
“Bu ilin iyul ayında sutəmizləyici qurğularla bağlı təlimdə iştirak etdim. Təlimdən sonra İnsan Resursları Mərkəzində imtahana qoşuldum, yüksək nəticə ilə imtahandan keçdim. “Azərsu” ASC-nin rəsmi səhifəsində işə qəbul olanların siyahısı çıxdı, orada mənim də adım vardı. İşə qəbulla bağlı əmrim və başqa sənədlərimlə Şabran Sukanal İdarəsinə gəldim. Orada müsahibə zamanı keçmiş məhkumluğum (vaxtilə bölük komandiri kimi qısamüddətli məsuliyyətə cəlb olunmuşdum) haqqında məlumatı dedikdən sonra mənə qarşı münasibət dəyişdi. Mənim işə qəbulumdan imtina edildi, səbəb də bu gətirildi ki, ““Azərsu” məhkumluğu olmuş adamı işə götürə bilməz””.
Bu məlumatı Şabran rayon sakini Səfər Abasov göndərib. O, belə davam edib: “Vaxtilə Ali Hərbi Məktəbi bitirmişəm, ehtiyatda olan zabitəm. Onlara dedim ki, mənim işlə təmin olunmağıma maneə kimi göstərilən məhkumluqdan sonra 10 il müddətində Siyəzən və Şabran rayonlarının orta məktəblərində dərs demişəm. Yəni mənə pedaqoji fəaliyyətim üçün imkan yaradılıb, uşaqlarla işləməyimə icazə verilib, amma indi kanalizasiyada işləməyimə imkan verilmir. Axı niyə? Cavabında dedilər ki, “müəllim işləyə bilərsən, amma kanalizasiya sistemində yox””.
“Mənə edilən bu haqsızlıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 “qaynar xətt”inə zəng vurdum. Bilmək istəyirəm ki, mən imtahanla öz işimi qazanıramsa, keçmişdə olanlara görə niyə ittiham olunmalıyam ki? Qeyd edim ki, “Azərsu”nun İşlər İdarəsinin rəisi ilə görüşdüm, o da mənə dəstək vermək istədi, hətta işəgötürənləri qınadı. Amma hələ ki, hər hansı tədbir görülməyib”, - şikayətçi bildirib.

Sözügedən iddia ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı AYNA-ya bildirib ki, Səfər Abasov özü haqqında ilkin məlumatları verərkən keçmişdəki məhkumluğu faktını gizlədib: “Günah onun özündədir, şəxsi işini yazanda məhkumluğunu gizlədib, sonradan üstü açılıb”.
Məsələni AYNA-ya şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML) İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, burada vətəndaşın hüquqları pozulub: “Belə ki, işəgötürən, kommersiya qurumu işçini keçmişdəki məhkumluq həyatına görə cəzalandıra bilməz. Məhkumluğunu, cəzasını başa vurmuş işçinin peşəkarlığı, peşəyə uyğunluğu varsa, onun təhsilini təsdiq edən sənəd, sağlamlıq haqqında məlumatları qaydasındadırsa, o, niyə işlə təmin olunmamalıdır ki? Əmək qanunvericiliyində belə bir tələb yoxdur, tələbin özü qanunsuzluqdur”.

Şikayətçinin ƏƏSMN-ə müraciət etməsi ilə bağlı, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyinin (DƏM) mətbuat katibi Aynur Osmanqızı ilə əlaqə saxladıq. Onun verdiyi məlumata görə, Səfər Abasovun müraciəti 20.09.2019-cu il tarixli, 19120080218 saylı məktubla rəsmi qaydada cavablandırılıb və poçt vasitəsilə ərizəçinin ünvanına göndərilib.
S.Abasov isə ona hər hansı məktubun gəlmədiyini deyir...
ayna.az