Ölkə çoxsəsli sistemə keçməlidir ki, bir nəfərin üzərində basqı qurmaq mümkün olmasın
Torpaqlarımızı işğal edən, tarixən xəstə ideologiya ilə qonşularının ərazisinə göz dikən Ermənistanın Baş Naziri Nikol Paşinyanın BMT-dəki çıxışını izlədim. İllərdir xəbərdarlıq etdiyimiz təhlükəni biz - Azərbaycan hələ də görmək istəmirik.
Çıxışın ana xətti Ermənistanda azad seçkilərin, müstəqil medianın, korrupsiya ilə mübarizənin, güclü sivil toplumun, ədalətli məhkəmənin - bir sözlə bütün demokratik institutların bərqərar olduğunu vurğulamaq üzərində qurulmuşdu. Nikol dünyaya mesaj verirdi ki, “biz artıq demokratik dövlətik” və işğal faktını da bu kontekstə salmağa çalışırdı. Sanki, Qarabağı, ətraf rayonları erməni-rus birləşmələri demokratiya uğrunda mübarizəyə görə işğal ediblər.
Ermənistan öz işğal siyasətinin yeni təqdimatına keçib. Az qala, 2 ildir ki, bu haqda yazırıq, danışırıq, amma hökumət məsələnin ciddiliyini anlamır. Paşinyan və komandası məsum quzu cildinə girib işğalçı sitasətlərinə demokratiya donu geyindirmək istəyirlər. Deyirlər ki, “Azərbaycanda seçki yoxdur, məhkəmə yoxdur, azadlıqlar yoxdur, biz (Qarabağ erməniləri) bu şəraitdə necə yenidən Bakının idarəçiliyinə daxil ola bilərik ki?!”
Mən son 15 ildə onlarla beynəlxalq tədbirdə iştirak etmişəm, o zaman da ermənilər belə cəhdlər edirdilər, amma biz dərhal ağızlarından vururduq ki, gedin özünüzə baxın – Sarqsyan və Köçəryan canidirlər, İrəvanın ortasında mitinq edənlərə atəş açıb öldürdülər, zindanlarınız siyasi məhbuslarla doludur, azadlıqlar yoxdur, siz kimə dərs keçirsiniz?! Bu arqumentlərlə erməniləri susdururduq.
Amma indi müharibədə birbaşa iştirak etməyən və demokratik imic yarada bilən yeni hökumət iş başına gəlib. Və bu komanda işğala demokratiya donu biçir, güzəşti bizdən - işğala məruz qalan, həm hüquqi, həm mənəvi olaraq tam haqlı durumda olan Azərbaycandan tələb edir. Dünya da yavaş-yavaş bu manipulyasiyaya inanmağa, aqressiyanı, işğalı demokratik haqlar uğrunda mübarizə kimi dəyərləndirməyə, güzəşti anti-demokratik imici olan Azərbaycandan gözləməyə başlayır.
Ciddi təhlükə ilə üz-üzəyik, yaxın aylarda köklü və demokratik addımlar atmasaq, hamının - bütün siyasi qüvvələrin, cəmiyyətin şübhə etmədiyi seçkilər keçirib güclü parlament formalaşdırmasaq, insan haqq və azadlıqları ilə bağlı daxili problemlərimizi həll etməsək, işimiz ağır olacaq.
Ölkə çoxsəsli sistemə keçməlidir ki, bir nəfərin üzərində basqı qurmaq mümkün olmasın, bir nəfərdən güzəşt tələb edəndə o da parlamenti, sivil toplumu, siyasi partiyaları göstərib, "Mən tək qərar verə bilmərəm", - deyə bilsin.
Qarabağın işğalı millətin var olma məsələsidir, burada iqtidar-müxalifət məsələsi yoxdur, ola da bilməz. Ağıllı siyasət qurub bu məsələdə iqtidarlı-müxalifətli bizə qarşı qurulmuş yeni tələləri dağıtmağı bacarmalıyıq. Yoxsa işğalçı "canavar" indi "demokratik quzu" dərisinə girib Qarabağ məsələsinin yeni təqdimatını genişləndiricək.
Mən növbəti dəfə xəbərdarlıq etdim, siz də düşünün, xanımlar və cənablar, düşünmək zərərli deyil...
(ayna.az)