Rusiya prezidentinin varidatı haqqında Qərb mətbuatında mütəmadi yazılar gedir. Bu sırada “The Washington Post”un xüsusi yeri var. Bu qəbildən olan bir neçə məqalələrin xülasəsini diqqətinizə çatdırırıq. Nəticə çıxarmağı isə sizlərə buraxırıq...
Bir neçə konqresmen ABŞ-ın kəşfiyyata bağlı idarələrinə müraciət edib. Tələb ediblər ki, Vladimir Putinin Qərb banklarında olan varidatının üzə çıxması istiqamətində araşdırmalar aparılsın. Qəzet yazır ki, bu məsələni araşdırmaq o qədər də asan deyil. Ən azı ona görə ki, Rusiya prezidenti özü bir vaxtlar kəşfiyyat xidmətində çalışıb. O, nəyi necə gizlətməyin yolunu hamıdan yaxşı bilir...
Rusiya Federasiyası Baş Nazirinin I müavini olmuş Boris Nemtsovun keçmiş enerji nazirinin müavini Vladimir Milovla birlikdə qələmə aldığı “Putin və Qazprom” adlı broşura 2008-ci ildə işıq üzü gördü. Həmin broşurada ilk dəfə Vladimir Putinin varidatı ilə bağlı ciddi faktlar ortaya qoyuldu. Qeyd olunurdu ki, Putinin Sankt-Peterburqdan olan yaxın dörd dostu-Yuri Kavalçuk, Qennadi Timçinko, Arkadi və Boris Rotenber qardaşları 2004-2007-ci illər arasında Rusiyada qaz inhisarçısı olan “Qazprom”dan 60 milyard dollar çırpışdırıb. 2008-ci ildə London Fond Birjasında “Qazprom”un qiyməti ən yüksək həddə-396 milyard dollara çatdı. İndi isə “Qazprom”un dəyəri 60 milyard dollara düşüb. Bu isə o deməkdir ki, “Qazprom”un gizli sahibləri bilərəkdən onun qiymətini 310 milyard dollar ucuza endirib. Bu, ya “Qazprom”un pis idarəçiliyinin adına yazılmalıdır, ya da bu, bütün zamanların ən böyük soyğunçuluğudur. Dünyanın ən böyük enerji şirkəti olan “Qazprom”a 2001-ci ilin mayından Aleksey Miller rəhbərlik edir. Bu isə o deməkdir ki, cənab Putin onun işindən razıdır.
Rusiya prezidentinin varidatı ilə bağlı ikinci ciddi bəyanat Sergey Kolesnikovdan gəldi. O, oliqarx Nikalay Şamalovun kiçik ölçülü şəriklərindən biri olub. Kolesnikov həyatına təhlükə yarandığına görə Rusiyadan qaçdı. 2012-ci ildə o, Rusiyanın tanınmış jurnalisti Evqeni Albaça uzun və ətraflı müsahibə verdi. “Qazprom”la bağlı proyektdə iştirak etmiş Kolesnikov bəyan edib ki, adətən iri biznes layihələrindən gələn gəlirin yarısı Putinə çatırdı.
Qəzet yazır ki, Putin Rusiyada şəxsi mülkiyyətin hüquqi əsaslarını dağıtdı. Elə bu səbəbdən də o, öz varidatını xaricə- ofşor zonalara köçürmək zorunda qaldı. Çünki o, Rusiyada iqtidarı itirəcəyi təqdirdə bütün varidatının əldən çıxmaq təhlükəsi ilə üzləşə bilərdi.
“Panama sənədləri” isə daha maraqlı məqamları ortaya çıxardı. Həmin sənədlərdə Putinin adının hallanmamasına bir çox ekspert qanunauyğunluq kimi baxdı. İz qoymadan işləmək belə olur. Üstəlik, cənab Putin həmin sənədləri kəskin şəkildə tənqid etdi. Ancaq həmin sənədlərə əsasən Putinin uşaqlıq dostu Sergey Rolduqin deyəsən özündən xəbərsiz milyarderə çevrilmişdi. Bu şəxs violonçel çalmaqla məşğuldur. Ən maraqlısı odur ki, bu violonçelist Rusiyanın nüfuzlu iş adamlarından olan Süleyman Kərimovdan (ləzgi əsilli rusiyalı iş adamı) 259 milyon dollar almışdı. Süleyman Kərimova qarşı 2018-ci ildə ABŞ Maliyyə Nazirliyi sanksiya tətbiq edib.
Daha bir maraqlı məqam: Dövlətə məxsus olan VTB Bank (Nizamnamə kapitalına görə Rusiyada birinci yerdə gedir. Əsası Sankt-Peterburqda qoyulsa da baş ofisi Moskvada yerləşir. E.H.) Sergey Rolduqinə 650 milyon dollar kredit verib. Böyük ehtimalla, bu kredit geri qaytarılmayacaq...
“The Washington Post”da 2016-ci ildə gedən bir məqalədə Putinin uşaqlıq dostu Sergey Rolduqin haqqında belə bir hissə yer alıb: “2 il öncə Sergey Rolduqin jurnalistlərə açıqlamasında demişdir ki, o, sadə bir musiqiçidir: “Mənim binada evim, maşınım və bağım var. Ancaq mənim milyonlarım yoxdur”. “Panama sənədləri” ortaya çıxanda isə məlum oldu ki, özünü təvazökar musiqiçi kimi təqdim edən Sergeyin milyardları var.
Qəzet bildirir ki, 1991-1999-cu illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuş Boris Yeltsinin dönəmində Rusiyada xeyli varlı oliqarx meydana çıxdı. Putin bu oliqarxları bir sinif kimi ləğv etməyə çalışdı. 2003-cü ildə “YUKOS” neft şirkətinin rəhbəri Mixail Xodorkovski dələduzluqda ittiham olunaraq həbs olundu. 11 il iş alan milyarder 2013-cü ildə Qərbin təzyiqi ilə Putin tərəfindən əfv edildi.
Sonda Putin Rusiyadakı oliqarxlar arasında xalqa söz verdiyi kimi nizam-intizam yaratdı və... özü Rusiyanın ən böyük oliqarxına çevrildi.
Əgər ortada olan bu iddialar doğrudursa, deməli, Putin və onun ən yaxın dostları dövləti çapıb talayırlar, “Qazprom”da olan oğurluqların miqyası isə heyrət doğurur. 2006-ci ildən etibarən Putinin dostları Rusiyadan hər il 15-25 milyard dollar çıxarıb. 13 il ərzində bu vəsait 195-325 milyard dollar arası oğurluq deməkdir. Təbii ki, bu məbləğin yarısı Putinə məxsusdur...
2012-ci ildə Boris Nemtsov ictimai fəal Leonid Martinyukla birlikdə çap etdirdiyi (“The Life of a Galley Slave") adlı broşurada qeyd edirdi ki, Putinin 20 sarayı, 4 yaxtası, 58 təyyarəsi... var. Putini tənqid edən digərləri kimi cənab Martinyuk da Rusiyadan qaçmalı oldu. Boris Nemtsov isə 2015-ci ildə çeçenlər tərəfindən sifarişlə qətlə yetirildi...
Böyük ehtimalla demək olar ki, Putin öz varidatının böyük bir hissəsini Qərbdə yerləşdirib. Qərbdə isə bir çox hallarda şirkət sahibinin anonim olmasına icazə verilir. Əgər ABŞ Qərbdə olan anonim şirkət sahiblərinin üzə çıxması üçün gərəkən addımlar atsa Rusiya prezidenti ciddi çətinliklərlə üzləşə bilər.
Araşdırmada belə bir sual qoyulur: Bu qədər pul Putinin nəyinə lazımdır? Pul Rusiyada güc deməkdir. Rusiyanı ancaq ən varlı adam idarə edə bilər. Ona görə də Putin Rusiyanın ən varlı adamı olmağa məhkumdur.
Diqqətinizə çatdırdığımız bu yazının müəllifi olan Anders Aslund başqa bir məqaləsində isə bu mövzu ilə bağlı belə yazır: Yəhudi əsilli iş adamı Bill Bovder (Bill Browder) hesab edir ki, Putin dünyanın ən varlı adamıdır. Cənab Bill amerika əsilli Britaniyalı iş adamıdır. O, Rusiya ilə ciddi biznes əlaqəsində olub. Daha sonra isə Rusiyadan çıxmaq zorunda qalıb...
O, deyir ki, Putinin şəxsi varidatı 200 milyard dollardır. Rusiyadan oğurlanaraq xaricə ötürülən vəsaitin həcmi isə 800 milyard dollarla 1.3 trilyon dollar arasındadır. Qərbin bir sıra maliyyə mərkəzləri də oxşar rəqəmlər səsləndirməkdədir...
Müəllif yazır ki, Britaniya və ABŞ qanunları anonim şirkətlərin ofşor zonalarda fəaliyyətinə icazə verir. Ona görə də bu ölkələr qanunda dəyişiklik etməklə bu problemi həll edə bilərlər. Müxtəlif mənbələrə görə, 2015-ci ildən ABŞ-da hər il 300 milyard dollar qara pul yuyulub. Britaniyada isə bu göstəricinin 125 milyard dollar olduğu söylənilir...
Göründüyü kimi, qarşı tərəf Putinə açıq şəkildə bildirir ki, gərəkərsə sənin Qərbdə yerləşdirdiyin anonim şirkətləri üzə çıxara bilərik. Şübhəsiz ki, bu, sadəcə, hədə deyil. Qərb həqiqətən də bunu edə bilər. Biz bir çox diktatorlara qarşı belə addımların atılmasının dəfələrlə şahidi olmuşuq. Bəs bunun qarşılığında Rusiya nə edə bilər? Bu barədə Qərb mətbuatında elə şey yazan yoxdur. Ancaq ABŞ-da keçirilmiş prezident seçkisinə Rusiyanın həlledici müdaxiləsi onu deməyə əsas verir ki, Rusiyanın arsenalında daha kəsərli vasitələr var və həmin vasitələr Qərbdə zəlzələ effekti doğurmaqla gözlənilməz dəyişikliklərə səbəb ola bilər. Xüsusən, getdikcə daha effektiv silaha çevrilən sosial mediada Rusiya kəşfiyyatının güclü mövqeylərə sahib olması nəzərdən qaçmamalıdır...
musavat.com