Hazırda beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “sülh reseptləri” ictimai rəydə ən çox müzakirə edilən məsələdir.
Xüsusən də bu məsələdə Rusiyanın fəallığı diqqəti daha çox çəkir.
Dünyadakı son geopolitik situasiya çərçivəsindən baxdıqda, Moskvanın Cənubi Qafqazın “ən köhnə” probleminə belə diqqəti anlaşılandır: nufuz dairələrinə güc göstərmək və bölgədə “külli-ixtiyar” sahibi olmasına mesaj vermək. Qarabağ bu məsələdə Rusiyanın işinə çox gözəl yarayır.
Axı bu qanlı münaqişə 31 il əvvəl SSRİ-də başlanmışdı. İndi özünü SSRİ-in varisi hesab edən Moskva üçün Qarabağ məsələsi təkcə siyasi nostalji deyil, həm də postsovet məkanında münaqişələri idarə etmək niyyətinin açıq təzahürüdür.
Bu gün Moskva ATƏT-in Minsk Qrupunun həmsədri kimi, 2 dövlətlə – ABŞ və Fransa ilə birgə münaqişənin həll etməyə çalışır. Lakin yaxın keçmişimizdə Rusiyanın bu problemlə bağlı yeganə hakim olduğunu göstərən proses də unudulmayıb.
Moskvanın təkbaşına aparmaq istədiyi bu sülh missiyası barədə tarixi oxuculara təqdim edirik. Çünki ötən ay həmin tarixin həm də 28 yaşı tamam olub.
…1991-ci ilin iyununda Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) prezidenti seçilən Boris Yeltsin Qarabağ münaqişəsini həll etmək üçün səy göstərib. SSRİ prezidenti Mixail Qorbaçovla açıq konfliktdə olan Yeltsinin vasitəçi rolunda çıxış etmək istəməsi problemi həll etməklə SSRİ prezidentinin aciz qaldığı bir məsələdə öz nufuz üstünlüyünü göstərmək cəhdi idi.
Özünün bu missiyasının mühümlüyünü nümayiş etdirmək üçün Yeltsin Dağlıq Qarabağ Muxtar Vilayətinə səfər etməyə qərar verir.
Boris Yeltsinin və Nazarbayevin Azərbaycana səfəri o qədər də isti qarşılanmır. 1991-ci ilin qızmar payızı Bakıda siyasi hərarəti də yüksəltmişdi. QKÇP-nin suqutundan sonra mövqeləri xeyli zəifləmiş prezident Ayaz Mütəllibov Azərbaycan Xalq Cəbhəsinin (AXC) rəhbərlik etdiyi böyük bir xalq hərəkatı ilə üz-üzə qalmışdı. SSRİ əleyhinə kəskin mövqeyi ilə seçilən AXC-nin reaksiyasını nəzərə alan Ayaz Mütəlibov Yeltsinlə görüşündə maksimum ehtiyatı olmağa çalışır.
Yeltsinin səfəri ərəfəsində isə SİTA çox maraqlı bir xəbər yayır. Məlum olur ki, SSRİ prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı fərmanı hazırlanır. Bakı buna şübhə ilə yanaşır. Yeltsinin səfərindən əvvəl onun milli məsələlər üzrə müşaviri, ermənipərəstliyi ilə tanınan Qalina Stravoytovanın əvvəlcədən DQMV-ə gedərək yerli əhalini görüşə hazırlaması rəsmi Bakıda ciddi etiraz doğurur.
FOTO: Boris Yeltsin və Nursultan Nazarbayev Bakıda.
Sentyabrın 21-də Boris Yeltsin və Nursultan Nazarbayev Azərbaycana gəlir. Bakıda B.Yeltsin və N. Nazarbayev prezident Ayaz Mütəllibovla görüşür və son proseslər ciddi müzakirə edilir. DQMV-ə birgə getmək qərara alınır. Yeltsin və Nazarbayev daha sonra AXC-nin liderləri ilə görüşərək Dağlıq Qarabağla bağlı müzakirə aparırlar. Hər iki prezident görüşdə sərhədlərin dəyişdirlməməsi prinsipinə sadiq olduqlarını və Azərbaycanın daxili işlərinə qarşımayacaqlarını bəyan edirlər.
AXC nümayəndələri bildirirlər ki, Ermənistanla danışıqlara başlamaq olar. Bunun üçün Ermənistan DQMV-i özünə birləşdirmək barədə qərarını ləğv etməli, Ter-Petrosyan Ermənistandan Qarabağa gəlmiş hərbi dəstələri çıxarmalıdır.
Bundan sonra Rusiya və Qazaxstan və Azərbaycan prezidentləri Bakıdan avtomobillərlə çıxaraq Gəncəyə üz tuturlar. 22 sentyabrda, səhər Boris Yeltsin, Nursultan Nazarbayev və Ayaz Mütəllibov Xankəndinə gəlirlər. Bu zaman şəhər meydanında ermənilərin 40 minlik mitinqi təşkil olunur. Mitinqdə qısa çıxış edən Rusiya prezidenti Dağlıq Qarabağın Vilayət Sovetinin binasında separatçı erməni hərəkatının nümayəndələri ilə görüşür. Azərbaycan prezidenti Ayaz Mütəllibov bu görüşdə iştirak etməkdən imtina edir.
Daha sonra Xankəndində partiya-təsərrüfat fəalları ilə görüşən RSFSR prezidenti Yeltsin bəyan edir ki, DQMV-də vəziyyəti gərginləşdirən materialların KİV-də və Mərkəzi Televiziyada işıqlandırılmaması barədə qərar verilib.
FOTO: Yeltsin və Nazarbayev Xankənində.
Əhali ilə görüşdən sonra Yeltsin Yerevana gedir. Bundan sonra Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağla bağlı danışıqar prosesinə start verilir. 24 sentyabr 1991-ci ildə Şimali Qafqazın Jeleznovdsk şəhərində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibovla Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan arasında görüş keçirilir. Sentyabrın 24-də Jeleznovdskda birgə memorandum imzalanır. Sənədi BorisYeltsin, Nursultan Nazarbayev, Ter-Petrosyan və Ayaz Mütəllibov imzalayır. Danışıqlarda separatçı hərəkatın lideri Robert Koçaryan, Dağlıq Qarabağ Vilayət Sovetinin sədri Leonard Petrosyan və Şuşa şəhər İcraiyyə Komitəsinin sədri Vaiqf Cəfərov müşahidəçi qismində iştirak edirlər.
Jeleznovodsk memorandumu başlanacaq müharibəni dayandırmaq üçün aşağıdakı addımları nəzərdə tuturdu:
- Dağlıq Qarabağla bağlı bütün antikonstitusion aktların qüvvədən düşdüyünü tanımaq(Söhbət DQMV-in 20 fevral 1988-ci ildə sovet Azərbaycanının tərkibindən çıxmaq haqqında vilayət sovetinin qərarından və Azərbaycanın 28 noyabr 1989-cu ildə DQMV-in inzibati ərazi vahidi kimi ləğv olunması barədə qəbul etdiyi qərardan gedir);
- Atəşi dayandırmaq;
- SSRİ daxili qoşunları istisna olmaqla, münaqişə bölgəsindən bütün silahlı qruplaşmaları çıxarmaq;
10 bənddən ibarət olan memurandum 1 yanvar 1992-ci ildən qüvvəyə minməli idi.
Bir aydan sonra – oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bəyan edərək SSRİ-dəki mövcudluğuna son qoydu. Dekabr ayında isə Sovet İttifaqı suqut etdi. Artıq hamı yeni mərhələnin – “postovet era”sının başlandığını anlayırdı. Qarabağ münaqişəsi alovlanaraq iki dövlət arasında qanlı savaşa çevrildi.
1991-ci ilin sentyabrında Rusiya prezidenti Boris Yeltsinin və Qazaxstanlı həmkarı Nursultan Nazarbayevin Dağlıq Qarabağa gəlməsi Moskvanın problemin siyasi həlli üçün bir mesajı idi. SSRİ-nin mövcudluğunun son aylarında həyata keçirilən sülh missiyası prezident Yeltsinin rəhbrlik edəcəyi müstəqil Rusiya üçün sonralar prioritet olsa da, Qazaxstan prezidenti Nursultan Nazarbayev əlini yelləyib birdəfəlik bu münaqişədən uzaq durmağa üstünlük verdi.
Beləliklə, tarixə “Jeleznovdsk görüşü” kimi düşmüş bu görüş Rusiyanın Qarabağ münaqişəsinin təkbaşına həll etməsi üçün ilk və sonuncu cəhdi sayılır…
azpost.info