00447 nömrəli əmr... İosif Stalinin təşəbbüsü, Siyasi Büronun razılığı ilə 30 iyul 1937-ci ildə “NKVD” başçısı Nikolay Yejovun imzaladığı bu əmr yüz minlərlə insanın həyatına son qoyub. Repressiya dalğalarını sunamiyə çevirən bu əmrlə günahsız insanları güllələmək, sürgünə göndərmək, həbsxanalarda çürütmək daha “rahat” və daha “asan” olub.
Sözügedən əmrə əsasən müttəfiq respublikalarda, diyarlarda və vilayətlərdə “NKVD”-nin xüsusi üçlükləri yaradılıb. Üçlüklərə əsasən yerli “NKVD” idarələrinin rəisləri, partiya komitələrinin katibləri və prokurorlar daxil ediliblər.
Xüsusi üçlüklərin fəaliyyətinə şəxsən Nikolay Yejov və müavini Mixail Firinovski nəzarət edib. Fəaliyyət və ona nəzarət dedikdə, üçlüklərin qarşısına qoyulan say baxımından “repressiya planı” və həmin planın icrası nəzərdə tutulub. Əgər hansısa bir bölgədə bu plan tam yerinə yetirilməyibsə, buna görə “repressiya edənlərin” özləri repressiyaya məruz qalıblar.
Maraqlıdır, “NKVD” üçlüklərinin qarşısında hansı vəzifələr dayanıb və onlara hansı səlahiyyətlər verilib?
Qeyd etdiyimiz kimi, mərkəzdən yerlərə, müttəfiq respublikalara, diyar və vilayətlərə repressiya olunacaq insanların sayı ilə bağlı konkret planlar göndərilib və onların repressiya öhdəçilikləri bu planlarda öz əksini tapıb. Məsələn, repressiyaların say planı ilə bağlı məmurlar arasında bu cür yazışmalar olub.
Omsk vilayəti Xalq Daxili İşlər Komissarlığı idarəsinin rəisi Qorbaçın Yejova məxfi teleqramı: “Vilayətdə 1-ci kateqoriyadan 5444 nəfər həbs olunub”.
Nikolay Yejov teleqramı cavablandırıb: “1-ci kateqoriyaya aid olan həbslərin sayı 8 minə çatdırılsın və təcili məruzə edilsin”.
Yaxud digər məruzələrdə konkret rəqəmlər göstərilib, Ukrayna planı 30 min nəfər, Belarusiya 5 min nəfər artıq yerinə yetirib.
Plan və siyahıları qeyri-rəsmi olaraq Stalin təsdiq edib. Siyahılarda 1 rəqəmi qeyd olunubsa, yəni bu 1-ci kateqoriya, güllələnmə, 2 rəqəmi isə, 2-ci kateqoriya sürgün və türmə cəzası nəzərdə tutulub.
Siyahılardakı adların çoxluğu icra prosesini ləngidib. Repressiyaya məruz qalacaq hər bir şəxsin məhkəmə prosesini keçirmək zaman baxımından faktiki olaraq mümkünsüz sayılıb. 00447 nömrəli əmr də məhz elə buna görə imzalanıb. Əmrə görə yaradılmış üçlüklərə məhkəmə prosesi olmadan ittiham olunanlar, keçmiş qolçomaqlar, cinayətkarlar və antisovet ünsürlər haqqında qərar çıxarmaq səlahiyyəti verilib.
“NKVD” üçlüklərinin üç kateqoriyada cəza tətbiq etmək hüququ olub, güllələnmə, sürgünə göndərmə, 8 ildən 10 ilə qədər həbsxana cəzası. Cəzalar haqqında məhkəmə prosesi olmadan qərar verilib. Şəxslərin siyahısı təqdim edildikdən sonra minimum sənədlər toplanıb. Şəxsin kimliyini və yaşayış yerini bildirən sənəd, nəyə görə ittiham olunması haqqında yerli orqanların ərizəsi.
İstintaqsız, sorğu-sualsız, ittiham olunanın iştirakı olmadan “NKVD” üçlüyü şəxs haqqında qərar verib. İttiham olunanın yuxarı instansiyalara şikayət hüququ da olmayıb.
Cəzalar qərar çıxan gün icra edilib. Güllələnmə cəzasının icrasının yeri və tarixi heç bir sənəddə qeyd olunmayıb.
Beləliklə, “operativ” üçlük repressiya əməliyyatlarını operativ şəkildə həyata keçiriblər.
Statistikaya nəzər yetirsək, “NKVD” üçlüyünün “məhsuldarlığının” şahidi olarıq. Ümumilikdə Nikolay Yejovun “NKVD” rəhbəri olduğu dövrdə (1936-cə ilin sentyabrından 1938-ci ilin noyabrına qədər) orqan əməkdaşları tərəfindən 1 milyon 565 min nəfər həbs edilib və onlardan təxminən 700 min nəfəri güllələnib.
Bu rəqəmin orta hesabla tən yarısı 00447 saylı əmrlə yaradılmız “NKVD” üçlüyünün payına düşüb. Onu da qeyd edək ki, üçlüyün əsas fəaliyyəti cəmisi dörd ay, 1937-ci ilin noyabr ayına qədər olub. Sonralar üçlüyün fəaliyyətini tənzimləyən əsasnamədə bəzi dəyişikliklər edməklə “cəlladlar qrupuna” daha üç ay da səlahiyyət verilib.
Maraqlı faktlardan biri odur ki, 1938-ci ildən sonra, “NKVD” üçlüyünə daxil olanların əksəriyyəti günahsız insanların öldürülməsində ittiham olunublar, özləri repressiyaya məruz qalaraq güllələniblər. Bu siyahının başında isə amansızlığı ilə tarixə “yejovşina dövrü”nü yazan Nikolay Yejov dayanıb.
Göründüyü kimi, SSRİ-nin 1930-cu illərdə apardığı siyasət, dövlət quruculuğu, hüquq-mühafizə orqanlarındakı “islahat”lar yalnız repressiyalar üzərində aparılıb və sonluğu bumeranq prinsipi ilə yekunlaşıb...
(musavat.com)