Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qiyamət ayı” yaxınlaşır: Manatdan bərk yapışmalı, ya dollardan?




Samir Əliyev: “Stabil valyuta o valyutadır ki, onun arxasında dayanan iqtisadiyyat bir resursdan asılı deyil”

 

2019-cu ilin sonuna doğru gedirik. Son bir neçə ildə ölkə vətəndaşları dekabrı, az qala "qiyamət ayı” kimi xatırlayırlar. Daha doğrusu, devalvasiya və qiymət artımlarının baş verdiyi ay kimi...

 

Bu ilin dekabrında bizi hansısa sürprizlər gözləyirmi? Milli valyutamızla bağlı nə kimi gözləntilər var? AYNA əməkdaşı mövzu ətrafında iqtisadçı-ekspert Samir Əliyevlə həmsöhbət olub:

 

- İlin sonunda psixoloji olaraq insanlarda müəyyən bir gərginlik yaranır ki, növbəti devalvasiya ola bilər. Amma əgər devalvasiya olacaqsa, bunun ayın sonuna, əvvəlinə, ilin fəslinə dəxli yoxdur. Bir qayda olaraq ilin sonunda manata qarşı təzyiqlər artır. Bunun da əsas səbəbi onunla bağlıdır ki, büdcə xərcləri ilin sonuna doğru çoxalır. Yəni bir sıra xərclər var ki, onlar saxlanılır, ilin sonunda qısa müddətdə böyük həcmdə pul kütləsi buraxılır dövriyyəyə və bu da manata qarşı təzyiqi artırır. Bu baxımdan, bəli, müəyyən qədər manat təzyiqə uğrayır.

 

Amma nəzərə alaq ki, bizdə birinci devalvasiya ilin əvvəlində (fevralda), ikinci devalvasiya isə dekabrda baş vermişdi. Bu gün neftin mövcud qiyməti devalvasiya üçün zəmin yaratmır. Neftin qiyməti imkan verir ki, manat sabit qalsın və mövcud qiymət manatı dəstəkləyir. Biz bilirik ki, Azərbaycan manatı neftdən asılıdır. Yəni bu gün neftin qiyməti 60 dollardan yüksəkdir – 62-63 dollar civarında dəyişir. Bu hədd də manatı qorumaq üçün imkan yaradır. Təbii balansımıza da diqqət yetirsək, demək olar ki, kəsir yoxdur, müsbət say budur. Yəni bu, o deməkdir ki, ölkəyə gələn valyuta ölkədən çıxan valyutanı üstələyir.

 

Bu baxımdan mən bu gün manat üçün devalvasiya təhlükəsi görmürəm. Əksinə, müəyyən dövrlərdə manatın bahalaşması riski yaranır. Ona da Mərkəzi Bank imkan vermir. Mərkəzi Bank manatın məzənnəsini qoruyur. O cümlədən də ucuzlaşmasının qarşısını alır. Mən düşünürəm ki, ilin sonuna qədər dünya bazarı neftin qiymətində ciddi bir dəyişiklik olmasa, qarşıdakı 3 ayda manatın məzənnəsində hər hansı bir dəyişiklik olmayacaq.

- Bəs neftin qiymətində nə kimi dəyişikliklər gözlənilir?

 

- Neftlə bağlı müxtəlif proqnozlar var. Bəzi geosiyasi proseslər baş verir. Bu isə nefti gah ucuzlaşdırır, gah da bahalaşdırır. Məsələn, sonuncu dəfə dünyanın ən çox neft ixrac edən ölkələrindən biri olan Səudiyyə Ərəbistanında baş verən hadisə qiymətlərin bahalaşmasına gətirib çıxardı. Ortalıq sakitləşən kimi qiymətlər yenidən aşağı düşdü. Yəni bu gün qiymətlər 60 dollar civarındadır. Ciddi bir dəyişiklik isə, hələ ki, gözlənilmir. Bu gün kəskin ucuzlaşma barədə hələ bir şey demək olmaz. Proqnozlar onu göstərir ki, hələlik proses bu səviyyədə davam edəcək. Deməli, neft bu həddə qalacaqsa, mili valyuta üçün təhlükə yoxdur. Yəni milli valyutanın məzənnəsinin dəyişməsi gözlənilmir. Olsa, yalnız hökumətin öz istəyi ilə dəyişə bilər. Yəni bu gün manat üçün xarici təsir riski yoxdur.

 

- Azərbaycan manatı hazırda investorlar üçün stabil valyuta hesab olunurmu?

 

- Bu amil də neftə bağlıdır. Yəni biz neftdən asılı olan ölkəyik. Neftin qiyməti bahalaşanda milli valyutamız stabil olur, neft ucuzlaşanda manatın da vəziyyəti ağırlaşır. Əslində isə, stabil valyuta o valyutadır ki, onun arxasında dayanan iqtisadiyyat bir resursdan asılı deyil. Məsələn, Avropa ölkələri, Amerika, Yaponiya kimi. Bu ölkələrin valyutası stabildir. Çox təəssüf ki, bizim ölkədə valyuta stabilliyindən danışmaq mümkün deyil. Stabilliyin özü qəti xarakter daşıyır. Hər an bu stabillik pozula bilər. Ona görə də Azərbaycan manatını belə valyutalara aid etmək, çox təəssüf ki, mümkün deyil.

- Manatla yatırımlar, depozit qoyuluşları, kredit götürmələr hansı səviyyədədir? Müşahidələriniz nəyi deməyə əsas verir?

 

- İstər depozitdə, istərsə də kredit götürmələrdə manat üstünlük təşkil edir. Bu gün manat xarici valyutaları üstələyir. Getdikcə də payı artır. Bunun səbəbi də odur ki, manat sabitdir. Həm də depozitdə faiz dərəcəsi yüksəkdir. Ona görə də camaat manatla depozit qoymaqda maraqlıdır, nəinki dollarla. Kreditə gəlincə isə, cammat manatla götürürdü ki, birdən devalvasiya olsa, problem yaşanmasın. Ona görə də manat üstünlük təşkil edir. Bu gün manatın sabit olması ölkəni inflyasiyadan qoruyur. Yəni xaricdən gələn malların qiymətinin artmaması manatın sabit olmasına bağlıdır. Lakin bu sabitlik dayanıqlı, uzunmüddətli ola bilməz. Çünki bu, daha çox inzibati qaydada aparılan əməliyyatların nəticəsində yaranmış sabitlikdir.

 

- Bəzi mütəxəssislər iddia edirlər ki, neft faktoru olmasa, 1 ABŞ dolları 6-7 manat səviyyəsinə qədər yüksələ bilər. Sizin bu yöndə qənaətiniz nədən ibarətdir?

 

- Bu səviyyə texniki məsələdir. Tutaq ki, neftin qiyməti 50 dollardan aşağı düşsə, manata qarşı təzyiq artır, devalvasiya ehtimalı yüksəlir. Qiymət 40 dollardan aşağı düşəndə isə artıq devalvasiya labüd olur. Dövlət Neft Fondu hələlik təhlükəsizlik rolunu oynayır. Valyuta çatmayanda Fonddan həmin kəsir təmin edilir. 2015-ci ildə Mərkəzi Bank milli valyutanın sabitliyini saxlamaq üçün 11 milyard dollar pul xərclədi. Həmin dövrdə güclü kapital axını var idi. İndi kapital axını hələ ki, müəyyən dərəcədə məhdudlaşdırılıb. Amma neft düşərsə, manat bir müddət sabit qalar, sonra ucuzlaşmağa doğru gedər. Bu baxımdan 6-7 manat məsələsini bir az nisbi qəbul edirəm. Nə vaxtsa 1 dollar 6-7 manat olacaq, amma yaxın dövrlərdə deyil.

(ayna.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10