Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünya həyəcan siqnalı verir: Bizim də ayılmaq vaxtımızdır



Ekspert: “Xanımlarımız erkən müayinələrə getməklə bu bəladan xilas ola bilərlər”

 

Oktyabr ayı dünya səviyyəsində döş xərçəngi haqda maarifləndirmə ayıdır. Azərbaycanda da qadınlar arasında bu xəstəlikdən əziyyət çəkənlər az deyil, yaxud xəstəliyə düçar olduqlarından məlumatsız olanlar var. Çünki ölkədə bu sahədə maarifləndirmə, demək olar ki, yoxdur.

 

Uşaqəmizdirmə üzrə məsləhətçi Səltənət Zülfüqarova şərhində qadınların diqqətli olmalarının vacibliyindən danışıb: “Biz öz səy və güclərimiz hesabına oktyabr ayı ərzində döş xərçənginin profilaktik yolları və özünümüayinə barədə sosial şəbəkədə materiallar paylaşacağıq. Həmçinin hamilə və körpəsi olan xanımlar üçün saytımızda (www.vib.az ) davamlı məlumatlar verəcəyik. Xanımlarımız erkən müayinələrə getməklə bu bəladan xilas ola bilərlər”.

 

Mütəxəssisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında göstərilir ki, dünyada qadınların xərçəngdən ölüm səbəbinin 15%-i, məhz döş xərçənginin payına düşür: “Digər mənbələrə əsasən, əmizdirmə səbəbilə ildə 20 000 nəfər qadının həyatını qurtarmaq və daha 20 000-ni döş xərçəngindən profilaktika etmək olar. Azərbaycanda statistikaya görə, qadınlar arasında ən geniş yayılan xərçəng döş xərçəngidir”.

 

“Araşdırmaların nəticəsində qeyd edilir ki, istər birbaşa döşdən, istərsə də sağılmış südü ilə körpəsini qidalandıran ana laktasiya etdiyi hər il üçün özünün döş xərçəngi riskini 4.3% azalda bilir. “MD Anderson Cancer” Mərkəzinin məlumatına görə, 13 aydan çox əmizdirən ana 7 ay əmizdirən ana ilə müqayisədə yumurtalıq xərçəngi riskini 63% azaltmağa nail ola bilir”, - Zülfüqarova deyib.

 

O, bir neçə gün əvvəl Moskvada keçirilən, "Новый Уровень" adlı beynəlxalq tədbirin nəticələri ilə bağlı təəssüratlarını da bölüşüb: “Mövzu ana südünün dəyərinin artırılması yolları, əmizdirmə məsləhətçiləri üçün yeniliklərin bəyan olunması idi. İki günlük konfransda, həmçinin spikerlər arasında ana südünə aid kitabların müəllifləri, səriştəli laktasiya məsləhətçiləri və xaricdən dəvət olunmuş ekspertlər ana südü sahəsində təqdimatlar etdilər”.

“Mən bunu həmişə deyirəm ki, ana südünün və əmizdirmənin nəzəri hissəsini Qərbdən, təcrübi hissəsini isə Rusiya və MDB-dən olan mütəxəssislərdən götürmək daha düzgündür. Çünki, ən azından səhiyyə sistemimizin keçmişi eyni mənbədən qaynaqlanıb. Rusiya təcrübəsindən götürəcəklərimiz odur ki, ana südü üzrə məsləhətçilər daha sıx-sıx analarla işləyirlər. Həm analar buna daha açıqdırlar, həm də məsləhətçilər daha aktivdirlər. Təəssüf ki, bizdə həm məsləhətçilər azdır, həm də analar, sanki peşənin iş prinsipinin nə olduğunu anlamırlar”, - həmsöhbətimiz bildirib.

 

Ekspertin sözlərinə görə, Azərbaycanda daha çox rusdilli qadınlar bu sahə üzrə müraciət edirlər: “Moskvada müşahidə etdiyim bir mənzərəni də diqqətə çatdırım. Onlarda olan, amma bizdə olmayan ən vacib ünsür qadınlar arasında bir-birinə dəstək olmalarıdır. Güclü analar icmasının şahidi oldum. Hətta konfransa Rusiyanın uzaq yerlərində gələn qadınlar var idi. Heç kim heç kimin uşağına “dinc dür” demirdi, irad tutmurdu, əksinə hamı dəstək olmağa çalışırdı. Bunu bizdə görmək, az qala mümkün deyil”.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10