Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitabında yazıb. Musavat.com bu kitabın Konkret.az saytında dərc olunan maraqlı parçaları oxucularına təqdim edir:
***
Kağızı qatlayıb yumağa döndərərək, Müqəddəs Vasili kilsəsinə yönəldim. Son anda müşahidə altına düşmədiyimə əmin olmaq istəyərək mərkəzi univermağa girdim. Mərtəbələr arasında uzun müddət dolaşdım, bir seksiyadan digərinə keçdim, axırda təngnəfəs olduğumu hiss edərək təmiz havaya çıxdım.
Həmişə olduğu kimi, meydan turistlərlə dolu idi, hər tərəfdə, xüsusilə də Spassk qülləsinin ətrafında DTK agentləri dolaşırdılar. Müqəddəs Vasili məbədinə daxil olmağım və ikinci mərtəbəyə qalxmağım lazım idi. Mənə eyham (eləcə, eyham) etmişdilər ki, mənimlə təmasa boz libas geymiş və hər iki əlində boz bir şey olan qadın girəcək. Onunla dar pilləkəndə rastlaşanda ismarış yazılmış kağızı ona verməliydim.
Son anda dərk etdim ki, mənim kepkam yersizdir: kişilər ənənəvi olaraq rus pravoslav kilsəsində baş geyimlərini çıxarırlar. Üstəlk, hava istiydi və məni tər basmışdı. Ancaq təlimata görə, mən tanınmağım üçün kepkada olmalıydım, ona görə də onu başımdan çıxarmadım.
Fəqət burada dərin məyusluğa düçar oldum. Məbədə daxil olan kimi elan gördüm: “Yuxarı mərtəbələr yenilənmə ilə əlaqədar bağlıdır”. İndi nə edim? Bir neçə dəqiqə təmasın bu yerlərdə baş tutacağına və öz ismarışımı asanlıqla ötürə biləcəyimə ümid edə-edə kütlənin içində vurnuxdum. Lakin kimsəyə sezdirmədən ətrafdakılara nəzər yetirdikdə boz libaslı heç kimsəni görmədim və iyirmi beş dəqiqədən sonra məbədi tərk etdim. Evə doğru aparan yolda yeraltı keçiddə mən öz “fəlakət siqnal”ımı səylə çeynədim və onu xırda hissələrlə bir neçə fənd ilə tüpürdüm.
Axşam evdə baş verənləri götür-qoy edərkən bu qənaətə gəldim ki, rabitə yaranmamasıyla bağlı uğursuzluq mənim günahım üzündən olub. Mən şərtləşilmiş yerdə lazımi qədər çox dayanmamışam və mənim siqnalım qəbul olunmayıb. Səbrli olmaq və bir az da gözləmək lazım idi. İndi mənim durumum əhəmiyyətli şəkildə mürəkkəbləşmişdi. Həmin gecə yuxulamadan uzanaraq, məni kimin satdığını anlamağa çalışa-çalışa yüz dəfə beynimi zora saldım.
Mən iyirmi ildən çox müddətdə DTK əməkdaşı olmuşdum, ancaq son on bir ildə, 1974-cü ildən başlayaraq, Britaniyanın məxfi kəşfiyyat xidmətinə, başqa sözlə, Mİ-6-ya işləmişdim – əvvəlcə Danimarkada, sonra İngiltərədə. 1982-ci ildə Londondakı sovet səfirliyində müşavir vəzifəsinə təyin edilmişdim – diplomat hesab olunurdum, amma mahiyyətcə DTK-nın Britaniya paytaxtındakı əməkdaşıydım. İki ildən artıq müddətdə həyat yoldaşım Leyla və qızlarım Mariya və Annayla birlikdə Kensinqtonda yaşamış, səfirlikdə işləmişdim və britaniyalı vəzifəli şəxslərlə daima ünsiyyətdə olmuşdum. Rəhbərliyin nəzərində yaxşı mövqedəydim və 1985-ci ildə praktiki olaraq DTK-nın London xidmətinə rəhbərlik edirdim, yayda rezident keçmək, yəni DTK-nın Londondakı baş təmsilçisi olmaq perspektivim vardı.
Qəfildən yer ayağımın altından qaçdı. Yeni postda həll etməyim lazım olan tapşırıqların ali rəhbərliklə müzakirəsi bəhanəsi ilə Mərkəzə çağrıldım və Leylanı uşaqlarla birlikdə Londonda qoyaraq, mayın 19-da Moskvaya gəldim. Mənzilimdə əməlli-başlı axtarış aparıldığını aşkar edəndə vahimələndim – açıq-aydın idi ki, DTK əməkdaşları dəlil axtarıblar – başa düşdüm ki, mənim satqınlığımdan şübhələnirlər. Bir həftədən sonra məni DTK-nın şəhərkənarı bağ evinə apardılar; mənə içinə narkotik maddə qatılmış konyak içirdilər və sorğu-suala tutdular. Sonra heç cür yadıma sala bilmədim ki, məhz nə danışmışam, ancaq ümid edirdim ki, özümü ələ verməmişəm. Ancaq tezliklə xəbər verdilər ki, məni DTK-dən azad etməsələr də, Britaniyadakı missiyam başa çatıb. Avqustun əvvəlinə qədər məzuniyyətə göndərildim.
Gümanlar içində itib-batmışdım: rəhbərlik mənim satqınlığım barədə sübutlara malikdirmi, yoxsa mən yalnız şübhə altındayam. Ancaq belə, ya başqa cür, tamamilə aydın idi ki, DTK mənim təqsirimə dair inandırıcı sübutlar axtarıb. Yeganə ümid vaxt qazanmağa qalırdı və mən özümü hər şey qaydasındaymış kimi aparırdım. DTK-nın Moskvadan yüz kilometr cənubda yerləşən sanatoriyasına getməyə razılıq verdim.
Bu arada ailəmi Londondan qaytardılar. Leyla dərhal anladı ki, işlər pisdir, ancaq mən onu inandırdım ki, bütün problemlərim DTK-nın özündə daima körüklənən intriqalarla bağlıdır. O, uşaqları da götürüb atasının Xəzər dənizi sahilində yaşayan qohumlarının yanına yay tətilinə apardı. Yoldaşımla vidalaşma həyatımın ən ağır sınaqlarından biri idi. Biz univermağın girişində ayrıldıq. O, qızlar üçün nəsə alacaqdı. O, fikrində artıq tətildə idi və vidalaşma zamanı mənim yanağımdan öpdü. Mən fikir verdim ki, öpüş daha zərif ola bilərdi. Leyla Moskvaya nə vaxt dönəcəyini, o vaxta qədər mənim ya ölü, ya da qaçaq olacağımı bilmədən getdi.
İyulun ortalarında hiss etdim ki, vaxtım az qalıb. Sanatoriyada məni müşahidə altında saxlayırdılar, ancaq istədiyim vaxt Moskvaya getmək imkanım vardı. Lakin peşəkar həmkarlarımla təsadüfi görüşlər mənə nikbinlik təlqin etmirdi. Mən onların sifətindən öz taleyimi təxmin edirdim. Şübhə yox idi ki, DTK-nın izaxtaranları artıq mənim izimlə gediblər.
Mən Moskvada tək qalmışdım və düşünmək üçün kifayət qədər vaxtım vardı. Öz həyatımda bu qədər qatı bəhməzi necə qaynatmışdım? Harada səhvə yol vermişdim?
Özümü prinsipcə, mehriban, aqressiyaya meylli olmayan insan sayırdım. Yeganə dözmədiyim şey təhqir və ya ünvanıma haqsız iradların səslənməsidir; belə durumlarda mən lazımi şəkildə kəsərli cavablar verməyə hazıram. Mənə elə gəlir ki, həmişə başlıca çatışmazlığım həddən artıq sadəlövh olmağım, hamıya inanmağım olub. Uşaq olanda anam mənə deyərdi ki, kiminsə sənə xoş üz göstərməsi hələ o demək deyil ki, o, yaxşı adamdır. Həmkarlarım da dəfələrlə qeyd etmişdilər ki, mən ünsiyyətdə olduğum insanlardan o qədər yaxşı baş açmıram. Bu, kəşfiyyaçı üçün təhlükəli ştrixdir, axı o, hər kəsin içini aydın şəkildə görməlidir. İnsanlara həddən artıq inam bəslədiyimdən məni tez-tez aldadırdılar.
Lakin mənim bu çatışmazlığım uğursuzluğumun səbəbi ola bilməzdi. Şəxsi mühakiməmə görə, mən özümü ifşa edəcək heç nə deməmiş, heç bir hərəkət etməmişdim. Uzunmüddətli strateji planı həyata keçirərkən mən soyuqqanlı və ölçü-biçili hərəkət edirəm: britaniyalılarla işlədiyim müddətdə mənim heç bir ciddi səhvim olmamışdı. Spontan əməliyyatlar zamanı qorxu tutmasına məruz qalsam da, bir dəfə də olsun bu üzdən ziyan çəkməmişdim.
Bununla belə, ikili həyat öz-özlüyündə artıq cəzadır; bu, mənim duyğusal durumuma sarsıdıcı təsir göstərmişdi. Leyla tipik sovet ailəsinin qızı kimi tərbiyə olunmuşdu və ona Britaniya kəşfiyyatına işlədiyimi etiraf etməyə cürət etməmişdim, qorxurdum ki, o, barəmdə orqanlara xəbər verər. Ona görə də mövcudluğumun əsas anlamını ondan gizlətməyə məcbur idim. Arvada və ya ərə münasibətdə hansı daha sərtdir – mənəvi xəyanət, yoxsa fiziki xəyanət? Kim bilir? Hər halda, bu, mənim qayğılarımı artırırdı.
Ancaq indi duyğusallıq zamanı ötmüşdü. Mənim üçün birinci dərəcəli məsələ öz canımı xilas etmək idi. İyulun üçüncü həftəsi həlledici olmalıydı. Əgər mən ayın 16-da, ikinci gün siqnal verməyə müyəssər olsam, qaçışım artıq növbəti şənbə günü baş tutmalıydı. Ona görə də axşam saat yeddidə yenidən şərtləşilmiş yerdə peyda olmaq qərarı verdim.
Bazar ertəsi axşam daha bir romanı yırtıb-dağıtdım, üz qabığından qaçış təlimatının ikinci nüsxəsini çıxardım və diqqətlə oxuyub-öyrəndim. Nabələd adam bu sənəddən heç nə anlamazdı. Əslində isə onda SSRİ-Finlandiya sərhədində, Vıborq ətrafı meşədəki görüş yerinə necə çatmaq barədə ətraflı təlimat vardı. Məsafələr dəqiq göstərilmişdi, ancaq sığorta üçün rus şəhərlərinin adını Fransa şəhərlərinin adları ilə əvəz etmişdilər – Paris Moskva mənasındaydı, Marsel – Leninqrad və s.
Əsəb gərginliyini götürmək üçün sakitləşdirici dərman qəbul etdim və deyəsən, Moskvaya təzəlikcə yeni partiyası gətirilmiş əla Kuba romundan həddən çox içdim. Saat 9 civarında mən o qədər də aydın düşünə bilmirdim, ona görə də planı sabah bir daha, ayıq başla incələmək qərarına gəldim. Ancaq bəs ifşaedici səciyyə daşıyan sənədi nə etməli? Düşündüm, düşündüm, mənzilin girişinin və eyvan qapılarının arxasında mebellər yığıb barrikada düzəltdim. Yatmazdan əvvəli təlimat vərəqini və kibrit qutusunu dəmir məcməyiyə qoydum, məcməyini qəzetlə örtdüm və çarpayının yanındakı tumbanın üstünə yerləşdirdim. DTK əməkdaşlarının gecə mənzilimə soxulmağa cəhd etməsi halında mebel barrikadası mənə təhlükəli dəlili yandırmaq imkanı verəcəkdi.
İkinci gün səhər bəxtim heç olmadığı qədər gətirdi – qayınatam Əli Əliyeviç zəng elədi. O, Leylanın yoxluğunda səmimi bir xeyirxahlıqla mənim qayğıma qalmışdı. “Bu gün axşam saat yeddidə gəl, əla bir sarımsaqlı beçə bişirəcəyəm”, – o dedi. Saat yeddidə! Bilirdim ki, DTK dinləyir. Əli şəhərin kənarında, Davıdkovda yaşayırdı, ancaq xoşbəxtlikdən, bu məkan mənim getməli olduğum şərtləşilmiş yerdən çox da uzaq deyildi. Əlbəttə, mən saat yeddidə qayınatamın yanına getməyə macal tapmazdım, amma “yaxşısı budur, 8-də gəlim” desəydim, telefonumu dinləyənlər dərhal düşünərdilər ki, aha, bəs o saat yeddidə nə edəcək. Və məndən gözlərini çəkməzdilər. Ona görə də mən sadəcə dedim: “Sağ ol. Mütləq gələcəyəm”. Özümü xəcalətli hiss etdim, bilirdim ki, qaynatam punktual insandır, gecikdiyimə görə hirslənəcək.