Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gəlin, bir dəfə də ruslara “YOX” deyək – AXI NİYƏ?



AES məsələsi təkcə pul və ekologiya ilə kifayətlənmir
 
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.
 
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
 
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
 
cenub.az AYNA-nın “Axı niyə?!” rubrikasına istinadən xəbər verir ki:
 
Azərbaycan Prezidentinin Soçidə “Valday” sammitində dediyi “Qarabağ – Azərbaycandır. Və nida işarəsi” sözləri artıq neçə gündür ki, nəinki ölkəmizin, eləcə də Ermənistan, Rusiya, hətta bütün dünya mediasının ilk səhifələrində yer almaqda davam edir. Ümumiyyətlə ölkə başçısının çıxışında hansı prədəarxası mesajlar verdiyi, bundan sonra ermənilərin nə deyəcəyi, hətta İlham Əliyev çıxış edən zaman Putinin “qəribə baxışları” da müxtəlif tipli ekspert olan və olmayanlar tərəfindən müzakirə edilir.
Odur ki, biz bu barədə daha nələrsə tapmağa çalışıb, oxucuları yormaq fikrində deyilik. Biz “Valday” toplantısından sonra mətbuatın ən az önəm verdiyi, halbuki “Valday”da müzakirə edilən məsələlərin bir çoxundan daha önəmli olan bir mövzuya toxunmaq istəyirik.
 
Rusiyanın dövlət şirkəti olan “Rosatom”un baş direktoru Aleksey Lixaçov Vladimir Putinlə İlham Əliyevin Soçi görüşünün nəticəsini şərh edərkən bildirib ki, Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. “AES, azərbaycanlı tərəfdaşlarımız necə istəsə, elə də olacaq. Biz güclü stansiya təklif edirik”, - deyə Lixaçov “RİA Novosti”yə açıqlama verib.
 
AES-in Azərbaycan üçün vaicbliyini sübut etmək üçün Lixaçev deyib ki, Azərbaycanın özəlliyi ciddi tələbatın artmağındadır. Baş direktor qeyd edib ki, “2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu, böyük rəqəmdir”.
 
Şəxsən mənim üçün bu informasiya Dağlıq Qarabağ münaqişəsinin həllindən heç də az önəmli deyil. Bu, ölkənin gələcək mövcudluğu ilə bağlı bir məsələdir. Rusların burada AES tikməsi üçün dəridən-qabıqdan çıxmasının səbəbləri təkcə Azərbaycanla dostluq-qardaşlıq və ya sırf iqtisadi maraqlara söykənsəydi, hesab edərdik ki, eybi yox, tikək, ekoloji risklərə baxmayaraq, həm biz qazanaq, həm də onlar. Amma buna getmək olmaz! Və “Axı niyə” sualını verənlərə aşağıdakı izahı da verməyə hazıram.
 
Rusların atom canfəşanlığı Azərbaycan üçün təzə məsələ deyil. Hələ bir neçə il bundan əvvəl Rusiyanın TASS agentliyi öz “mənbəsinə” istinadən belə bir xəbər yaymışdı ki, rəsmi Bakıya Azərbaycanda AES tikmək təklif olunub və hələ fikirləşirik. Hələ onda qeyd edilmişdi ki, Rusiya AES tikdiyi bütün ölkələrə tikinti üçün kredit də verir. Azərbaycanın, Allaha çox şükür ki, Rusiyadan kredit almağa ehtiyacı yoxdur. Amma AES məsələsi təkcə pul və ekologiya ilə kifayətlənmir.
AES-in tikilməsi - onun üçün mütəxəssislərin hazırlanması, ehtiyat hissələrin və lazımi komponentlərin Rusiyadan gətirilməsi deməkdir. Üstəlik, bu proses birdəfəlik aksiya demək deyil. Yəni, biz rusların burda AES tikməsinə “hə” desək, deməli uzun müddət, ən azı 50 il Rusiyadan Qarabağla yanaşı daha bir asılılıq cilovunu başımıza keçirməli olacağıq. Bu, bizə lazımdırmı?
 
Axı niyə? Onsuz da bizim neftimiz-qazımız özümüzə bəs edən qədərdir. O bitənə qədər isə...
 
Neçə müddətdir ki, Azərbaycanda Avropa tərəfindən dəstəklənən alternativ enerji layihələri həyata keçirilir. Siyasi aslılığa rəvac verən AES tikintisindənsə, küləklər şəhəri olan Bakıda, xəzrisi, gilavarı əskik olmayan Xəzərdən külək enerjisi, günəşi ilboyu bol olan bütün ərazimizdən isə külli miqdarda günəş enerjisi əldə etmək olar. Mütəxəssis olmasam da, bilirəm ki, bura çəkilən xərclər özünü tez doğruldacaq və AES kimi hərtərəfli riskli olmayacaq.
 
Bu arqumentləri qəbul etməyənlərə daha bir misal çəkim. Ermənistandakı Metsamor AES-in bütün region üçün nə boyda təhlükəli olması barədə çox danışılıb. Hətta ruslar 1975-ci ildə tikilən bu stansiyanı öz hesablarına təmir edib, ömrünü 2026-cı ilə qədər uzadıblar. Amma Avropa və dünya illərdir ki, Ermənistandan Metsamorun bağlanmasına nail olmağa çalışır. Çünki AES köhnəlib və onun saxlanması ildən-ilə daha çox xərc tələb edir, üstəlik riskləri çoxalır.
 
Bunu Metsamor vasitəsilə Ermənistanı asılılıqda saxlamaq üçün daha bir güclü vasitə hesab edən Moskva da çox gözəl başa düşür. Görəsən, Metsamor bağlanarsa, Cənubi Qafqazda daha bir AES tikməklə, Rusiya regiondakı mövcudluğunu möhkəmləndirmək fikrində deyil ki? Ritorik sualdır?
 
Bakı bu AES məsələsində hələ düşünür. Dövləti idarə edənlərə məsləhət verə bilmərəm, amma bir vətəndaş kimi hesab edirəm ki, Rusiyanı böyük qonşumuz, dostumuz, müttəfiqimiz və daha nə bilim nəyimiz saysaq da, gəlin, bir dəfə də onlara “YOX” deyək. Axı niyə də “yox” deməyək? Heç olmasa, gələcəkdə daha bir problemimizin az olması naminə...
 
P.S. Bəli, 1980-ci illərdə SSRİ Azərbaycanda AES tikilməsini plana salmışdı. Amma 1986-cı ildə Çernobıl qəzasından sonra bu məsələ təxirə salındı. Daha sonra da SSRİ dağıldı. Nəzərə alın ki, o zaman AES-i tikən nəhəng, özü özünü dolandıran dövlət idi, o zaman Qarabağ problemi, ən azı belə kəskin olaraq qarşımızda dayanmamışdı və o zaman “Azərbaycanla Hayastan qardaş idi”...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10