Ekspert: “Tamamilə mənasız prosesdir, kimlərsə burada maddi maraq güdürlər”
Azərbaycanda insan gözünü imtahanlara açır, özünü qanar-qanmaz, imtahanlardan keçməli olur. Sözün həqiqi mənasında imtahanlardan. Birinci sinfə qəbul olunmaqdan başlamış, orta məktəbi bitirənədək, ali məktəbə daxil olmaqdan başlamış, işə qəbul olunanadək neçə-neçə imtahandan keçməli oluruq. Bu qədər imtahan hansı məntiqin məhsuludur?
Mövzunu AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədovun fikrincə, söhbət imtahanların say çoxluğundan deyil, effektivliyindən getməlidir: “Ölkədə 27 ildir ki, istər ali təhsil müəssisələrinə, istər orta ixtisas təhsili müəssisələrinə, son 13 ildə də magistratura pilləsinə imtahanla qəbul aparılır. İmtahanlar insanlar arasında birinin digərindən fərqləndirilməsinə xidmət edir və yaxud məsuliyyət hissinin artmasına hesablanıb. Məsələn, hər il orta məktəblərimizi 80 mindən çox şəxs bitirir. Onların 60 mini universitetlərə qəbul olmaq üçün sənəd verir və onların 32 mini qəbul ola bilir. Orta məktəblərimizi bitirmiş hər 3 məzundan biri ali təhsil almaq imkanı qazanır”.
“Təbii ki, imtahan stressdir. Təsəvvür edin, birinci sinifdən etibarən uşaqlar hər 4 həftədən bir KSQ, BSQ imtahanı verirlər. Bu imtahanların formatını dəyişmək lazımdır. Yaxud 16-17 yaşlı uşaqlarımız buraxılış, qəbul imtahanları verirlər. Onlar potensial cinayətkarlara çevrilirlər. O qədər əsəb sistemləri pozulur ki, hər bir şey edə bilirlər. Deməli, bizim üsulumuz düzgün deyil. Yəni hər il eyni üsuldan istifadə edib fərqli nəticə gözləyirik, amma pis nəticələr görürük. İntiharlar, bədbəxt hadisələrin şahidi oluruq”, - deyə K.Əsədov bildirib.
Ekspertin fikrincə, əsas məsələ, təşkil olunan imtahanların əmək bazarında nə dərəcədə effektiv olmasındadır: “Biz imtahanların sayından, müddətinin çoxluğu-azlığından deyil, faydalılıq əmsalından narahat olmalıyıq ki, keçirdiyimiz imtahanlar bizə hansı kəmiyyəti yox, keyfiyyəti qazandırır. Bəlkə imtahanları ləğv edək? Bəlkə yazılı formaya keçək? Axı, imtahanların bir neçə növü var. Təəssüf ki, biz 27 ildir eyni növdən istifadə edirik. Eyni oyunu oynayıb fərqli nəticə gözləyirik. Bu, səhv yanaşmadır”.
Müsahibimiz işə qəbulun imtahanla aparılmasına etiraz edənlərin fikirləri ilə razılaşmır: “Təsəvvür edin, müəllimliyə qəbul üçün 58 min nəfər sənəd vermişdi, amma cəmi 7 min vakansiya var idi. İndi 58 min adamı həmin vakansiyalara necə yerləşdirmək olar? Bu zaman birini digərindən fərqləndirmək üçün imtahandan keçirməyə məcbursunuz. Amma imtahanı elə etməlisiniz ki, imtahan onun işinə təsir göstərsin. Məsələn, müəllimliyə iddialı olan şəxsdən niyə məntiq imtahanı götürürsünüz? Söhbət riyazi məntiqdən gedir. Bu, onun nəyinə lazımdır?”
AYNA-nın digər həmsöhbəti, sosioloq Əhməd Qəşəmoğlu da imtahanların çoxluğundan narazıdır: “Mən özüm də bu barədə dəfələrlə düşünmüşəm. Azərbaycanda bu məsələləri tənzimləyən məmurların özləri təcrübəsiz olurlar və ya bu məsələləri yaxşı anlaya bilmirlər. Bəzən sənədləşmələrə, imtahanlara o qədər çox yer ayırırlar ki, gülməli vəziyyət yaranır. Uzun illər apardığım müşahidələrimə, xarici ölkələrdə topladığım təcrübəmə əsasən deyə bilərəm ki, bizdə bu sahədə qarışıqlıq var”.
“Bu edilənlərin hamısı mənasızdır. Bəzən kimlərsə burada maddi maraq güdürlər. Bu cür imtahanlar, yoxlamalar və bu cür başqa şeylərdə kiminsə maddi marağı olur. Amma indiki dövrdə mexanizmləri elə qurmaq olar ki, heç onlara ehtiyac olmaz. Elə adamlar var ki, kompüterin qarşısında oturur və dünayanın ən qabaqcıl universitetlərinə qəbul olur, çatnasını götürüb gedir orda oxumağa. Burda da o mexanizmləri elə qurmaq olar. Mən bir il bundan qabaq təklif vermişdim: Orta məktəblərdə təhsili elə təşkil etməliyik ki, heç ali məktəblərə qəbul imtahanına ehtiyac olmasın. Çünki eyni bir ölkədə, eyni Təhsil Nazirliyinin təqdim etdiyi təhsil proqramıdır. 11-ci sinfə kimi elə təhsil verilməlidir ki, ali məktəbə qəbul olmaq üçün imtahana ehtiyac qalmasın”, - ekspert vurğulayıb.
“Mən həm də universitet müəllimiyəm. Özəl universitetlərlə bərabər, dövlət universitetlərinin ödənişli bölmələri də var. Burada tələbələrə yalnız o maraqlıdır ki necə olur-olsun, universiteti bitirsinlər. Universitet də onlara aşağı qiymət verməkdə maraqlı deyil ki, başqaları da çətinlikdən buradan qaçmasınlar. Sonunda tələbələr, aşağı qiymətlərlə də olsa, universiteti bitirirlər. Soruşanda ki, “ay oğlum, ay qızım, niyə oxumursan”, qayıdırlar ki, “oxumağın nə xeyri var?!”. Bax, bu gün əsas problemlərimizdən biri də budur”, - deyə Ə.Qəşəmoğlu əlavə edib.
(ayna.az)