Millət vəkili: “Təhsil Nazirliyi bu məsələni həll etməlidir”
Bu yaxınlarda Türkiyədə təhsil alan bir qrup azərbaycanlı tələbə o ölkənin təhsil sistemini Azərbaycanın təhsil sistemi ilə müqayisə etmişdi. Tələbələr Türkiyədə onlar üçün minimum qiymətə yemək talonları, ən ucuz şəkildə nəqliyyat xərcləri və xüsusi güzəşt kuponları olmasından danışaraq, bu qaydanın Azərbaycanda da tətbiqinin vacibliyini qeyd etmişdilər. Belə ki, Türkiyə universitetlərində tələbələrə verilən xüsusi talonlar vasitəsilə tələbələr minimal qiymətə yemək, yataqxana və ictimai nəqliyyatla təmin olunurlar.
Tələbələrin sözügedən təklifinə necə baxırıq? Bu suala cavab tapmağa çalışdıq.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə təklifə “isti” yanaşır: “Tələbələrin dəstəyə ehtiyacı var. Ona görə də belə bir məsələnin müzakirə olunmasının tərəfdarıyam”.
Millət vəkili dövlətin tələbələrə göstərdiyi dəstəkdən də danışıb: “Maddi imkansızlıq ucbatından ali məktəblərdə təhsil almaqdan imtina edən tələbələrin təhsilhaqları dövlət tərəfindən müəyyən qədər ödənildi. Lakin təhsilə dəstəyə hər zaman ehtiyac var. Çünki dövlət gələcəkdə ölkəni gücləndirmək istəyirsə, ali və peşə təhsilinə malik olan vətəndaşların sayını artırmaqda qərarlı olmalıdır. Bu, dövlətin qarşısında duran ən önəmli məsələlərdən biridir”.
“İctimai nəqliyyatdan güzəştli istifadəyə gəldikdə, məlumdur ki, nəqliyyat vasitələrində güzəşt məsələsi hamı üçün ləğv olunub. Onun üçün də müəyyən vəsaitlər ayrılıb ki, bu güzəştlərdən məhrum olan vətəndaşlar nəqliyyat xərclərini başqa formada ödəyə bilsinlər. Ona görə tələbələrə hansısa formada maddi dəstək olmalıdır ki, onlar da ən azından nəqliyyat vasitələrindən rahat istifadə edə bilsinlər. Təhsil Nazirliyi bu məsələni həll etməlidir. Nazirlik tələbələrin həyatını və rifahını yaxşılaşdırmaq üçün müvafiq addımlar atmalıdır”, - deyə A.Mollazadə bildirib.
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət də tələbələrin təklifini alqışlayır: “Təbii ki, cəmiyyətin hər bir fərdinin xeyri üçün görülən işlər təqdirəlayiqdir. Qonşu ölkələrdə təhsil alanlara göstərilən bu cür diqqəti nəzərə alaraq, bizim cəmiyyətimizdə də bu sistemi bərpa etmək yaxşı olardı. Çünki ödənişli əsaslarla təhsil alan tələbələrin valideynlərinin üzərinə böyük yük düşür. Abituriyentlər tələbə adını qazandıqdan sonra, özlərinin şəxsi büdcəsi olmadığı üçün, ailənin büdcəsindən istifadə edirlər. Bu baxımdan ailənin üzərinə böyük yük düşür”.
O, hesab edir ki, təklif olunan güzəştlər tələbələrin rahat təhsil almalarına yardım edəcək: “Çünki maddi problemləri nisbətən həll olunacaq. Tələbələrə olunan güzəştlər gələcəkdə ölkəni idarə edəcək gənclərdə dövlətə inamın artmasına gətirib çıxaracaq. Təhsil alan gənc dövlətin ona olan dəstəyindən əminliklə danışa biləcək və gələcəkdə ona dəstək olan dövlətə yüksək xidmət göstərəcək. Həm də bu cür stimullar onların xaricdə təhsil almalarının qarşısını alacaq”.
“İldə 2 dəfə layihə müsabiqələri təşkil olunur. Bu layihələrə də dövlət tərəfindən külli miqdarda vəsait ayrılır. Bəzən elə layihələr olur ki, təkrarlanır və önəm kəsb etmir. Bu cür layihələrə dəstək olmaqdansa, daha əhəmiyyətli işlərə dəstək olmaq lazıdmır. Ən azından QHT-lərə və müvafiq rəsmi qurumlara imkan yaradılmalıdır ki, bu istiqamətdə uğurlu işlər görsün. Çünki bu cür əhəmiyyətli layihələr sayəsində problemlərin həllinə nail olmaq mümkündür”, - deyə A.Həsrət vurğulayıb.