
Son 1 ayda insanların bir-birilərinə qarşı amansız davranışınların şahidi oluruq - qətllər, cinayətlər, davalar, ailə münaqişələri... Cəmiyyətdə yaşanan bu aqressiya həyəcan təbili çalınması həddinə gəlib. Məsələyə mütəxəssislərlə ayna tutmağa çalışdıq.
Sosioloq Əhməd Qəşəmoğlu vəziyyətin dözülməz həddə çatmasından narahatdır:“Mən belə halları eşidəndə deməyə söz tapa bilmirəm. 10 ildir həyəcan təbili çalıram ki, ölkəni belə qorxunc bəlalar gözləyir. Hətta bir dəfə, 10 il bundan əvvəl Sumqayıtda bir kişi arvadını parkda öldürmüşdü, bununla bağlı məni ANS-ə dəvət etdilər. Orada dedim ki, "belə getsə, ölkəmizdə çox qorxunc hadisələr baş verəcək". Mən bunu gizlətməli deyiləm, mən sosioloqam və bu kimi hadisələri deməliyəm”.

"Nə vaxt ki, mənəvi dəyərlər sıxışdırılır, o zaman qorxunc hadisələr baş verir. Çox təəssüf ki, biz ölkəmizdə mənəvi dəyərlərin sıxışdırılmasının şahidi oluruq. Bu da o deməkdir ki, sabah biz nə qədər qanun qəbul etsək, inzibati tədbirlər tətbiq etsək, marrifləndirmə aparsaq, heç bir xeyri olmayacaq. Əsas elə etməliyik ki, cəmiyyətdə mənəvi dəyərlər daha çox aparıcı rol oynasın. Bunun üçün ölkədə humanitar siyasət dəyişməlidir. 200 ildir, dünyada elm sahələri inkişaf edib. Sosiologiya, sosial psixologiya, sosial idarəetmə, sosial iş və sair kimi elm sahələri cəmiyyətdə gedən prosesləri tənzimləmək üçün formalaşır. Başqa ölkələrdə xüsusi elmi institutlar, elmi mərkəzlər var. Onlar gecə-gündüz işləyir, tövsiyyələr hazırlayır. Məmurlar da həmin tövsiyyələri nəzərə alaraq iş görürlər, qanunvericilik orqanları həmin tövsiyyələri nəzərə alaraq hərəkət edir", - Qəşəmoğlu bildirib.
"Cəmiyyətdə get-gedə mənəvi dəyərlər arxa plana keçir. İndi hər kəs göstərmək istəyir ki, bu, maddi cəhətdən ondan nə qədər üstündür, o, bu birindən nə qədər güclüdür. İnsan özünün nədəsə üstün olduğunu göstərmək istəyir. Biri baxır ki, onun maşınının nömrəsi “zerkalnidir", bunun avtomobilinin qiyməti belədir. Bax, bu, cəmiyyətdə axmaq bir göstəricidir. Kiminin paltarı belə bahaldır, kiminin telefon nömrəsi belə yaxşıdır. Hər şey yönəlib daha çox madiyyata. Bax, o zaman belə problemlərlə üz-üzə qalırıq", - deyə o, əlavə edib.
Sosioloqun sözlərinə görə, hər şey, yalnız sosial problemlərlə bağlı deyil: "Buarda həm iqtisadi problemlər var, həm də sosial problemlər. Amma daha çox mənəviyyatla bağlı problemlər dayanır. Mənəviyyatla bağlı problemləri biz qaydasına qoysaq, mənəviyyatı, mədəniyyəti güclü olan sistem özü o birilərini tənzimləyəcək. Mənəviyyatlı adam öz iqtisadiyyatını da tənzimləyir. Amma mənəvi tərəfdən qüsuru olanda özü iqtisadiyyatını tənzimləyə bilmir, elə əlinə nə keçir, xərcliyir, dağıdır ora-bura. Ona görə, dediyim kimi, hazırda aqressiyanın, xoşagəlməz hadisələrin hamısının səbəbi mənəvi dəyərlərə olan münasibətdir”.

"Gender məsələsində müəyyən qədər problemlərimiz var. Misal üçün, bu balansın qorunmasında ailələr çətinlik çəkir, nəticədə şiddət olur, qadının qadına şiddəti, kişinin qadına şiddəti kimi hallar yaranır. Mən bunu daha çox informasiya ilə yükləməklə əlaqələndirərdim”, – deyə psixoloq qeyd edib.
O, bu halların diqqətlə analiz olunmasını vacab hesab edir: "Araşdırılmalıdır ki, bu hallar niyə baş verir, hansı qabaqlayıcı tədbirləri görmək olar. Biz xarici mətbuatı o qədər də izləmirik. Dünyanın hər yerində belə hallar var. Əlbəttə, xoşagəlməz bir şeydir. Bir qadının bir qadına qarşı zor tətbiq etməsi qəbul olunmayan bir şeydir. Marriflənmə işləri aparmaq lazımdır".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri, jurnalist Yadigar Məmmədli də cəmiyyətin maariflənməsinin mühüm olduğu qənaətindədir: "Belə baxanda, ciddi bir gərginlik yoxdur. Ötən illərlə müqayisədə yeni nə hallar baş verir ki, belə bir gərginlik yaransın? Bəlkə də bu kimi xəbərləri üzə çıxarmırdıq, indi üzə çıxarırlar deyə, elə bilirik ki, kütləviləşmə gedir".
"Hər halda, bunlar yolverilməz hadisələrdir. Bütövlükdə insanlığa qarşı şiddət olmamalıdır. Qadınlara qarşı, ümumiyyətlə olmamalıdır. Bu halların nədən qaynaqlandığını araşdırmağa ehtiyac var. SOS da verilə bilər. İctimai nüfuzu olan insanlar tərəfindən bu kimi hallara qarşı çıxışlar olmalıdır. Kimliyindən asılı olamayaraq, hamımız qarşı olmalıyıq bu kimi hallara. Yəni bu işlərin belə gedişatı yaxşı heç bir şey vəd etmir”, – deyə müsahibimiz vurğulayıb.
ayna.az