QİÇS-lə bağlı cəmiyyətdə mövcud olan əsas problemlərdən biri tibb işçilərinin özlərinin xəstələrə qarşı səhv yanaşmasıdır
Əslində, xəstəxananın həyətinə daxil olanda hara gedəcəyimi gözəl bilirdim. Sadəcə, keçən zaman ərzində insanların QİÇS (qazanılmış immun şatışmazlığı sindromu), İİV (insanda immun çatışmazlığı virusu) reaksiyasını yoxlamaq üçün bildiyim sualı verdim. Bunun səbəbi virus və xəstə olanlar barədə məlumatlılığı, həmçinin stiqmanın varlığını yoxlamaqdı.
“QİÇS Mərkəzinə hardan dönməliyəm” sualıma maraqlı cavablar oldu. Bir neçəsi belə yer haqqında məlumatlı olmadığını dedi. Yalnız qarşıma çıxan tələbələr məni başdan-ayağa süzdükdən sonra yolu göstərdilər. Unudulmaz, mühakiməli baxışlar idi.
Hər zaman anonim, pulsuz müayinə
Respublika QİÇS-lə Mübarizə Mərkəzinə (bundan sonra Mərkəz) daxil olanda öncə qeydiyyata alınma prosesi başlayır. Burada istəniləın şəxs anonim şəkildə qanvermə üçün növbəyə yazıla bilər. İstəyə uyğun olaraq, ad-soyad vermədən müvafiq rəqəmlərlə (kod) şəxsin məxfiliyi qorunur.
Elə mən də insanları bütün hallarda müayinəyə səsləmək məqsədi ilə qan testi üçün növbəyə yazıldım. Mərkəzin qeydiyyat şöbəsindən deyildi ki, hər gün orta hesabla 100 nəfər müraciət edir. Beləliklə, öz sıra və kodumu götürüb otağa daxil oluram və məndən də qan nümunəsi alınır.
Prosedura görə, götürülmış qan nümunələri laboratoriyaya aparılır, qanın müayinə olunması da xüsusi zaman çərçivəsində olmalıdır. Mərkəzdə həm ilkin verilən qan, həm də yoluxmuş qan nümunələrinin müayinəsi üçün hər cür imkan var. Xəstə insanlar müalicə müddətində belə, müayinəyə cəlb olunurlar. Burada məqsəd həmin insanların vəziyyətinə nəzarət etməkdir.
Mərkəzin laboratoriyasının müdiri Ella Qurbanova məni bütün müayinə otaqlarını gəzdirdi, həm ənənəvi, həm də müasir müayinə aparatları ilə tanış etdi. Həkimin sözlərinə görə, laboratoriyada bir neçə komponentə görə qan nümunələri müəyyən edilir: “Ən müasir laboratoriyamızda viruslar aşkar olunur. Qanlar səhər yığıldıqdan sonra dərhal müayinəyə göndərilir”.
Məlumat verildi ki, əvvəllər virus tapılanda miqdarı, faizi diqqətdə saxlayırdılar. İndi isə virus aşkarlanan kimi dərman terapiyasına (2006-ci ildən antiretrovirus terapiya) cəlb olunur.
Mərkəzin ambulator şöbəsinin müdiri Samirə Vəliyeva söhbətimiz zamanı dedi ki, onlar həm xəstələrin müayinəsi, müalicəsi, həm də başqa tibb müəssisələrinə göndərişlərini təşkil edirlər: “Bizim infeksionistlərimiz, stomatoloq, terapevt və fitiziatorlarımız var. İİV-li xanımların hamiləliyinə nəzarət də edirik. Bizdə son zamanlar hamilələrlə iş nəticəsində normal sağlam uşaqlar doğulur! Biz çox istərdik ki, hamiləlikdən qabaq hər bir qadın müayinəyə gəlsin, həm özü üçün, həm də gələcəkdə doğulacaq uşağı üçün”.
Rəqəmlər bizi qorxutsun!
2019-cu ilin 6 ayı ərzində (2018-ci ildə 656 nəfər olub) İİV-ə yeni yoluxma halları 354 nəfər təşkil edib ki, onlardan 343 nəfəri azərbaycanlı, qalanı əcnəbi vətəndaşdır. Yerli sakinlərdən 224-ü kişi, qalanı qadındır. 34 nəfər parenteral, 247 nəfər heteroseksual, 25 nəfər homoseksual kontakt nəticəsində, 1 nəfər isə anadan keçmə yolu ilə yoluxub. Qalan 36 nəfərin yoluxma yolu araşdırılır.
Bu müddətdə Mərkəzdə qeydiyyatda olan 108 nəfər QİÇS mərhələsinə keçib, 33 nəfər İİV-li vətəndaşımız isə ölüb. Ümumilikdə, 1987-ci ildən 2019-cu ilin ilk 6 ayına qədər Mərkəzdə 6502 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4568-i kişi, qalanı qadındır. QİÇS mərhələsində olanların sayı 1757, İİV-dən ölənlərin isə 1076 nəfər olub.
Qeyd edək ki, qeydiyyatda olan vətəndaşların 42,2%-i inyeksion narkotik istifadəsi nəticəsində, 46,5%-i heteroseksual kontakt nəticəsində yoluxub ki, bu, yoluxma barədə ümumi mənzərəni göstərir. Vurğulayaq ki, yoluxma, əsasən qan və cinsi kontakt nəticəsində baş verir.
Pozitiv xəstələr
Növbədə duran məsələ - Mərkəzdə qeydiyyatda olan İİV xəstələri ilə görüşməkdir. Belə insanların həyat hekayələrini dinləmək həm onların rahatlaması, həm də cəmiyyətin digər fərdləri üçün bir dərsdir.
Beynəlxalq Qlobal Fondun mütəxəssisi, eləcə də QİÇS üzrə media təlimçi Ceyhun Nəcəfov bu məsələdə yardımçı oldu. Mütəxəssisin iştirakı ilə mərkəzin ambulator hissəsində olan bir neçə xəstə ilə görüşdük. Üç İİV daşıyıcısı olan xanımın qaldığı palataya yaxınlaşanda bir anlıq həyəcanlandım. Çünki cəmiyyətdə mövcud stereotiplərdən, stiqmadan çox əziyyət çəkirik.
Açığı, onlar haqqındakı ilkin məlumatdan sonra bəzi sualları verməkdən çəkinirdim. Amma xanımlarla əyani görüş bu düşüncələrimi dəf etdi. Qarşımda bir-birindən pozitiv xanımlar gördüm. Qeyd edim ki, xanımların hər 3-ü evdar qadındır (aşağıda onları şərti adlarla çağıracağıq). Həkim məlumat verdi ki, vəziyyəti pisləşən xəstələr vəziyyətindən asılı olaraq, təxminən 2 həftəyə qədər palata rejimində qalırlar.
Qeyd edim ki, müsahiblərin anonimliyi məlum səbəblərə görə qorunur.
“Hərdən unuduram ki, mən xəstəyəm”
Aidə 47 yaşındadır, 2 övladı var. 7 il əvvəl başqa xəstəliklə əlaqədar xəstəxanaya gedib: “Qanımda müayinə zamanı virus çıxdı. Bura gəldim, qeydiyyata düşdüm. Yoldaşım məni yoluxudrub. 5 il yarımdır, Mərkəzdən pulsuz verilən dərmanlarla müalicə alıram. Arada dərmanı kəsmişdim, amma anladım ki, olmazmış. Çünki sonuncu dəfə vəziyyətim pisləşmişdi, bu səbəbdən xəstəlikdə müalicə davamlı olmalıdır, arada kəsmək zərərlidir. Uşaqlarımdan, qardaş-bacımdan başqa kimsə xəstəliyimi bilmir. Bilməmələri daha yaxşıdır (gülür-müəll.). Burada psixoloq dəstəyi alıram. İndi özümü gözəl hiss edirəm, çox istəyirəm ki, insanlar bilsinlər ki, istənilən xəstəliyin erkən aşkarlanmsı onun müalicəsini də asanlaşdırır. Hərdən, hətta unuduram ki, mən xəstəyəm”.
“Yoldaşımı yoluxduran qadın öldü”
Gülərin 32 yaşı var: “Mən və yoldaşımı görən həkimlər bu virusu daşıdığımıza inanmırlar. Məndə ailə qurduqdan sonra bu virus çıxıb. O vaxtı evlilikdən qabaq icbari tibbi müayinə yox idi ki, erkən bilək. Yoldaşım təsadüfi cinsi aləqə ilə yoluxub, bunu sonradan bildik. Həmin qadın burda öldü. Artıq 13 ildir virus daşıyıcısıyam, buna baxmayaraq, hər hansı ağır vəziyyətə düşməmişəm. Elə bil, virusla dostlaşmışam. Sadəcə özümü infeksion xəstəliklərdən qorumalıyam, biz özümüzün iki qat qayğısına qalmalıyıq. Əks halda vəziyyət gərginləşə bilər. Mərkəzin proqramı sayəsində hamiləlik müddətində dərman terapiyası keçmişəm, indi 10 yaşlı qızım sağlamdır”.
“Ərim Rusiyaya gedib-gəlirdi”
Sevda 31 yaşındadır və bir oğul anasıdır: “Mən lənkəranlıyam. Yoldaşım Rusiyaya gedib-gəlirdi. Bizim bölgədə narkotik istifadəçiləri çoxdur. Yoldaşım 2012-ci ildə donor olacaqdı, qanında bu virus aşkarlandı, təcili mən də müayinəyə getdim. Mənim qan müayinəmdə İİV aşkarlandı. Artıq illərdir, müalicəyə tabe olmağa çalışırıq”.
Xüsusi QEYD: Hər üç xanımın cinsi yolla İİV-ə yoluxmasını əsas tutaraq, həkimlər bir daha kontraseptivlərdən (hamiləlikdən qorunma vasitələri), xüsusilə prezervativlərdən istifadəni tövsiyə edirlər.
Qardaş qanı…
Rauf (onun da adı şərtidir) 2007-ci ildə qardaşından yoluxub və 2009-cu ildən İİV-lə bağlı müalicə alır: “Qardaşım narkotik istifadəçisi idi, onun şprisindən davamlı istifadə edirdim. O, mənə xəstə olduğunu desə də, mən fikir vermirdim. Nəhayət, virusa yaxalandım. Ara-sıra vəziyyətim pisləşsə də, yaşayıram. Bir də narkomanlar üçün “Metadon” (narkotik maddənin alternativi, yüksək dozadan ölüm halının qarşısının alınması üçün tətbiq olunur) üzrə dövlət proqramına qoşulmuşam”.
Zərərin azaldılması proqramı
Bu arada həkim-mütəxəssis C.Nəcəfov onu da nəzərə çatdırdı ki, narkomanlar arasında infeksiyaya yoluxma riskini aradan qaldırmaq üçün Azərbaycanda zərərin azaldılması proqramı icra olunur: “Bu məqsədlə bir neçə yerli QHT bu missiyanı öz üzərinə götürüb, onlar riskli qrupa pulsuz şprislər və tibbi vasitələr verə bilir. Mərkəz tərəfindən ölkəmiz ildə 2 dəfə Avropa İİV-ə test kampaniyasına qoşularaq, bir çox regionda və paytaxtda səyyar, pulsuz və könüllü müayinə təşkil edir. Bu ilin noyabrında növbəti kampaniya təşkil olunacaq”.
“Bizi qoyub qaçırlar”
Nəticə olaraq onu qeyd edim ki, QİÇS-lə bağlı cəmiyyətdə mövcud olan əsas problemlərdən biri tibb işçilərinin özlərinin xəstələrə qarşı səhv yanaşmasıdır. Müsahiblərimlə danışanda, onlar bu diskriminasiyanın olduğunu təsdiqlədilər.
“İİV xəstəsi olduğumuzu biləndə başqa sahədən olan həkimlər, hətta bizi otaqda qoyub qaçırlar. Bu səbəbdən hansısa başqa həkimə gedə bilmirik”, - deyə həmsöhbətlərimiz bildirdilər.
P.S. Mərkəzdə həkimlərdən birinin maraqlı qeydlərini diqqətinizə çatdırıram (Bu vacib qeyd SOS da hesab olunur, çünki bizim Rusiyaya gedib-gələnimiz çox olur): “Rusiyada QİÇS, İİV Afrika ölkələrindəki qədər yayılıb. İrkutsk vilayəti bu xəstəliyin əsas ocaqlarından biridir. Rusiya dünyada yeganə ölkədir ki, orada uşaqlar üçün ayrıca QİÇS Mərkəzi var”.
ayna.az