Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təhsil sisteminə çəpəki baxış - İşi bilməyənlər iş başında



İlber Ortaylı demiş, “çünki işin başında işi bilməyənlər var”...

 

Son dövrlər infrastruktura milyonlarca pul xərclənir. Hündürmərtəbəli binalar tikilir, metro xətləri çəkilir, yollar və parklar salınır. Bunların hər biri gərəkli ola bilər. Fəqət, bir ölkənin gələcəyi üçün ən böyük sərmayə keyfiyyətli təhsil sitemi olmalı idi.

 

Unudulur ki, təhsil bir ölkəni həm iqtisadiyyat, həm də idarəçilik baxımından uzunmüddətli inkişaf etdirən ən vacib sahədir. Bəs bir ölkənin inkişafını məsələn, 10 il ərzində necə dəyişmək olar? Deyim də! 

 

Universitetə qəbul olunmuş bir gənc düşünün. Bir də, bu gəncin 10 il ərzində (bakalavr, magistratura, doktorantura) xüsusən, texnologiya və ya iqtisadiyyat üzrə yaxşı təhsil aldığını düşünün. Böyük ehtimal ki, 10 il sonra bu gənc araşdırmaları sayəsində kiçik bir şeylər icad edə biləcək. Sonra müəyyən büdcəylə (dövlət dəstək verərsə...) bir şirkət quracaq potensiala malik olacaq. Bu şirkət parlaq fikir sahibi olan gəncin sayəsində daha da böyüyəcək, inkişaf edəcək. Nəticədə bu şirkət həm  iqtisadiyyata müsbət təsir edəcək, həm də dövlətə vergi  ödəyəcək.

 

İndisə bunun kimi yüzlərlə gənc xəyal edin. İnkişaf səviyyəsi dəyişəcəkmi? Əlbəttə, dəyişəcək. Misal? Bu dəqiqə. Mark Zuckerberq necə milyoner oldu? Ya da Elon Musk? Bunlar təhsilin 10 ildə ölkəyə nələr qazandıracağına dair ən yaxşı nümunələr ola bilər. Bir ölkə vətəndaşı üçün yalnız və yalnız 10 il fədakarlıq etməlidir.

 

Təəssüf ki, biz illər ərzində sərmayəni gənclərə istiqamətləndirmək əvəzinə, xarici fabriklərin, şirkətlərin ölkəmizdə at oynatmasını istədik! Onlar da gəldilər və ölkəmizdə marka oldular. Bu gün vətəndaşlarımız restoranlarda onların bahalı məhsullarını yeyir, mağazalarından geyimlərini alırlar...

 

Əlbəttə ki, infrastruktur işləri görülməli, abadlıq, quruculuq işləri həyata keçirilməlidir. Amma bütün bunlar ikinci planda olmalı idi!

 

Ölkəmizin insanlarını kreditə pul götürüb maşın və  ev sahibi olmağa alışdırdıq. Bu da yalnız banklara faydalı oldu. İstehsal etmədik, bizə veriləni də istifadə edib bitirdik. Qısacası, hər şeyi qısa dönəm üçün düşündük.

 

Təhsil isə daha uzun müddət inkişafda olmaq deməkdir. Bu səbəbdən dövlət keyfiyyətli təhsilə üstünlük verməlidir. Bunun yollarını araşdırmalı, praktikada tətbiq etməlidir.

 

Təbii ki, təhsil sistemimiz qaydasındadır, problem gənclikdədir və s. deyənlər  də var.

Əlbəttə, təhsil məsələsində valideynlərin də üzərinə ciddi məsuliyyət düşür. “Övlad evdən çıxsın, məktəbə gedib-gəlsin, orada saatlarla vaxt keçirsin ki, mən də rahat  işləyə bilim”, -  deyən çox sayda valideynlər də var.

 

Yaxşı, ailəni də, təhsil sistemini də qoyduq kənara! Bu gün bilik və bacarıqlarını, dil biliklərini inkişaf etdirmək üçün çox sayda vətəndaşlarımız xarici dövlətlərin universitetlərində oxumağa üz tuturlar. Niyə?Azərbaycanda universitet yoxdur? Say olaraq var axı! O binalarda hansı proseslər gedir ki, tələbə  sonrakı təhsilini orada davam etdirmək istəmir? Mən deyim də!  Didişmələr, vəzifə bölgüsü uğrunda qırğınlar, rüşvət ehtirası əsl diqqət ediləsi pedaqoji prosesi çoxdan unutdurub.

 

O qədər Avropa dövlətlərinə söz atırıq, pisləyirik,  amma gəlin, insaf naminə "Ye, öldürmə" atalar sözünə əməl edək. Nə yazıq ki, bəyənmədiyimiz həmin dövlətlərin təhsili bizlə müqayisədə çox-çox irəlidədir. Axı müasir gənclik bunun fərqindədir!

 

Universitetlərdə nizam-intizam çox aşağı səviyyədə olmaqla yanaşı, tələbələrimiz diqqət və qayğıdan kənardadırlar.

 

Ayrıca,  təhsil müəssisələrində texnologiya baxımından  vəziyyət acınacaqlıdır. Hələ də taxta lövhələr işlədilər dərs otaqları var...

 

Bir başqa problem: Dərsliklər qüsurludur. Müəlliflər şagirdlərin və tələbələrin qavrayış səviyyəsini tam anlaya bilmirlər və hər kitabda mütləq bir problem olur.

 

Universitetə qəbul şərtləri də hər il dəyişir, qəbul balları azaldılır.

 

Universitetlərin tələbələri müştəri olaraq görməsi isə başqa bir problemdir. Təki tələbə gəlsin, pul gətirsin! İşin içində pul varsa, mən o işə ciddi baxmıram. Tələbə pulsuz oxumalı, ya da çox az miqdarda ödəniş etməlidir. Tələbələr böyük məbləğdə ödəniş edərək universitetdə oxuyurlar, sonra da o təhsil də heç bir işə yaramır. Təbii ki, bütün tələbələr universitetlərdən savadsız çıxmırlar, amma təəssüf ki, böyük bir qismi həmin dövrdə  "tələbəyəm" adı altında sadəcə vaxt itirmiş olur.

 

Əl-qərəz, İlber Ortaylı demiş, “çünki işin başında işi bilməyənlər var”...

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10