Bu imkandan faydalanan varmı?
Bu il, dekabrın ilk günlərində Masallı rayonunun “Köhnə bazar” adlanan hissəsində bir ticarət cərgəsində yanğın baş verdi. 20-yə yaxın dükan içindəki min manatlıq məhsullarla birlikdə yandı. Dükan sahibləri ümumilikdə 1 milyon manata yaxın ziyana düşdülər. Həmin ərəfədə narahatlıqlarını ifadə edən satıcılar tez-tez təkrarlayırdılar – bütün sənədlərimiz qaydasındadır, torpaq sənədi, FHN-dən razılıq, “kupça”... Təkcə bir sənəd yox idi – dükanların və dükanlardakı malların sığortası.
Eyni mənzərə yaşayış evləri, tövlə, digər tikililər yananda da baş verir. Sığortası olmayan mülk sahibləri aylarla, bəzən illərlə icra hakimiyyəti rəsmilərinin, xeyriyyəçilərin qapısını döyməli olurlar.
Bəs dükanların, mənzillərin, digər tikililərin sığortalanması dükan sahiblərinə neçəyə başa gələ bilərdi?
Bu sualı cavablandırmazdan öncə sığortanın tarixinə qısa nəzər salaq. İnternet resurslarına istinadən bildirə bilərik ki, qədim dövrdə karvanları sığorta edərmişlər. Yunan-Roma mədəniyyəti dövründə isə gəmiləri sığorta ediblər. Belə ki, gəmi səfərə çıxanda onun sahibi xüsusi haqq ödəyir. Gəmi salamat qayıtdıqda həmin məbləğ gəmi sahibinə ödənilirdi. Sığorta, Miladdan öncə, 1800-cü ildə Babildə yaranıb, Hammurabi deyilən qanunla hüquqi forma alan sığorta hazırda inkişaf etmiş ölkələrdə olduqca geniş formada yayılıb. İlk belə siğorta şirkətləri isə İngiltərədə yaradılmışdır.
“Azərbaycanda isə ilk dəfə sığorta XIX əsrin ortalarında tətbiq edilməyə başlanmışdır. Ən iri sığorta təşkilatı “Rus sığorta cəmiyyəti” sayılırdı. Bu cəmiyyətin 30 ildən çox əvəzedilməz təşkilatçısı məşhur iş adamı Məşədi Abbasqulu Əhmədov idi. A. Əhmədov işində olduqca dəqiq, ciddi və sərt idi”. (8-9-cu siniflər üçün “İnsan və cəmiyyət” kitabı, səhifə 101).
İndi isə yazımızda bir qədər əvvəl bildirdiyimiz sualın cavabına Azərbaycan Dövlət Sığorta Şirkətinin Masallı filialının aparıcı mütəxəssisi Fizuli Teymurovun təqdimatında aydınlıq gətirək:
- Etiraf edək ki, əhalinin böyük əksəriyyəti sığorta qaydalarından, onların incəliklərindən məlumatlı deyil. Bu sahədə qanunlarda da bəzi boşluqlar var. Konkret olaraq sizin qoyduğunuz suala bir nümunə ilə aydınlıq gətirim. Bəlli olduğu kimi sığortanın 2 forması var – icbari və könüllü. Əgər vətəndaşın mülkinin dəyəri 30 min manatdırsa, bunun 15 min manatı 30 manat ödənilməklə icbari sığorta oluna bilər. Mülkün qalan 15 min manatlıq hissəsini könüllü olaraq, 0, 5 faizlə sığortalamaq mümkündür. Bu da 15 min manata 75 manat edir. Ümumilikdə 30 min manatlıq binanı 30 manat icbari, 75 manat könüllü, ümumilikdə 105 manat ödəməklə sığortalamaq olar. Bir il müddətində bu məbləğə sığortalanmış evdə yanğın və digər təbii fəlakətlər səbəbi ilə mülk sahibinə ziyan dəyərsə, sığorta şirkəti həmin ziyana görə 30 min manata qədər vəsait ödəyir.
Eləcə də dükanlar üçün də belə qaydalar mövcuddur. Konkret desək, Masallıda yanan 30 kvadratmetrlik dükan 10 min manata sığortalansa idi, buna görə həmin şəxs cəmi 16 manat ödəyəcəkdi.
Onu da xatırladaq ki, bu qaydalar ancaq tikililərə, evlərə, dükanlara, digər qeyri-yaşayış sahələrinə aiddir. Evin, dükanın içindəki əşyalar, satış üçün mallar ayrıca sığortalanmalıdır. Xırdavat malları satılan dükanlarındakı malların sığortalanmasında bəzi boşluqlar olsa da, yəqin ki, bu vəziyyət yaxın vaxtlarda qanunla tənzimlənəcəkdir.
Bəs bu sahədəki qanunlarda boşluq nədən ibarətdir?
Biz icbari sığorta deyirik. Yəni vətəndaşın mülkünün ən azı 15 min manatlıq hissəsi ildə 30 manata sığortalanmalıdır. Bəs vətəndaş bu qaydaya əməl etmədikdə onu hansı cəzalar, cərimələr gözləyir? Demək olar ki, heç bir cəza. Əslində avtomobillərin sığortası üçün də belə hal mövcuddur. Lakin avtomobillərin texniki baxışı zamanı sürücülərin buna məcbur edilməsi, eləcə də yol polislərinin sürücüləri avtomobili sığorta etmədiyinə görə cəzalandırması bu sahədə müəyyən qayda yaradılmasına yardımçı olur.
Sığorta müfəttişləri belə hesab edir ki, əgər mənzillərin icbari sığorta olunmaması üçün müəyyən cərimələr müəyyənləşsə, bunun ümumi işə faydası olar. Konkret fakta müraciət etsək, 210 minlik əhalisi, 40 min təsərrüfatı olan Masallı rayonunda obyektlərin cəmi 2.5 faizi sığortalanıb.
Biz nələri bilmirik?
Sığortanın olduqca müxtəlif formaları var. Məsələn, insan ildə cəmi 5 manat ödəməklə bədəninin müxtəlif üzvlərini, əlini, ayağını sığortalaya, eləcə də riskli hadisələrdən 1000 manat məbləğində sığortalana bilər.
Bu sığortaya aşağıdakılar daxildir:
- Qəflətən və gözlənilmədən otağa dolan qazların tənəffüsündən baş verən ölüm hadisəsi;
- Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burxulması və qopması;
- ilan və həşəratların çalması nəticəsində zəhərlənmələr və ölüm;
- Quduzlaşmış heyvanın sığorta olunanı dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən xəsarəti,
- Sığortalının zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi, günəş vurması, donma nəticəsində zədələnməsi və ölümü;
- Sığortalının suda boğulması nəticəsində zədələnməsi və ölümü;
- Keyfiyyətsiz ərzaq və qida məhsulları, dərman preparatlarının qəbulu, anaflaktik şok və s. nəticəsində zədələnməsi və ölümü.
Yəni, vətəndaş 5 manat ödəyir, yuxarıda sadaladığımız hallar baş verdikdə 1000 manata qədər yardım alır. Əgər vətəndaş belə hallardan 2000 manatlıq sığorta olunursa, ildə 10 manat ödəyir. Sığorta miqdarını daha yüksək məbləğlərə də qaldırmaq olar. Məsələn, illik 50 manat ödəyib 10 min manata sığortalanmaq olar.
Sığortaçılardan da narazılar varmı?
İndi hər rayonda bir neçə, bəzən 10-dan artıq sığorta şirkətinin nümayəndəliyi olur. Bəzilərinin heç otağı yoxdur, onlar Yanacaq Doldurma Məntəqəsində, bəzi şirkətlərin künc-bucağında əyləşir. Bəzi sığorta müfəttişlərinin özü belə sığorta qaydaları haqqında kifayət qədər məlumatlı olmur. Ən başlıcası isə insanların sığortaya güclü inamı yoxdur. Ortada dəqiq fakt olmasa da, belə şayiələr dolaşır ki, bəzi sığorta şirkətləri ziyana görə ödəyəcəyi məbləğdən faiz umurlar. Belə ki, məsələn, avtomobil qəzasına görə sığorta şirkəti vətəndaşa 5 min manat pul ödəyəcəksə, onun 1000 manatını şirinlik kimi umur. Nə dərəcədə dəqiqdir. Bax bu barədə konkret fakt demək çətindir.
Bəzən sığortalılar da sığorta şirkətinə badalaq gəlməyə çalışırlar. Belə bir hala təsadüf edilib ki, bahalı maşınını Kasko sığorta elətdirən şəxsin onun bütün hissələrini çıxardaraq uçurumdan yuvarladıb ki, fırıldaq yolu ilə yüksək məbləğdə sığorta alsın.
...Bu gün sığorta həyatımıza möhkəm daxil olub. Sığorta təşkilatları bu sahədə daha aydın, hamının başa düşəcəyi formada təbliğat kampaniyaları təşkil etməli, həm qəzetlərin, həm televiziyaların, həm də elektron vasitələrin imkanlarından lazımınca faydalanmalıdır.
Müstəqil ekspert Elxan Babazadə təklif edir ki, daşınmaz əmlakın icbari sığortalanması üçün inzibati mexanizm olmadığından icra hakimiyyətinin ərazi nümayəndəliklərində, mənzil kommunal xidmətləri idarələrində hər hansı sənəd üçün müraciət edən şəxslərdən əmlakının sığorta olunması haqqında şəhadətnamə tələb olunmalıdır.
Sərraf