Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əsrlərdir ki, yaşadılan ailə dəyərlərimiz dəyişməlidirmi? - Bu mövzuda fərqli yanaşmalar var



Fazil Mustafa: “Düşünürəm ki, dünyada hər şey dəyişdiyimi kimi, ailə münasibətlərində də dəyişiklik olmalıdır”

Sosial şəbəkədə bir qrup adam Azərbaycanda ailə institutunun yarasız bir şey olması ilə bağlı güclü təbliğat aparır. O adamlar bildirirlər ki,  həm ailə, həm də milli-mənəvi dəyərlər cəmiyyətin inkişafına ayaq bağı olur, bundan qurtulmaq lazımdır. Onların iddialarına görə, ailə institutu köhnəlmiş bir ənənədir.

Bu xəttin tərəfdarları özlərini müxtəlif cinahların, hərəkatların nümayəndəsi kimi qəbul edirlər. Bir qrup bildirir ki, feministdirlər, digər bir qrupu özlərini liberal adlandırır. Bunlar öz fikirləri ilə çalışırlar ki, Azərbaycanda ailə institutunun sütünlarını zəiflətlətsinlər. 

Bu kəsimin fikri ilə razılaşmayanlar isə bildirilər ki, belə düşünən gənclər çox zaman uğursuz ailələrin övladları, uğursuz ailələri olmuş şəxslər və ya heç ailəsi olmayan insanlardır. 

Ailə institutu xüsusilə də Azərbaycan kimi ölkələrdə cəmiyyətin əsas dayaqlarını təşkil edir. Diqqətlə nəzər salsaq görərik ki, bütün canlılar aləmində ailə anlayışı mövcuddur. 

Biz Avropanın bütün dəyərlərini olduğu kimi öz cəmiyyətimizə gətirə bilmərik. Bizim cəmiyyətimizdə çox zaman düşünülür ki, Avropada ailə dəyərləri yoxdur. Bu da düzgün yanaşma deyil. Əslində, Avropa insanı ailə dəyərlərinə daha çox sadiqdir. Hətta Avropada elə şəhərlər var ki, orada konservativ düşüncə daha sərt üzünü göstərir. Bizdəki “böyük və kiçik yeri” anlayışı, Avropanın bir çox şəhərlərində daha kəskin şəkildə qorunub saxlanılır. 

O cümlədən, Avropa ölkələrinin əksəriyyəti patriarxal cəmiyyətlərdir, kişilərin rolu qadınların rolundan daha yüksəkdir. Lakin Avropada “bizdəki kimi deyil” deyib, təbliğat aparmaq cəmiyyətin bilgisizliyindən istifadə etməkdir. 

Bizim cəmiyyəti güclü edən, dağılmaqdan qoruyan əsas amil ailə institutudur. Bu cəmiyyətdə siyasətlə məşğul olan, vəzifə pillələrində irəliləyən adamların ailəsi olmayanda həmin şəxsə ailə qurmaq tövsiyə edilir. Çünki ailəsiz adamın vəzifədə olması, karyera qurması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. 

Gənclərin sosial şəbəkələrdə illərdir ki, davam edən ailə dəyərlərimizin dəyişməsi ilə bağlı çağırışlarına müsbət yanaşan deputat Fazil Mustafa musavat.com-a açıqlamasında bildirib ki, ailə münasibətlərində dəyişiklik edilməsinin tərəfdarıdır: “Düşünürəm ki, dünyada hər şey dəyişdiyimi kimi, ailə münasibətlərində də dəyişiklik olmalıdır. Çünki dəyişikliklər zərurətdən yaranır. Yəni, heç bir şey öz-özlüyündə dəyişə bilməz. Ailə münasibətlərində də dəyişiklik məsələsi buna daxildir. 40 il əvvəlki dünya ilə indiki dünya arasında fərqlər var. Biz hər şeyin müsbətə doğru getməsi üçün dəyişən dünya ilə ayaqlaşmaq məcburiyyətindəyik. Mən demirəm ki, ailə dəyərlərimizi kökündən dəyişək, sadəcə bu münasibətlərin təkmilləşdirilməsinin tərəfdarıyam. Bizim dövrümüzdəki, hətta bizdən qabaqkı dövrlərdəki tərbiyə metodları ilə biz indiki uşaqları tərbiyə edə bilmərik. Çünki dövrün tələbatı başqadır, biz də uşaqlarımızı zəmanənin tələbinə uyğun böyütməliyik”. 

Boşanma hallarının da ailə dəyərlərimizə xələl gətirdiyini qeyd edən deputat bildirdi ki, bu məsələlərə xüsusi diqqətin ayrılması vacibdir: “Bəzən çox primitiv səbəblərə görə ailə qurub, sonra dağıdırlar. Bütün bunlar bizim ailə dəyərlərimizi sarsıdır. Bəzən insanlar sosial müavinət, aliment almaq üçün ailə dağıdır və ya vəzifəyə getmək üçün öz ailəsini atıb, başqa birisi ilə ailə qururlar. Bunlar çox təhlükəli hallardır. Biz cəmiyyət olaraq bunların üzərində düşünməli, həll yolunu tapmalıyıq. Hər şeyə görə ailənin mənəvi bağlarını qırmaq olmaz. Belə hallar artıq çox adiləşib. Bu cür nüansları görən gənclik də əlbəttə ki, o fikrə gəlir”.

Mövzu ilə bağlı açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu sosial şəbəkədə gənclər arasında bu cür fikirlərin yayılmasının çox təhlükəli bir hal olduğunu bildirdi: “Əgər sosial şəbəklərdə belə şeylər yayılırsa, bu, çox təhlükəlidir. Bu məsələnin arxasında ya avamlıq, ya dünya görüşünün zəifliyi, ya da hansısa bir düşmən sosial texnologiya dayana bilər. Mən özüm araşdırma üçün tez-tez xarici ölkələrə gedən biri kimi deyə bilərəm ki, artıq Avropa ölkələri ailə institutlarının nə qədər önəmli bir amil olduğunu dərk etməyə başlayıb. “Ailə institutu köhnəlib” demək üçün biz əvvəlcə düşünməliyik ki, bu bizə nəyə görə lazımdır. Məsələn, biz tez-tez stresli ortamlarda oluruq, hər bir stress bizim ruh halımıza mənfi təsir göstərir. Ailə elə bir şeydir ki, sən günün yorğunluğunu ailənin - səni sevən insanların arasında unuda bilərsən. Hər bir ailə körpəni cəmiyyətə hazırlayan bir məktəbdir, hər bir ailə sağlam nəsil yetişdirmək üçün vacib institutdur. Belə şeyləri sadaladıqca biz görərik ki, ailə çox önəmli funksiya daşıyır. İndi bu institutun ləğv olunmasını istəyən şəxslər bunun əvəzinə nə təklif edir? Yerinə başıpozuq, sərgüzəştlərlə dolu bir həyatmı gətirək? Cəmiyyətdə bu cür əxlaqi dəyərlər pozulduqca ətrafımızda gedən proseslər günbəgün pisə doğru gedir. Biz hər gün insanların bir-birini xüsusi amansızlıqla qətlə yetirdiyini görürük. Bunlar hamısı bu cür dəyərlərin geriləməsi ilə əlaqədardır. Müdrik insanlar deyirlər ki, hansı cəmiyyətdə əxlaqi dəyərlər sıxışdırılırsa, orada kriminal hallar çoxalır. Ailə dəyərləriminzin köhnəldiyini demək, bizi yalnız uçuruma aparar”. 

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10