1983-cü il avqustun 4-də Afrikanın Yuxarı Volta dövlətində darıxdırıcı, adi bir hadisə baş verdi – dövlət çevrilişi. Son 17 ildə artıq dördüncüsü. Milli ordunun marksist-leninçi əqidəsinə görə ev dustaqlığında olan 33 yaşlı kapitanı Tomas Sankaranın tərəfdarları hakimiyyəti ələ keçirdilər. Sankara mənzildən çıxdı və çox keçmədən ölkənin adını dəyişib “Burkina Faso” – “Satılmaz insanların torpağı” qoydu (o, indiyədək belə də adlanır).
Sakinlər buna laqeyd yanaşdılar – olsun da, növbəti xunta gəlib. Yeni bir şey yoxdur.
Məmurları yer şumlamağa göndərdi
Amma onlar burada yanılmışdılar…
Afrikada yerli prezidentlər, adətən, belə hərəkət edirdilər – hakimiyyəti ələ keçirir, müxalifləri edam edir, yeni inqilabdan sonra isə pul dolu çamadanlarla Avropaya, ya da Amerikaya qaçırdılar.
Sankara isə prezident maaşından (ayda 2 000 $) imtina etdi və ordu zabitinin maaşı (450 $) ilə yaşadı: prezident maaşını yetimlər evinə köçürdü.
Kapitan sonra Afrika və hətta çağdaş Rusiya arşınlarına görə də lap dəhşətli nəsə bir şey etdi: hökumət qarajındakı bahalı “Mersedes”lərin hamısını satdı və əvəzində azlitrlik sadə “Renault 5” avtomobilləri aldı; məmurların maaşlarını azaltdılar və biznes-klassda uçmağı qadağan etdilər: Sankaranın özü qonşu dövlətlərə rəsmi səfərlər üçün təyyarədə adi “ekonom”a bilet alırdı.
Tomas öz iş kabinetində dəhşətli istidə kondisioner qurmadı: “Bizdə adamların çoxu bunu özlərinə rəva bilmirlərsə, belə təmtəraq düzüb-qoşmaq ayıbdır. Eybi yox, bir az tərləyərəm”.
Dövlət qurumlarının işçilərinə qəşəng Avropa kostyumlarından imtina etmək və yerli istehsal olan pambıq tuman geymək əmr olundu. Nazirləri hər doğum günlərində aylıq maaşlarını yoxsulların xeyrinə verməyə məcbur etmişdilər. Bir yığın məmuru fermaya torpaq şumlamağa, inəklərə qulluq etməyə göndərdi ki, “sadə xalqın necə yaşadığını və yaşayış üçün necə qazandığını bilsinlər”.
Prezident sonra nazirliklərdə öz portretini asmamağı əmr edərək dedi: “Mənim sifətim nəyə gərəkdir? Bizdə onsuz da mənim kimi yeddi milyonu var”.
Məmurlar havalanmağa başladılar, lakin bu, hələ başlanğıc idi.
Sankara ölkənin bütün kişilərinə ildə bir dəfə bazara getmək, ərzaq almaq və arvadları üçün nahar hazırlamağı əmr etdi: “Onu necə sevdiyinizi göstərin, həyatını asanlaşdırın, təsərrüfat və uşaqlarla ona necə çətin olduğunu anlayın”.
Əlbəttə, Burkina Fasoda 8 martı dövlət bayramı etdilər.
Başqa bütün sahələrdə genişmiqyaslı islahatlar keçirildi – prezident böyük torpaq sahiblərinin mülklərini tutub alaraq əkini kəndlilərə verdi, nəticədə buğda istehsalı 2,5 dəfə çoxaldı və aclıq təhlükəsi ölkədən yox oldu.
Tomas Qərbi Avropa və ABŞ-ın ərzaq yardımından yerli-dibli imtina edərək bildirdi: “İşıqlı dünyada heç nə elə-belə olmur… səni kim yedizdirirsə, o da sənə nəzarət edir”.
Daha bir çıxış Qərbi tamamilə qorxutdu: Sankara məlumat verdi – prinsipcə, Afrika borcları ödəməkdən imtina edə bilər, çünki “qəribədir ki, yoxsullar və istismar edilənlər öz pullarını istismarçılara verirlər”.
Prezident paytaxt Uaqaduquda Burkina Fasonun tarixində ilk dəfə supermarket açdı – ərzağa dəyişməz qiymətlərlə.
Onun təsis etdiyi Xalq-İnqilab Tribunalları hər yerdə korrupsiyalaşmış məmurların, dövlət büdcəsini talayanların və “əks-inqilabçılar”ın işlərini araşdırırdı: güllələmə yox idi, çünki Tomas ölüm cəzasını ləğv etmişdi, amma qeyri-zəiflərə həbs “lehimləyirdilər” – 100 dollar rüşvətə görə 10 il həbs verirdilər.
Sankaranın başına görə 5 “limon”
Sankara səhranın hücumunu dayandıraraq on milyon (!) ağac əkdi. İnfeksiya xəstəliklərinin yayılmasını önləmək üçün 2,5 milyon uşağa peyvənd edildi. Tayfa başçılarını imtiyaz və mülkdən məhrum etdilər, kəndlilərdən vergi alınması və “başçıların” sahələrində pulsuz işləmək ləğv olundu. Respublika BVF-dən qarətçi faizlərlə borc götürməyi dayandırdı. Ümumiyyətlə, Qərbdə belə bir şeyə dözmədilər – xüsusən də Sankaranın Leninin, habelə Kuba və SSRİ-nin ünvanına hədsiz tərifindən sonra. Avropa və Amerikada heç kim Afrikada yeni sosialist “forpost”unun meydana çıxmağına sevinmirdi.
Fransanın xüsusi xidmətləri (Burkina Faso Fransanın keçmiş müstəmləkəsi idi) növbəti çevrilişi hazırlamaqla məşğul idi, buna o dövr üçün ciddi pul ayrılmışdı – 5 milyon dollar. Sui-qəsdə qatılmaq istəyənlər əlüstü tapıldı – həm başçılar, həm də korrupsiyalaşmış məmurlar içində inciklər var idi. Ayrı-ayrı hərbçilərə də xoş gəlmirdi ki, Sankara qonşu Mali dövləti ilə qısa sərhəd savaşı zamanı düşmənin dinc əhalisini bombalamağa icazə verməyib.
Üç gitara və dörd velospied
1987-ci il oktyabrın 15-də bir qrup əsgər paytaxt Uaqaduquda Tomas Sankaranın iqamətgahına hücum etdi. Onlara prezidentin yaxın dostu, çoxdankı silahdaşı, hökumət naziri – kapitan Bleyz Kompaore başçılıq edirdi. Sankara ələ keçirildi və öldürüldü, cəsədi şaqqlayıb adsız məzarda dəfn etdilər. 2015-ci ildə cəsəd ekshumasiya edildikdən sonra aydınlaşdığı kimi, Burkina Fasonun liderini məhkəmə və istintaqsız güllələyiblər – prezidentin meyidində üç növ silahdan buraxılmış 12 güllə aşkarlandı.
Qiyamçı Kompaore mərhum lideri korrupsiyada ittiham etməyi dəhşətli şəkildə arzulayırdı, amma heç nə alınmadı – Sankaranın şəxsi mülkündə total axtarışlar zamanı yalnız pas atmış “Peugeot” avtomobili, köhnə soyuducu, sınıq buzluq, üç gitara və dörd velosiped aşkarlandı. İsveçrə banklarında heç bir hesab, heç bir “rolls-royslar”, qızıl külçə və brilyantlar tapılmadı.
“Kommunist rejimi əvəzində insanlara əsl demokratiya” vəd edən Bleyz Kompaore, nəhayət, 2014-cü ildə xalq üsyanı nəticəsində devrilənə və ölkədən qovulanadək standart hərbi diktator kimi hakimiyyətdə 27 il qaldı. Tomas Sankara yaddaşlarda “Afrika Çe Gevarası”, həqiqi inqilabçı və siyasətçilər içində az-az ələ düşən dünya malında gözü olmayan kimi qaldı. Təbiətdə, belələrilə, demək olar, rastlaşmazsan.(strateq.az)