Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bəzi ərəblərdə gördüyünüz neqativ halları qətiyyən İslam dini ilə əlaqələndirməyin…”


“Formula-1” zamanı Bakıya gəlmiş ingilislərin də davranışları iyrənc və əxlaqsız idi…”
“Bəlkə Bakıya gələn ərəblərin arasında Livanda olan erməni mənşəlilər də var?..”



Son dövrdə, xüsusən ölkəmizə Yaxın Şərqdən turist axınının gücləndiyi son illərdə Azərbaycan toplumunun müəyyən bir hissəsi dinimiz İslama onun beşiyi sayılan ərəb ölkələri sakinlərinin davranış, əxlaq və həyat tərzinə uyğun qiymət verməyə başlayıb. Bu günlərdə  Dubaydakı məşhur “Xəlifə bürcü” qülləsinin Ermənistanın “müstəqillik günü” ilə bağlı həmin işğalçı ölkənin bayrağının rənginə boyanması olayı da belə baxışları daha da gücləndirib. 

Məsələ ilə bağlı tanınmış ilahiyyatçı Ağa Hacıbəylinin fikirlərini öyrənilib.  

“Təbii ki, mən ilahiyyatçı olaraq məsələnin siyasi tərəflərinə toxuna bilməyəcəm. Sırf İslamla bağlı cəhətlərə münasibətimə gəldikdə, öncə problemə millətçilik yox, ümmətçilik baxışı ilə nəzər salmaq gərəkdir. Təəssüf ki,  bu gün İslam aləmi dünya çərçivəsində  çox kiçilib. Bir zamanlar 6 əsr ərzində dünyaya meydan oxuyan, dünya mədəniyyətinə  padşahlıq edən bir mədəniyyət bu gün susdurulub, əli-qolu qandallanıb. Allahın Kitabı- Quran sükut içindədir. Halbuki, bu günkü  bəla və faciələrimiz barədə bu Kitab danışmalıdır, bu Kitabın dilini bilənlər danışmalıdır. Bu sahədə müsəlman toplumlarının, o cümlədən Azərbaycan xalqının ərəblərdən gözlədiyi bir çox məsələlər var. Çünki insanımız əsrlərdir ki, ərəblərə, ərəb ölkələrinə baxanda öncə yadına düşən Peyğəmbər əleyhissəlamdır, imamlarımızın möhtəşəm fəaliyyətləridir. Və İslam mədəniyyətinin təbliğçiləri sayılan, mənbəsi sayılan  ərəblərdən bu gün, nə yazıqlar ki, kifayət qədər xətalar, səhvlər, günahlar görünür. Bu da təbii ki, insanlarımızı çox incidir və ağrıdır. Və nəinki digər millətlərə, ərəblərin özlərinə olan münasibətləri də normal deyil...”-deyə ilahiyyatçı bildirib. 

A.Hacıbəyli bütün bu anormal proseslərin həm də beynəlxalq güclərin İslama qarşı apardığı düşmən siyasətin nəticəsi olduğunu ifadə edib:

“Dünya səviyyəsində İslam ümmətinin içərisində bir parçalanma aparılır. Bu, bir böyük bəladır: İraq, Suriya, Yəmən, Pakistan, Əfqanıstan... Ümmət çapından çıxarılıb və millətçilik xəstəliyinə tutulub...
Belə bir şəraitdə Azərbaycan tolerant dəyərlərə malik bir ölkə olaraq bir tərəfdən də turizmi inkişaf etdirən bir ölkəyə çevrilir. Və son illər müsəlman toplumları içərisində daha çox turistlər İrandan və ərəb ölkələrindən gəlir. Müşahidələr göstərir ki, həmin turistlərin böyük əksəriyyəti çox fərqli niyyətlərlə gəlib. Bunların şəhərdəki geyimləri, davranışları qətiyyən müsəlmana yaraşan deyil. Bu, İslamı təmsil etməyən bir qövmün davranışlarına bənzəyir. Amma o da var ki, ərəb ölkələrindən gələnlərin gerçək  mənşəyini də bilmirik. Bəlkə bunların arasında Livandan gələn erməni mənşəlilər də var?..” 

A.Hacıbəyli din adamlarını, ibadət əhlini bəhs edilən mövzuda həssas olmağa səsləyib:

“Hesab edirəm ki, bu gün bizim din adamlarımız ayıq-sayıq olmalıdır. Belə məsələlərdə İslamla ərəbi qarışdırmamalıdır və yalnız ərəbdən  islami həyat tərzi, davranış gözləməməlidir. Onu da vurğulamaq lazımdır ki, Peyğəmbərimiz Məhəmməd əleyhissəlam yalnız ərəblərə göndərilmiş bir nəbi deyil. Düzdü, Peyğəmbərimiz(s) o toplum içərisində, o coğrafiyada doğulub və yaşayıb. Qurani-Kərimdə Yaradan Peyğəmbərimizə(s) xitabən buyuyrur ki, Biz səni aləmlərə rəhmət olaraq göndərdik. Yəni yalnız Yer planetinə, bəşəriyyətə deyil, aləmlərə... Bizimlə paralel, görüb dərk edə bilmədiyimiz aləmlərdə yaşayan varlıqların da Peyğəmbəridir(s) sevgili Məhəmməd əleyhissəlam... Odur ki, biz İslamı Qurandan öyrənməliyik, özünü idarə edə bilməyən hansısa ərəbdən yox. Biz İslam əxlaqını, mədəniyyətini sevgili Peyğəmbərimizdən öyrənməliyik, ərəblərdən yox... Biz İslamı İmam Hüseyn əleyhissəlamın Kərbəladakı şücaətindən, şəhidliyindən öyrənməliyik, mərsiyələrdən yox... Bir sözlə, insanlarımız bəzi ərəblərdə gördükləri neqativ halları qətiyyən İslam dini ilə əlaqələndirməsinlər və dinimizə olan münasibətləri də dəyərdən düşməsin...”

İlahiyyatçı digər, o cümlədən Avropadan gələn turistlər arasında da nalayiq davranışlar edənlər olduğunu  bildirərək bunun cəmiyyət tərəfindən  o qədər də şişirdilməməsini dilə gətirib:

“Bir də onu xatırladım ki, son “Formula-1” yarışlarında Bakıya turist kimi gəlmiş bəzi ingilislərin davranışları da son dərəcə iyrənc və əxlaqsız idi. Bunlar bizim milli əxlaqımıza, ailə mədəniyyətimizə çox yad davranışlar oldu. Onlar da müsəlman hesab olunan xalq deyildi ki?.. Amma biz bir qonaq olaraq onların bu nalayiq davranışlarına  səbir etdik və bu iyrənclikləri bütün Avropaya, bütün Qərb dəyərlər sisteminə şamil etmədik... Yəni bir xalqın, bir millətin ayrı-ayrı nümayəndələrinin xarakteri, həyat tərzinə görə bütövlükdə onların təmsilçisi olduğu din, mədəniyyət  barədə nəticə çıxarmaq həmişə doğru olmur...”
(moderator.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10