Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Haqlısınız, bıçaq çəkmək artıq idi, amma – AXI NİYƏ?!


Sayı günü-gündən artan bütün əhmədlərin dərsi ictimai qınaqla verilməlidir
 
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.
 
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
 
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
 
Oxucuların diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
 
Azərbaycanın müstəqilliyinin ilk illəriydi, mən orta məktəbin yuxarı siniflərində oxuyurdum. Çox çətin bir dövrə təsadüf etmişdi həmin gəncliyin taleyi. Qarabağda müharibə, qaçqınlar, işsizlik, gecikən maaşlar, çörək növbələri, hətta siqaret qıtlığı. Amma insanlar adam kimi adam idilər. Hamı bir-birinə kömək edir, çətinə düşən həmvətəninə bacaran əməli ilə yardım edir, bacarmayan sözü ilə - “darıxma, bu da keçər” mesajını verirdi. 
 
Elə məktəb uşaqları da fərqliydilər o zaman. Qarışıqlıqdan istifadə etmək heç kimin ağlına da gəlmirdi. Hamı dərsini oxuyub, bu ölkəyə faydalı olmağa çalışırdı. Belə günlərin birində mən evdən məktəbə getmək üçün avtobusa mindim, lakin həmin gün mən dərsə yox, polisə çatdım.
 
Yox! Qətiyyən! Şəhərin əlləm-qəlləm məhəllələrindən birində böyüməyimə baxmayaraq, səbəb mənim “povedeniyam” olsa da, neqativ bir şey yox idi. Mən o zaman bizə məktəbdə keçirilən, müəllimlər tərəfindən dəfələrlə təkrar edilən, hər daşda-divarda yazılan, beynimizə həkk olan bir qaydanın zibilinə düşmüşdüm. Avtobusa minəndə gördüm ki, iki gənc oturub, amma onların başlarının üstündə bir yaşlı qadın dayanıb. Gənclər özlərini elə aparırlar ki, guya bu qadını görmürlər.
Düzdür, o zaman “ağıllı telefonlar” filan yox idi, amma gənclər, guya hansısa qəzeti oxuyur və mübahisə edirdilər. Yazıq qadın bir xeyli bunlara baxdı ki, yer versinlər, gördü, xeyri yoxdur. Nə başınızı ağrıdım, dözmədim və onlara hamının eşidəcəyi bir səslə “qardaşlar, bir arada başınızı qaldırın, belə olmaz axı”, - dedim. Sonda o yadımda qalıb ki, növbəti avtobus dayanacağında düşdük və əlbəyaxa olduq, köynəklərimiz cırıldı, ta ki, bizi digər adamlar ayırana qədər. Hadisəyə polis qarışdı...
 
Bu hadisəni yadıma salan bir xəbər oldu. Bakının “28 may” metrostansiyasında bıçaqlanma hadisəsi baş vermişdi. Nizami adlı cavan oğlan Əhməd adlı (adlar şərtdir, çünki bu yazının mahiyyətinə dəxli yoxdur) digər cavanı bıçaqlamışdı. Nizamidən səbəbini soruşanda, deyib ki, o, metroda qadına yer vermədi. İrad tutanda isə məsələ keçib “əcəb eləmişəm” tipli mübahisələrə. Sonu da belə olub. 
 
Əslində, heç bu xəbəri də yazıya çevirmək istəmirdim, amma xəbəri bölüşdüyümdə o vaxtkı, məndən 3-4 yaş böyük oğlanın “Nəyinə lazım idi eee? Özünü zibilə saldı” dediyinin şahidi oldum. Yəqin ki, indi bir çox gənclər da həmin bu oğlan kimi düşünürlər.
 
Səbəbi? Səbəbini bilmirəm. Bəlkə məktəb proqramı dəyişilib, bəlkə müəllimlər, bəlkə də indiki gənclərin əksəriyyətinin “ponyatkası”... Amma, bizim vaxtımızda qadına, qocaya, uşağa yer verməyənə həmin nəqliyyatda olan bütün insanlar pis baxırdılar. İşdən, gecə növbəsindən çıxsan belə, nəqliyyatda yuxarıda dediyim təbəqədən olan insanlara yer verməliydin. Əgər yaşlı adama yer verməsəydin, metroda gördüyün xoşuna gələn qız belə, sənə qaş-qabaq edər, “cayıl” saymazdı. 
 
Gənclər müqayisələri qəbul etməsələr də, deyəcəyəm: bizim dövrümüzdə əhmədlər ona görə az idi ki, nizamilər çox idi. Yəni ictimai qınaq vardı. Əgər yaşlıya yer verməyən oğlan bunu axşam evində danışırdısa, yaxşı halda anasından “ayıb olsun”, pis halda isə atasından bir şapalaq alırdı. Hələ bu hadisədən xəbər tutan dostları və məhəllə uşaqlarını demirəm. Və həmin adam özünə söz verirdi ki, daha belə “bespantovı” hərəkət etməyəcək.
 
Bu tərbiyə, davranış növü kinolardan da evlərimizə axırdı. Çoxumuzun sevə-sevə baxdığımız “I əməliyyatı və ya Şurikin başqa macəraları” filmindəndir məqalənin illüstrasiyası. Orada hamilə qadına yer verməyən yekəpərə olan ictimai qınaq, cılız Şurikin belə, ona qarşı qalxmasına bir dəstək idi... 
Bilirəm, indi bir çoxları deyəcək ki, axı bu Nizaminin nəyinə lazım idi bu mübahisə? Bıçağa əl atmaq? Axı özünə də kifayət qədər problem yaratdı, filan. Allaha yalvarıram ki, Nizaminin polislə problemi tez və mümkün qədər rahat həll edilsin. Ən azı gələcəyinə mane olmasın bu insident.
 
Haqlısınız, bıçaq artıq idi. Amma Əhməd hansısa yolla dərsini almalı idi axı. Və zəmanəmizdə sayı günü-gündən artan bütün əhmədlərin dərsi ictimai qınaqla verilməlidir. Verilməsə, onda 90-cı illərin əvvəllərində mən evə dayanacaqdan niyə cırıq köynəklə qayıdırdım? Axı niyə?!

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10