“İslam dinində mitinq yoxdur” deyərək gündəmə gələn “Keşlə” klubunun futbolçusu Əfran İsmayılov bir neçə gün sonra daha bri açıqlaması ilə müzakirələrə səbəb olub.
cenub.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, millimizin sabiq üzvü bu dəfə həmin paylaşımına, açıqlamasına aydınlıq gətirib:
"O məsələ barədə çox danışmaq istəmirəm (gülür). Amma məni niyə qınayırlar? Mən dövlətin tərəfində olan adamam. Danmıram ki, başqa cürəm, fakt beləyəm. İstəyirlər qəbul etsinlər, istəyirlər etməsinlər. Onların fikirlərinə hörmətlə yanaşıram. Demirəm ki, onlar çıxıb nəsə etməsinlər. Nə istəyirlər onu da etsinlər. Kim çıxır, kim çıxmır, mənə maraqlı deyil. Özləri bilərlər. Mənim dinim, şəriətim belə deyir. Sonra məni qınayırlar ki, Əfran belə deyir, belə yaşayır. Vallah, mən 15 il yataqxanada yaşamışam,. 20 kvadrat metrdə 5 nəfər qalırdıq. Onda da oturub ağlayardım da. Şikayət etsəm, onlardan çox edərəm. "Mitinq", "mitinq" deyirlər. O mitinqə mən də getmişəm. Necə getmişəm? İsa Qəmbərin vaxtında gəlib bizim məhəllədə pul verirdilər, yığıb aparırdılar. Elə şey var ki, adam çox danışmaq istəmir. O tərəfi qoyuram bir kənara, amma mən fakt bu biri tərəfdəyəm. İstəmirəm ki, sabitlik, mehribanlıq pozulsun. İstəmirəm ölkəmiz Suriyanın vəziyyətinə düşsün. Bir bomba düşsə, hamı pulu-imkanı qoyacaq kənara, canını düşünəcək. Sakit, rahat oturmuşuqsa, şükür etməliyik".
Mövzu ilə bağlı dini mövzular üzrə yazar Kənan Rövşənoğlu ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan K. Rövşənoğlu bu sözləri deyib:
“Əslində bu yeni məsələ deyil, 2011-ci ildə Misirdə etirazlar başlayanda Məkkə müftiləri etirazların haram olduğunu demişdi. Buna cavab olaraq Əl-Əzhər Universiteti (Misirdə İslam dünyasının ən qədim Universitetlərindən biri – Red.) isə dəstək vermişdi.
Belə desək, bu, yorum, yozum məsələsidir. Bir qism alimlər deyir ki, dindar belə şeylərə qarışmamalıdır, bir qism deyir ki, qarışmalıdır, bu həm də dini vəzifədir. Bu həm də məzhəbə görə deyil. Yəni bu məzhəb razıdır, o biri razı deyil şəklində deyil. Hər məzhəbdə, cərəyanda mənfi və müsbət fikir deyən var.
Amma ümumilikdə İslamda haqq demək, etiraz etmək bir vəfizədir, müsəlmanın borcudur. Sadəcə zamanla, xüsusən də İslamda səltənət sistemi yarandıqdan sonra bu cür fikirlər ortaya atılıb ki, padşah kim olursa olsun, etiraz etmək olmaz. Amma bu, İslamın ruhu ilə uyğun deyil”.