Öncə sərlövhənin və yarımsərlövhənin açmasından başlayaq. Avropanın inkişaf etmiş ölkələrində yaşamağın - həm işləməyin, həm istirahətin necə gözəl olduğunu dünyadan az-çox xəbəri olanlara izah etməyə ehtiyac yoxdur. Elə ABŞ və Avropanı azdan-çoxdan gəzib-dolaşan bir insan kimi deyə bilərəm ki, burada nəinki insan, hətta heyvanların hüquqları yüksək səviyyədə qorunur, həbsxanalarda belə məhkumlar üçün ideal şərait yaradılır. Elə həbsxanalar var ki, orada çimərliklər də təşkil edilib. Amma bu ölkələrdə ölmək elə də asan deyil. Qəbir yeri olduqca bahadır. Bahalığı bir yana, həmin yerlər əbədi də deyil. Məsələn, Almaniyada qəbir yeri 10 il müddətinə satılır. 10 ildən sonra əlavə pul ödəməsən, meyiti atırlar kənara. (Bizdə bəziləri ölməmişdən 10 il qabaq özünə qəbir qazdırır).
Amma nəinki Avropa, hətta Asiya qitəsinin əksər ölkələri ilə müqayisədə Türkmənistanda hüzr məsələsində mənzərə tamam başqadır. Necə deyərlər, burada ölmək olduqca asan və problemsizdir. Belə ki, əhalisinə qazı, suyu, elektriki havayı, benzini, çörəyi su qiymətinə verən Türkmənistan hökuməti ölüləri də unutmayıb, dünyasını dəyişən insanın qəbrinin qazılmasından tutmuş mollasına qədər hüzr mərasiminin xərclərini öz üzərinə götürür. Bu xərclər sırasına hökumət hesabına 3 gün pulsuz çay ehsanı da var. Bütün xərclər hökumət hesabına edildiyi üçün hüzr mərasimlərində pul yığılmır.
Bizim 13 il öncə dediklərimiz
Bütün bu xatırlatmalarımız səbəbsiz deyil. Son vaxtlar dəbdəbəli hüzr mərasimlərinə qadağalarla bağlı geniş müzakirələr gedir və müvafiq tədbirlər görülür.
Yaddaş problemi olmayan oxucularımıza bir daha xatırlatmaq istəyirik ki, hələ 13 il öncə, “Cənub xəbərləri” qəzeti “Masallı xəbərləri” adı ilə çap ediləndə cənub bölgəsinin Qazisi Hacı Mirqiyas Ağadan müsahibə aldıq və hüzr mərasimləri ilə bağlı xoşagəlməz məqamları araşdırdıq. Dəbdəbəli ehsanlardan tutmuş 40 gün, hətta 1 il saqqal saxlamaq adətlərinə münasibətimizi açıqladıq. Həmin vaxtlar bizi az qala “vətən xaini” elan etmişdilər. Bu gün isə 13 il öncə dediklərimizi az qala hamı deyir. Həmin yazıdan bəzi hissələri qısaldılmış şəkildə diqqətinizə çatdırırıq.
“Məcburi qaydalar”
“... Vəfat etmiş şəxsi yumaq, kəfən etmək, onun üçün namaz qılmaq, qəbir qazıb dəfn etmək”.
Qazı müsahibəsində bildirir ki, bu 4 şərtdən savayı nə varsa, adət-ənənədir. Yəni hər kənd, hər rayon, hər tayfa öz ölüsünü özü bildiyi kimi dəfn edir.
Qəbr üstə getmək
Qazi: “Hər gün qəbir üstə getməyin nəinki savabı, hətta günahı var. Qəbirüstə, mərhumun dəfn günü, 3-ü, 7-i, bir də 40-ı günü getmək daha məqsədəmüvafiqdir.
Hər gün qəbir üstə gedib orada futboldan tutmuş, hər cür ara söhbətlərinə qədər laqqırtı vurmaqdansa, heç getməmək daha yaxşıdır”.
(Haşiyə. Təəssüf ki, bu gün də hər gün, 40-a qədər qəbir üstə gedənlər, hətta qəbiristanlıqda mərhumun üçündə çadır qurdurub molla əyləşdirənlər də var.
Həmçinin, bəzi şəxslər hüzrə gələnlərə əziyyət verməmək üçün dünyasını dəyişən şəxsin 3-ü, 7-si və 40-ı günü ancaq yaxın qohum olan 4-5 nəfərlə qəbir üstə gedirlər).
Baş daşları
“...İndi həccə gedənlər, digər müqəddəs yerləri ziyarət edənlər əyani şəkildə görür ki, imamlarımızın qəbri üstündəki daşların hündürlüyü 30-40 sm-dən hündür deyil.
Bəs bizdə necədir? Ömür boyu kostyum geyməyən, qalstuk vurmayan, buxara papaq qoymayan şəxsin baş daşında bu qiyafədə rəsmi həkk olunur. Məgər o dünyada univermaq-filan var?
Bu bahalı baş daşlarını pula çevirsək, nə qədər məktəb tikmək, yol çəkdirmək olar”.
Saqqal saxlamaq
“İnsan öz kədərini nümayiş etdirməməlidir. Əgər ömürlük saqqal saxlayırsansa, bunun qaydaları var. Əgər hüzrə görə saqqal saxlayırsansa, bunun heç əhəmiyyəti yoxdur. Sən ətrafa qəm, qüssə yayırsan. Dərdini bayraq edirsən. Bu dərd sənindir. Onu qəlbində yaşatmalısan. Xüsusən, xidmət sahəsində çalışanların, dövlət işində olanların belə saqqal saxlaması başa düşülən deyil. Kimisi atası öləndən sonra musiqi kasetləri satır, amma 1 il saqqalını qırxdırmır”.
Ehsan
“Əgər bu gün məndən 1 “şirvan” alıb, mənə 2 “məmmədlik” ehsan verirsənsə, bu, ehsan deyil.
Ehsan verirsənsə, pul niyə yığırsan?
Pulun yoxdursa, niyə ehsan verirsən?
Hüzr məsciddə olsun
“Qonşu İranda əksəriyyət hüzr mərasimini məsciddə keçirir. Bir anlığa fikirləşək - Quran orada, minbər orada, təmizlik orada... bir də görürsən ki, məscidin qabağında çadır qurublar. İranda bu sahədə nümunə olacaq işlərdən biri də odur ki, kim dünyasını dəyişirsə, şəhərin müvafiq elanlar üçün ayrılmış guşəsində bu barədə məlumat vərəqi yapışdırırlar”.
- Bəli, bizim 13 il öncə dərc etdiyimiz yazıdan qısa parçaları təqdim etdik.
Təəssüf ki, aradan 10 ildən artıq bir zaman keçsə də, hələ də hüzrlə bağlı bəzi xoşagəlməz adətləri tərgitməmişik.
4-5 il öncə Naxçıvanda bununla bağlı sərt qərar verildi. Hüzr 3 gün olsun, məclisdə çayla qənddən özgə ehsan adına heç nə verilməsin.
Bu günlərdə isə Azərbaycan hökuməti dəbdəbəli hüzr mərasimlərinə son qoyulması ilə bağlı qərar verib. Bu qərar tövsiyə xarakteri daşısa da, bəzi yerlərdə məcburi qaydada icrasını tələb edirlər.
Hökumət nələri tövsiyə edir?
Hökumətin qərarında bildirilir ki, hüzr məclislərində ehsan verilməsin. Hamı çay, ən uzağı yüngül şirniyyat süfrəsi ilə kifayətlənsin.
Bu qərar son illərdə bəlkə də arabir əmək haqqı artırmaları barədə sərəncamlar istisna olmaqla, əhali tərəfindən hökumətin razılıqla qarşılanan bir neçə qərarından biridir.
Hazırda Bakıda, Lənkəranda, Astarada, Masallıda (şəhərin özündə) əksəriyyət hüzrü 3 gün edir. Lakin 7 gün ehsan verən, hər dəfə hüzrə gələnləri az qala ehsana qalmağa məcbur edənlər də yox deyil.
Bu il Ramazan ayı yay fəslinə düşdü. Adamlar saat 6-da qəbir üstünə gedir, sonra da 3 saatdan sonra saat 9-da ehsan yeməyə qayıdırdılar. Camaata verilən əziyyət ehsanın savabından çoxdur.
Kremençuk təcrübəsi
Bu barədə bir dəfə yazmışam, yeri gəldi, bir də xatırladıram. 6 il öncə Ukraynanın Kremençuk şəhərinə getmişdim. Bir parkda çoxlu və yüksək səviyyədə hazırlanmış oturacaqlar gördüm. Hamısının üstündə də Ukrayna dilində yazı. Soruşdum ki, bu, nə yazılardır belə? Dedilər, şəhərdə imkanı olan hansı şəxsin qohumu rəhmətə gedirsə, şəhərin meri ilə razılaşıb onun xatirəsinə burada bir oturacaq qoyur.
Bir anlığa Masallının mərkəzindəki 5 il öncə 450 min manata təmir-abadlıq işləri görülən Xətai parkındakı primitiv, arxası olmayan, adi taxta parasından ibarət oturacaqlara baxaq və qəbiristanlıqlardakı mərmər baş daşlarını xatırlayaq. Görəsən, bunlardan hansı daha əhəmiyyətlidir. Hər imkanlı şəxs ehsan əvəzinə bir oturacaq düzəltdirsə,...
Yuxarıda Türkmənistan təcrübəsini də xatırlatdıq. Bizim hökumət təkcə tövsiyələrlə, qadağalarla məşğul olmayıb, yaxşıların nümunəsindən faydalanıb hüzr mərasiminin xərclərini öz üzərinə götürsə, daha faydalı olar.
Ehsanlarla bağlı fikirlər də bir mənalı deyil.
Əksəriyyət dəbdəbəli ehsanların əleyhinə olsa da, bəziləri yarızarafat-yarıciddi deyir, elə xəsis varlılar var, onlardan ancaq əzizləri öləndə ehsan almaq olur, belə şəxslər ancaq hüzr vaxtı bir az səxafətli olurlar, buna da hökumət qadağa qoyur.
Bu gün hüzr mərasimlərində ehsanlar əndazəni aşır. Bəzi mollalar dildə belə ehsanların əleyhinə olsa da, reallıqda buna yardımçı olurlar. Hüzr məclisinin 3 gün olması artıq çox yerdə icra edilsə də, hələ də ölüyə ehtiramı hüzr günlərinin çoxluğunda, hər gün qəbir üstə getməkdə görənlər də var.
Lakin mollanın özünə sərf etməyəndə həmin adətlərə son qoya bilir. Bir neçə ay öncə bir mollanın həyat yoldaşı dünyasını dəyişmişdi. Hüzrdən 2 ay sonra gələn orucluq bayramında adamlar onun evinə qara bayram başsağlığına gəlmək istəyib. Molla isə qapını bağlayıb və evdən gedib. Deyib ki, harada yazılıb ki, orucluq bayramında sizə halva-çörək verməliyəm. Mən eləmirəm, siz də eləməyin.
Hüzrlə bağlı xoşagəlməz adətlərin aradan qaldırılması üçün qaydalar tövsiyə xarakteri daşıyır. Görəsən, təkcə tövsiyə ilə iş düzələcəkmi? Biz yenə dəmi dirilərdən, xəstələrdən daha çox ölüyə ehtiram göstərəcəyik?
Vaxtilə Rusiyada çox qəribə adətlər var idi. 1 Pyotr zorla bəzilərinin saqqalını, uzun paltarını kəsdikdən, əhali üzərinə saqqal, hamam vergisi qoyduqdan sonra onları aradan qaldırdı. V.İ.Lenin bu barədə yazırdı ki, 1Pyotr Rusiyanın vəhşi adətlərinə qarşı vəhşicəsinə mübarizə apardı.
İndi biz o yolu tutmasaq da, heç olmasa məmurlar, ruhanilər, ziyalılar öncə nümunə göstərməlidirlər.
Zahir