə yüksək əhval-ruhiyyədə idim.
Həftənin üçüncü günü mənim izlənilb-izlənmədiyimi diqqətlə yoxlamağımın izafi əziyyət olmadığı isbatlandı. İndi mən Leninqrada qədər qatar bileti almalıydım, bu da o demək idi ki, Leninqrad vağzalına getməliyəm. Adətim üzrə əvvəlcə piyada ticarət mərkəzinə getdim, bir neçə mağazaya baş çəkdim, sonra evlərin arasındakı həmin piyada keçidinə buruldum. Özümü tinə yetirdim və bu minvalla gizlənərək gözdən itdim. Binanın yaxın girəcəyinə qədər olan 30 metr məsafəni sürətlə qaçdım və pilləkənlə ikinci mərtəbənin yarısına qədər qalxdım.
Pəncərədən şişman bir adamın tez-tələsik, demək olar ki, qaçaraq şəkildə binanın ətrafına dolandığını gördüm. Ona isti idi və pencəkdə, qalstukda çox yöndəmsiz görünürdü. Görünür, o, mənim hiyləgər fəndə əl atdığımı dərk etdi və pilləkən hücrələrinin pəncərələrinə göz gəzdirməyə başladı. Bəxtimdən, pəncərələr çox idi, düz on iki dənəydi. Mən kölgəyə çəkildim, kürəyimdən soyuq tər axdı.
“Amma oğlan axmaq deyil”, – mən düşündüm. O, pencəyinin altında gizlədilmiş mikrofondan nəsə xəbər verdi, bir az gözlədi və getməyə tələsdi. Sözün birbaşa mənasında bir neçə saniyədən sonra tindən qəhvə rəngli “Lada” markalı avtomobil çıxdı və piyada keçidi ilə asta-asta irəlilədi. Ön oturacaqlarda oturmuş, yaşları 20-dən çox olan kişi və qadın eyni zamanda mikrofona nəsə danışırdılar.
Maşın evlərin arasında gözdən itən kimi, mən bir dəqiqə də gözləyərək, tələsik geriyə, prospektə doğru addımladım. Orada özümü basırıq avtobusa saldım, iki dayanacaqdan sonra düşüb, taksiylə DAM postuna qədər getdim, ora baş çəkdim, çıxdım, arxamca “quyruq” olmadığına əmin oldum və sakitcə Leninqrad vağzalına yollandım.
Beşinci gün axşam saat altıda çıxan qatara bilet aldım. Həmin gecə də qapının arxasında barrikada düzəldərək yatdım, yalnız bu dəfə yatağımın baş ucundakı metal məcməyidə kibrit və qatar bileti vardı. Səni izləyən adamı fərq etmək xırda şeydir, amma maşın dolusu DTK əməkdaşlarının səni izlədiyini görmək sarsıntı yaşamaq deməkdir.
Həftənin dördüncü gününü bacım Marina ilə birlikdə keçirdim, üstəlik, onunla şərtləşdim ki, gələn həftənin əvvəlində gəlib ona baş çəkəcəyəm – bu, mənim planımın bir hissəsi idi. Doğma insanı aldatmaq qəribə və xoşagəlməz idi, ancaq DTK-nın özgə adamların danışığını dinləmək həvəskarı olan adamlarını azdırmaq üçün mən özümü elə göstərməliydim ki, bazar günündən sonra da bir yerə gedəsi deyiləm. Həmin vaxt hansısa şeytan məni gözəgörünməz “dinləyici”lərlə məzələnməyə təhrik etdi. Mən öz köhnə dostum və həmkarıma, DTK-dan arvadına xəyanət etmək üstə azad edilmiş Mixail Lyubimova zəng etdim və danışıq əsnasında ona Somerset Moemin “Mister Harrinqtonun camaşırı” hekayəsi barədə qısaca bəhs etdim. Həmin hekayədə söhbət inanılmaz dərəcədə vasvası və özündənrazı amerikalı biznesmenin, mister Harrinqtonun 1917-ci ildə Vladivostokdan qərbə doğru uzanan Transsibir dəmiryoluyla irəliləyən qatarda təsadüfən britaniyalı məxfi agent Eşendenlə tanış olmasından gedir. Onlar Petroqrada bolşevik çevrilişinin baş verdiyi vaxtda gəlib çıxırlar. Eşenden Rusiyanı Almaniya ilə müharibəni davam etdirməyə məcbur etmək məqsədilə gizli iş aparır. Hamı Harrinqtona nə qədər ki, imkan var, İsveçə qaçmağı məsləhət görür. Ancaq biznesmeni, yuduzdurmaq üçün verdiyi paltarını götürmək üçün mehmanxanaya qayıdan zaman küçədə öldürürlər. Oxucu təxmin edir ki, Eşenden öz cazibədar rəfiqəsi Anastasiya Aleksandrovna ilə Finlandiyadan keçərək aradan çıxmağa macal tapıb.
Lyubimov hekayəni xatırlamadı, ancaq mən bilirdim ki, onda Moemin əsərlərinin toplusu var. Dedim: “Bu, dördüncü cilddədir. Bax və nəyi nəzərdə tutduğumu başa düşəcəksən”.
Tezliklə o, zəng etdi və dedi: “Hə, başa düşürəm”. Əslində isə o, başa düşməmişdi.
DTK-nın diqqətini Rusiyanın şimal sərhədindən keçərək qaçmağa çalışan adam haqqında hekayəyə cəlb etmək riskli idi, amma mən onlarda intellektin olmamasına əmin olmaq istəyirdim və əmin idim ki, onlar eyhamı başa düşməyəcəklər və vaxtında hansısa tədbirlər görməyə macal tapmayacaqlar. “Dinləyicilər”i tamamilə çaşdırmaq üçün mən Lyubimovla gələn birinci gün görüşmək barədə razılığa gəldim. O, mənə Zveniqoroddakı bağ evinə, onun və rəfiqəsi Tanyanın yanına gəlməyi təklif edəndə, dedim ki, səhər saat 12-nin yarısında stansiyada dayanacaq qatarın axırıncı vaqonunda olacağam.
Dördüncü gündən beşinci günə keçən gecə yenə də barrikadalı qapı arxasında yatdım, qatar biletini salfet kağızının altında məcməyiyə qoydum. Beşinci gün səhər şiddətli həyəcanımı boğmaq istəyi ilə evi yığışdırmağa girişdim. Başa düşürdüm ki, yəqin bir daha heç vaxt buraya gələ bilməyəcəyəm, ancaq istəyirdim ki, hər şeyi ideal şəkildə buraxıb gedim. Şübhə etmirdim ki, DTK hər küncü axtaracaq. Hər şeyin tam qaydasında olmasını təmin etdim: döşəməni yudum, qab-qacağı yığışdırdım, əmanət kitabçasını rəfə qoydum. Yol üçün məni səksən rublun qane edəcəyini hesablayaraq, yerdə qalan 220 rublu səliqəli şəkildə bükdüm. O vaxtın durumuna görə bu pul Leylaya iki aylığa bəs edərdi.
Budur, dörd saatdan sonra getmək vaxtıdır. Bizim binada mənzillər sadə idi, əvəzində birinci mərtəbədə holl böyük və təmtəraqlıydı: divarlar qranitlə üzlənmişdi, pəncərələr yüksək idi, hər tərəfdə dibçəklərdə güllər vardı. Bilirdim ki, küncdə masa arxasında oturan və fasiləsiz növbə çəkən qapıçı qadın məni mütləq görəcək, ona görə də tamamilə adi görünməyə və özümü bu cür aparmağa çalışdım. Nazik yaşıl sviter, köhnə yaşıl velvet şalvar və köhnə palıdı çəkmə geydim. Yüngül pencəyi bükərək Danimarka kepkası ilə birlikdə polietilən torbanın dibinə qoydum. Torbaya tualet ləvazimatı, üzqırxan avadanlıq və Finlandiya ilə sərhəd rayonlarının xəritəsini yerləşdirdim. Sovet xəritələrinin potensial qaçaqları çaşdırmaq üçün sərhədyanı rayonları qəsdən təhrif etdiklərini bilərək, atlasın mənə faydalı olacağına əmin deyildim, ancaq məndə başqası yox idi. Özümlə başqa heç nə götürmədim və giriş qapısını bağlayanda anlayırdım ki, mən sadəcə evin və əmlakımın qapısını bağlamıram, ailəmdən və köhnə həyatımdan birdəfəlik ayrılıram.
Ardı var