Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yataq otağından qonşu qadına baxan Xalq yazıçısı – Evindən reportaj - Yeni Layihə



“Orda bir ev var, uzaqda” adlı yeni layihəyə başlayır. Bu layihədə mərhum yazıçılarımızın yaşayıb-yaratdığı evdən reportajlar olacaq.
İlk reportaj Xalq yazıçısı Süleyman Rəhimovun evindəndir...
Dənizçilər məktəbi ilə üzbə-üzdə yerləşir evdə bir zamanların ən qalın romanlarını yazan kişi yaşayırmış. Zərifə Əliyeva küçəsində...
    Mən o evin pəncərəsindən dənizə açılan mənzərəyə baxanda nədənsə, köhnə Bakını görmüş kimi oldum. Sanki bir əl rəngli Bakını bozartmışdı. Ağ-qara kadrlar keçirdi mərkəzi küçələrdən...

Süleyman Rəhimovun son beşiyi qalır bu evdə. O biri uşaqların hamısı atalarının yanına “köçüblər”.
- Mən bu evi qoyub gedə bilmədim. Ailəm üzbə-üzdəki evdə qalır, ancaq gecələr yatmağa bura gəlirəm.
Süleyman Rəhimovun yatdığı otağa gəlirəm. Oğlu Aqil qolumdan tutur:
- Yox! Yox! Ora girmə!

Qapının arxasından çarpayının bir hissəsini görürəm.
- Niyə?
- Pis gündədir. Düzəltmək lazımdır.
Sən demə, bura muzey olacaqmış, ona görə də hər yer dağınıq idi. Bütün otaqlarda səliqəsizlik və bir də Süleyman Rəhimovun kağız-kuğuzları vardı.

Sənədlər, məktublar və bir də yazdığı əsərlərin əlyazması...
Əziz Nesin gəlir ağlıma. Vaxtıyla Süleyman Rəhimovun yazı masasının üstünə baxır, görür, hər yer əlyazmayla doludur, soruşur:
- Hocam, siz elə hey yazırsınız, bəz nə zaman düşünürsünüz?
Onun sualına illər sonra sonbeşik oğlu cavab verir:
- Onun qəribə yazmaq tərzi vardı. Bir əsəri yazmağa başlayırdı, qəfil başqası çıxırdı ortaya. Onu qurtarırdı, növbətinə keçirdi. Paralel şəkildə üçünü də yazırdı.

Özü də yaza-yaza dovğa içməyindən də qalmırmış. Dovğa demişkən... Oğlu deyir, arvadı ərinin xasiyyətini bildiyindən iri vedrələrə dovğa doldurub hər otağa qoyurmuş. Yataq otağı, iş otağı və s.
Və Süleyman Rəhimov o iri romanlarını yaza-yaza dovğa içirmiş.
Gecə düşür, hər yerdən əl-ayaq çəkilir, otaqlarda yuxulu sükut dolaşır. Süleyman Rəhimov yazdığı kağızları səliqəyə salıb bir qırağa qoyur və gedir yataq otağına.
Pəncərədən o tərəfdə güzgüdə özünə bəzək verən qadın görür. O qadın limonad sexinin müdirinin arvadıymış. Yoldaşı gecənin tən yarısına kimi işləyir deyə arvadı tək-tənha evdə gözləməkdən darıxırmış. Və darıxa-darıxa gəlib güzgünün qabağına keçir, aldığı pal-paltarı geyinib-soyunurmuş.

Oğlunun dediyinə görə, hər gün təkrarlanan bu mənzərəni Süleyman Rəhimov ilk dəfə görür. Limonad sexinin müdirinin arvadı olan erməni qadının güzgüdə soyunub-geyinməsinə baxa-baxa bir də görür ki, dovğa qurtarıb, çömçə boş qabın dibinə dəyib danqıldayır, yataq otağında yatan xanımı dodaqaltı mızıldanır...
Yazı masasının üstündəki kağızlara baxa-baxa öz-özümə dedim ki, gör bu əsərlərin meydana çıxmasına görə nə qədər dovğa hazırlanıb.
- Ət yeməyəndə yaza bilmirdi... – oğlu bunu da əlavə edib gülümsünür.
Masanın üstündə şəkillər də vardı. Yazıçının uşaqlığını, gəncliyini göstərən şəkillər. O şəkillərlə indi təkcə bir adam danışırdı: o da son beşikoğlu Aqil müəllim.

Yazı masasının düz yanında, otağın ortasında yekə bir yeyib-içmək stolu var. Və qəribədir ki, o zaman necə vardısa, o cür də saxlanılır. Üstü içki şüşələri ilə, qab-qaşıqla doludur. Çox güman, Süleyman Rəhimovun sağlığında da belə olub.
- Elədir. Həmişə beləydi. Biz yaman qonaq-qaralıydıq. Bura bilirsən kimlər gəlib?
Həqiqətən e, bu evə kimlər gəlməyib? Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm... O vaxtın gənc şairlərindən Bəxtiyar Vahabzadə... Kimlər-kimlər...
- Bəs Bağırov gəlib?
- O yadımda deyil. Çox balaca olardım.

Ancaq oğlu bir məqamı unutmur. Bir dəfə pəncərədən Bağırovu görübmüş. Atasını çağırtdırıbmış.
Hə, bir də telefon danışıqları.
- O vaxtın telefonları eləydi ki, evlərə paralel çəkilirdi, zəng gələndə bütün otaqlardan eşidilirdi. Dəstəyi götürəndə o biri tərəfdən başqası da dəstəyi qaldırıb danışılanları eşidilirdi.
Aqil pusqudaydı, atası telefonu götürən kimi o da o biri otaqdan götürüb qulaq asırmış. Atasının kimlərlə danışğını dinləməyib? Mircəfər Bağırov, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim...

- Elə maraqlıydı ki, onların söhbətinə qulaq asmaq!
O söhbətlərin bir-ikisini paylaşmağını istəsəm də, paylaşmır. Deyir, mənimlə sirr kimi qəbrə gedəcək.
- Sizə ilk dəfə göstərirəm buranı. – oğlu deyir. – Ayrı adamları otaqlara baxmağa qoymuram.
- Niyə?
- Nə bilim, deyirəm birdən gedib nəsə pis şey yazarlar. Muzey olacaq bura. Təmir olunmalıdır.
Aqil müəllimin bir dostu da bu evə gəlib gedir. Yaşlı kişi bizə çay verəndə utandığımdan ayağa dururam:
- Ağsaqqal, zəhmət çəkməyin...

Aqil müəllim zarafatcıldır:
- Cavan oğlandı e, nə ağsaqqal? – ardınca da əlavə etdi – Hazır ayaqdaykən birini də mənə gətir.
Kişi əlləri əsə-əsə stəkanı götürür və mən indi ona diqqətlə baxanda fikir verirəm ki, Süleyman Rəhimova bir azca oxşayır.
Parketləri cırıldada-cırıldada gedir.
- Bu ev Süleyman Rəhimova verilən üçüncü evdi... – oğlu deyir. - İki dəfə ev vermişdilər. Nazirlər Sovetinin sədri var idi - adını yadına salmağa çalışır, tapa bilmir -, o vermişdi. Bir dəfə atama deyib, sizə bir ev verdim, aparıb verdiniz Mehdi Hüseynə, birini də verdik, onu neylədiniz? Beşotaqlı ev idi. Atam o evi iki yazıçıya verdi. Deyəndə ki, bəs el-elə sığar, ev-evə sığmaz, xeyri olmadı. Dedik, bəs, dədə (biz ona dədə deyirdik) iki ailə bir evdə qala bilməz axı, dava düşər, söz-söhbət düşər. Dedi, o iki ailə elə vəziyyətdədir ki, gül kimi yola gedəcəklər. Doğrudan da elə oldu.

- Kimlər idi o yazıçılar?
Alnını qaşıyır.
- Yox. Tapa bilmədim. Amma ev Hüsü Hacıyevdə idi. Elçin Əfəndiyev də orda qalır. Bax o bilər...
O iki yazıçı da atasının telefon danışıqları kimi sirr olaraq qalır.
Yəqin sirli qalan başqa məqamlar da vardı. Onun əlyazmalarında, fotolarında bu sirlərin hənirtisi dolaşırdı.
Ölümü bu evdən uzaqda olub. Öz qızının yanında. Qızının doğum gününün səhəri...
- Orda keçinib. Heç kimə xəbər vermədən evə gətirdim. Elə elədim ki, kimsənin xəbəri olmadı.
Və oğlu elə bu evdəcə onu yuyub, kəfənləyib.
- Niyə burda yudunuz?
- Belə məsləhət oldu.
Bu, onun evində son anları idi. Həmişə evə dost-tanışıyla, ya da boğçasında yeni mövzularla gələn yazıçı bu dəfə burdan birdəfəlik gedirdi. O ev əbədi olaraq onun nəfəsindən məhrum olmuşdu.

Kulis.az
Yataq otağından qonşu qadına baxan Xalq yazıçısı – Evindən reportaj - Yeni Layihə                                                                                 Yataq otağından qonşu qadına baxan Xalq yazıçısı – Evindən reportaj - Yeni Layihə                                                                                 Yataq otağından qonşu qadına baxan Xalq yazıçısı – Evindən reportaj - Yeni Layihə                                                                                 Yataq otağından qonşu qadına baxan Xalq yazıçısı – Evindən reportaj - Yeni Layihə                                                                                 Yataq otağından qonşu qadına baxan Xalq yazıçısı – Evindən reportaj - Yeni Layihə 1 / 5





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10