Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çində təhsil alan azərbaycanlı: İlan-qurbağa əti yemişəm, amma insan əti dadmamışam - MÜSAHİBƏ



Çində ağlınıza gələ biləcək istənilən heyvanın ətindən hazırlanan yeməklərə rast gələ bilərsiniz. Sözün düzü, insan əti ilə bağlı məqamlar eşitmişdim, amma heç vaxt görməmişdim. Ümumiyyətlə, düşünürəm ki, qarşılaşsaydım, dadına baxmaq fikrində olmazdım.

Çində “Beijing Normal University”nin Mühəndislik fakültəsində magistratura təhsili alan Şahin Xəlilovla müsahibəni təqdim edirik:

- Bir qədər özünüz haqqında məlumat verin.


- 1995-ci ildə Bakıda, Zabrat qəsəbəsində anadan olmuşam. Ailədə üç qardaşıq. Onlar məndən kiçikdir. Zabrat qəsəbəsi 192 saylı tam orta məktəbi bitirdim. Bakalavr təhsilimi “Sabah” qruplarında fərqlənmə ilə  tamamlamışam. Çin Xalq Respublikasının paytaxtı Pekində yerləşən “Beijing Normal University”də magistratura təhsilimi bitirmişəm. Hazırda Çində özəl şirkətlərdən birində mühəndis kimi fəaliyyət göstərirəm.

- Xaricdə təhsil hər bir gəncin arzusudur. Amma niyə ABŞ, Türkiyə, İsveç yox, məhz Çin?

- Bilirsiniz, bu sualı mənə çox adam verir. Əslində, mən hələ orta məktəbdə oxuyanda qərar vermişdim ki, ali təhsilimi xaricdə alacam. Mənə xarici ölkənin mədəniyyəti, adət-ənənəsi, dili, dini həddindən artıq maraqlı gəlirdi. Düzdür, burda çox çətinlik çəkmişəm, amma indi baxıram və həqiqətən, düşünürəm ki, buna dəyərdi.

- Tələbələr vaxt azlığından çox şikayətlənir. Siz vaxtınızı necə bölürdünüz?

- Mən hər şeylə maraqlanırdım. Təhsilimlə, ölkələrlə, mədəniyyətlə çox maraqlanırdım. Mən tələbəlik illərində də çox aktiv olmuşam. Müxtəlif proqramlara, layihələrə qoşulmuşam. Tələbəlik illərində nə qazansan, o sənin uğurundur, çünki iş həyatında bu cür sərbəstlik yaratmaq olmur. Hətta “Sabah” qruplarının siması seçilmişdim.

- Çindəki həyata adaptasiya olmaq çətin idi?

-“Sabah” qruplarını bitirdikdən sonra xaricdə təhsil üçün müraciət etdim. Estoniya, İsveçrə, Macarıstan və Çindən təqaüd aldım. Hər kəs Çindən danışırdı və ora texnologiyanın vətəni kimi gəlirdi mənə. Beləliklə, Təhsil Nazirliyinin xətti ilə təhsilimi Çində davam etdirmək qərarına gəldim və Pekin şəhərindəki “Beijing Normal University”yə getdim.

Düzünü deyim ki, Çinə gedəndə həyatım tamamilə dəyişdi. Bütün dostlarımdan ayrı düşdüm, buradakı həyatım, məşğuliyyətlərim geridə qaldı. Sosial şəbəkələrlə əlaqəm, demək olar ki, kəsildi. İtirdiyim insanlar çox oldu. Lakin mən itirdiyim və qazandıqlarımı tərəzinin gözünə qoyduqda, görürəm ki, qazandığım daha çoxdur. Ona görə gələcəyə daha inamlı addımlarla irəliləyirəm.

Adaptasiya məsələsi uzun çəkdi. Çünki orada hər şey elektron sistemlə həll olunur. Çox az ərazilərdə nağd ödənişlər var. Orada sistemli şəkildə hər şey elektron formada ödənilir. Mədəniyyət fərqi məni o qədər qorxutmuşdu ki, getdiyim gündən bir həftə otaqdan çıxmadım. Otaq yoldaşım Polşadan idi. Qapını açıb içəri daxil olanda gördüm ki, bir əlində pivə, o biri əlində isə yastıq tutan bir kök oğlan mənə baxır. Yavaş-yavaş onunla barışmağa başladım”.

- Çin mətbəxinə öyrəşmək çətin olmadı?

- Bir neçə ay ancaq “fast-food” yemişəm. Quru yemək yeməkdən mədəm ağrıyırdı. Hansı restorana girirdik, cürbəcür rəngli ətlərdən hazırlanan yeməklər görürdük. Yosunlar, qəribə böcəklər, dəniz məhsulları... İnanılmaz dərəcədə pis qoxuları var. Sonra yavaş-yavaş qaldığım yataqxananın mətbəxinə qalxdım və orada bir neçə cür yeməyin dadına baxmağa çalışdım.

Bir ay sonra hər şeyi atıb evə qayıtmaq istəyirdim. Amma sonra oturub düşündüm ki, qayıtsam, bu qədər əziyyətim heyf olacaq. Başladım o yeməkləri yeməyə, çinlilər kimi davranmağa, onların həyat tərzinə müəyyən mənada uyğunlaşmağa.

Onlar çox soyuqqanlı insanlardır. Qətiyyən öz aralarına yad adamları, əcnəbiləri almırlar. Həqiqətən, tələbəlik illərində heç vaxt yadıma gəlmir ki, auditoriyada bizimlə bərabər otursunlar. Onların yeri hər zaman ayrı olurdu.

- Hansı yeməklərin dadına baxdınız? 

- Mağazalarda diri tarakan növləri satılır. Müxtəlif növ dəniz məhsullarını diri-diri satırlar, hətta yeyirlər. İlbizlər, göy, yaşıl qurbağalar satılır və çinlilər onları bəh-bəhlə yeyir. Mən Azərbaycanda olanda heç toyuğun dərisini belə yeyə bilmirdim. Amma Çinə gələndən timsah, ilan ətindən tutmuş bir çox heyvanların, xüsusilə dəniz məhsullarının dadına baxmışam. Sizə deyim ki, toyuq ətinin dadını verir.

- İt-pişik əti yemisiniz?

- Əslində, çinlilər ona görə sağlam və uzunömürlüdürlər ki, ağızlarının dadını bilirlər. Düzü, mənə pişik əti təklif olunub, lakin imtina etmişəm. Pişik ətindən hazırlanan yeməyin suyu o qədər qara rəngli idi ki, onun dadına baxmaq belə istəmədim. İt əti isə axtarmışam, amma qarşıma çıxmayıb.

- O düzdür ki, Çində insan əti satılır?

- Çində ağlınıza gələ biləcək istənilən heyvanın ətindən hazırlanan yeməklərə rast gələ bilərsiniz. Sözün düzü, insan əti ilə bağlı məqamlar eşitmişdim, amma heç vaxt görməmişəm. Ümumiyyətlə, düşünürəm ki, qarşılaşsaydım, dadına baxmaq fikrində olmazdım.

Çinin şimalı ilə cənubu arasında fərq tarix boyu olub. Şimalda yemək tapmaq çətin olduğundan, insanlar nə tapıbsa, yeyiblər. Cənubda isə vəziyyət belə deyil. Orada da həşəratları yarı çiy vəziyyətdə yeyirlər. Amma bir o qədər də yox.

- Heç Azərbaycan mətbəxini onlara sevdirməyə cəhd etmisinizmi?

- Əslində, bir neçə dəfə özümlə dolma, dovğa, paxlava gətirmişəm. Qorxurdum ki, yeməyə heç nə tapmaram orada. O vaxtdan bilirəm ki, çinlilər Azərbaycan mətbəxini sevmir. Hətta onu deyim ki, bəzən “kaş dolma olaydı, yeyəydim” deyirdim, artıq Çin mətbəxinə öyrəşmişəm deyə dolma yadıma düşmür.

- Niyə əcnəbilərlə ünsiyyətdən çəkinirlər?

- Çində qəribə qanun var. Əcnəbilərə həddindən artıq üstünlük verilir. Siz özəl şirkətlərdə işləyə bilərsiniz, yaşadığınız ərazidə sizə qarşı haqsızlıq edən olmaz, hər hansı bir hadisədə yerli vətəndalardan daha çox əcnəbilərin tərəfi saxlanılır. Bəlkə də, çinlilər özləri də ehtiyat edir ki, münasibət qurarlar, problem yaşanar, başları ağrıyar. Bilmirəm (gülür).

Amma orada sizə hər zaman yuxarıdan aşağı baxılır. Çünki siz orada heç kimi təəccübləndirə bilməzsiniz. Adamlar hər şey edib, istənilən növ avadanlıqlara sahibdirlər. Çinlilər həftənin istənilən günü, istənilən saatı universitetdə, işdə ola bilərlər. Onlar elmlə bağlı hər şeyə vaxt tapır, nəinki əyləncəyə. Onlar pul üçün deyil, zövq üçün işləyir, oxuyurlar. Burada 12 yaşdan başlayaraq 70 yaşında vətəndaşa qədər, hər  kəs öz adını əbədiləşdirmək üçün nəsə yenilik axtarışındadır.

- Orada həmyerlilərimizlə əlaqələriniz var idi?

- Əslində, bizim qrup əcnəbilər qrupu adlanırdı. Hər ölkədən bir tələbə var idi. Amma təəssüf ki, azərbaycanlı dostlarım yoxdur orada.

- Çin dilini öyrənmək çətin olmadı? 

- Çin dilini öyrənmək mənim üçün çox çətin idi. Çünki tamamilə yad qrammatikadır. Mən təhsilimi ingilis dilində seçdim ki, birbaşa ixtisasa başlayım. Bizdə bir saat Çin dili dərsi olurdu. Onda da iki-üç söz öyrənirdik. Onu unutmamaq üçün tez-tez təkrarlamaq lazımdır, yoxsa yaddan çıxırdı. Bu gün işlədiyim yerdə də tək problemim Çin dilinin yazılışı ilə bağlıdır. Danışığı normal səviyyədə bacarıram. Amma qrammatikası üçün müəllim tutmuşam, mükəmməl öyrənməliyəm. Bu, mənim işlərim üçün də önəmlidir.

- Çində yaşamağı planlaşdırırsınız?

- Hələ bilmək olmaz, amma bir müddət burada qalmağı düşünürəm. Çində əcnəbilərə vətəndaşlıq verilmir. Ancaq müvəqqəti yaşamaq icazəsi almaq olur. Amma gələcəkdə ABŞ-a getməyi düşünürəm. Burada öyrəndiklərimi orada tətbiq edərəm.

oxu.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10