Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İstisu qəsəbəsi - Lənkəran


İstisu qəsəbəsi Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Qəsəbə Lənkəran şəhərindən 13 km şimal-qərbdə, Talış dağlarının ətəyində yerləşir. 

Şərqdən Girdəni, 

qərbdən Havzava və Osakücə, 

şimaldan Vilvan və Viravul kəndləri, 

cənubdan meşə zolağı ilə həmsərhəddir. 

Ərazisi 667 hektar, 

əhalisi 3700 nəfərdir (01.01.2019). 

Qəsəbədə 1990-cı ildə  2562 nəfər,

 1999-cu ildə 2813 nəfər, 

2009-cu ildə 3400  nəfər yaşamışdır. 

İstisu qəsəbəsi Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əraziyə görə  14-cü, 

əhalinin sayına görə isə 15-ci yerdə durur. 

Yaxın keçmişi

 İstisu qəsəbəsi çayçılıq sovxozunun (təsərrüfat) yaradılması ilə əlaqədar 1932-ci ildə salınmışdır. Yani salınmış yaşayış yeri və təsərrüfat Sovet partiya və dövlət xadimi Sergey Mironoviç Kirovun (1904-1934) şərəfinə adlandırılmışdır. 1938-ci il fevralın 29-da Kirova qəsəbə statusu verilmişdir. Qəsəbə 1932-1992-ci illərdə Kirov, 1992-1999-cu illərdə qeyri-rəsmi olaraq Günəşli adlanmışdır. 05 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə Kirovun adı dəyişdirilərək, ərazisindəki istisu mineral bulaqlarına görə İstisu adlandırılmışdır.         

    Qəsəbə 1932-ci ildə salınsa da, əslində onun ərazisi qədim insanların yaşayış məskənlərindən olmuşdur. Burada yerləşən “Yeddi qardaş” kurqanı bunu bir daha sübut edir. “Yeddi qardaş” kurqanları 1509 invertar sayı ilə Tunc dövrünə (e.ə. IV – II minillik) aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır. 

Qəsəbə əhalisi nə ilə məşğuldur?   

 Qəsəbə əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Çayçılıq və sitrus meyvəçiliyi də mühüm yer tutur. Qəsəbə məhz, çayçılıq təsərrüfatının yaradılması ilə əlaqədar salınmışdır. Respublikamızda ilk çayçılıq sovxozu (Sovet dönəmində kənd və qəsəbələrdə kollektiv təsərrüfat olan kolxoz və sovxozlar fəaliyyət göstərmişdir) 1932-ci ildə burada salınmışdır. Buna görə də qəsəbə yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən daha çox “Səvxoz/Sovxoz” adlandırılır. 


Kirov adına sovxoz Lənkəran rayonunun iri çayçılıq təsərrüfatlarından biri idi. 1987-ci ildə sovxozun illik çay planı 1320 ton olmuşdur. 1991-ci ildə SSRİ parçalandıqdan sonra kolxoz və sovxoz təsərrüfatları ləğv edilmiş, əvəzində istehsalat kooperativləri yaradılmışdır. 1997-ci ildə həyata keçirilmiş aqrar islahatla bağlı kolxoz-sovxozlar, istehsalat kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar payı bəlli sahəsi kimi  pulsuz olaraq kəndlilərə, o cümlədən qəsəbə sakinlərinə paylanılmışdır. Aqrar islahata qədərdigər yerlərdə olduğu kimi qəsəbədə də sakinlər tərəfindən çay plantasiyaları məhv edilmiş, çay kolları kəsilmişdir. 2006-cı ildə qəsəbə sakini Araz Yağubov  “Yaşıl çay” MMC yaratmaqla  qəsəbədə çayçılığın bərpası və inkişafı istiqamətində işlər görmüş, hektarlarla sahədə çay plantasiyaları salınmışdır. “Yaşıl çay” MMC bu istiqamətdə işlərini davam etdirməkdədir. Qeyd edim ki, respublikamızda ilk çayçılıq sovxozu İstisu qəsəbəsində yaradılmaqla, eyni zamanda ilk çayçılıq fabriki də (1 saylı çay fabriki) 1937-ci ildə burada tikilmişdir. Məhz buna görə də Çay fabrikinin yerləşdiyi massiv, məhəllə “Fabrik”  adlanır. 

Tikililəri

     İstisu qəsəbəsində sosial obyektlərdən 2 tam orta məktəb, kitabxana, sənətkarlıq klubu, sahə xəstəxanası, uşaq bağçası, poçt, ATS, 2 məscid, çay fabriki, mağaza-dükanlar, bərbərxanalar, ictimai iaşə obyektləri, stadion və digərləri fəaliyyət göstərir. Qəsəbədə İstisu mineral bulaqları, Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların xatirəsinə abidə vardır. 

    Qəsəbədə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. İcra nümayəndəliyi və bələdiyyə tək İstisu qəsəbəsini əhatə edir.

Ziyalıları   

 İstisu qəsəbəsi öz ziyalıları ilə də tanınan yaşayış məntəqələrimizdən sayılır. Lənkəran ŞİH Başçısının humanitar məsələlər üzrə sabiq müavini, pedaqogika üzrə fəlsəfə doktoru Raqib Əliyev, general-mayor Şahəddin Əliyev (Rusiya) texnika üzrə fəlsəfə doktoru, polkovnik Əziz Talıbov, Lənkəran Regional Ekologiya İdarəsinin sabiq müdir müavini, hazırda Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və 11 saylı Regional Ekologiya İdarəsinin məsləhətçi müfəttişi Şakir Quliyev, Lənkəran Poçtamtının müdir müavini işləmiş Rasim Quliyev, Lənkəran ŞRPŞ-in rəis müavini işləmiş polis polkovnik-leytenantı Şaban Kərimov, SSRİ Ali Sovetinin deputatı olmuş Xanımqız Qədirova, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Nadir Məmmədov və Tuğra Əliyeva, Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd olmuş, polkovnik-leytenant İntiqam Mirzəyev,  Az.TV-nin əməkdaşı, tanınmış şair-jurnalist Mübariz Süleymanlı,   Kitab Yayım Assosasiyasının prezidenti, “Yeni nəşrlər” jurnalının baş redaktoru Yaşar Zeynalov,  yazıçı Qardaşxan Fərzi,   Lənkəran Ağ Ciyər Xəstəlikləri Dispanserinin baş həkimi Elmar Məmmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Lənkəran Şəhər Təşkilatının sədri Qürbətəli Zeynalov, “Tərəqqi” medallı iş adamı Araz Yağubov,  iş adamı Hacı Habil Abbasov, mərhum xeyriyyəçi Hacı Əlizadə Əhədov, xeyriyyəçi Mirağa Nəhmətov,  “Tərəqqi” medallı müəllim Ədalət Babayev, jurnalist İlqar Ağayev, Lənkəranda müxtəlif rəhbər vəzifələrdə çalışmış Amil Abdullayev, Çernobıl Əlilləri Cəmiyyətinin Lənkəran Rayon Təşkilatının sədri Azad Ağayev, çay ustası Sərmə Quliyeva, ictimai fəallar Elsevər Həsənov, Sadiq Quliyev və digərləri İstisu qəsəbəsində dünyaya göz açmışlar.

                                                                       İldırım ŞÜKÜRZADƏ

     Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, 

     tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10