Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda uşaqların sayı niyə azalır?


Uşaq pulu necə verilməlidir?

Rəsmi statistik məlumatlara istiadən 2000-ci ildə ölkədə 0-14 yaşlı uşaqların say 2 milyon 545 min 600 nəfər olub. 2019-cu ilin əvvəlinə bu yaş qrupu üzrə uşaqların sayı 306 min 500 nəfər azalaraq, 2 milyon 239 min 100 nəfər təşkil edib. Eyni dövrdə ümumi nəsil vermə (fertillik) əmsalı da aşağı düşüb. Belə ki, orta hesabla bir qadın üçün hesablanan bu göstərici 2000-ci ildə 1,99-dan 2018-ci ildə 1,76-ya düşüb. Halbuki, 1999-cu ildə fertillik əmsalı 2,77-yə bərabər idi.
Bununla yanaşı, onu da qeyd edim ki, ev təsərrüfatlarının ölçüsünə görə, cəmi uşaqlı ailələrin sayında 1 uşaqlı ailələr 30,1 faiz, 2 uşaqlı ailələr 40,3 faiz, 3 uşaqlı ailələr 19,9 faiz, 4 və çox uşaqlı ailələr isə 9,7 faiz təşkil edir. Ölkədə çoxuşaqlı ailələrin sayının azalması daha sürətlə müşahidə olunur. Belə ki, DSK-nın məlumatına istinadən, 2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi doğulduğu halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə qədər enib.
Uşaqların və çox uşaqlı ailələrin sayının azalmasının bir sıra səbəbləri mövcud olsa da onlar işərisində ən qabarıq olanı ailənin xərclərinin artması, xüsusilə də uşaqlara yönələn məsrəflərin çoxalmasıdır. Bu isə uşaqlara dövlət qayğısı siyasətinə yenidən baxmaq üçün ciddi əsaslar yaradır. Hesab edirəm ki, indiki halda dövlətin qayğısının aparıcı xəttini uşaq pullarının verilməsinin bərpası təşkil etməlidir. Beynəlxaq təcrübəyə nəzər salsaq, uşaq pullarının verilməsinin üç fərqli istiqamətini görmək olar. 1) Uşaq pulları bütün ailələrə görə verilir və uşaq pullarını ailədəki uşaqların sayına görə reqressiv və ya proqressiv şkala üzrə müəyyənləşdirirlər. Məsələn, hansı ölkələrdə ki, demoqrafik artım müşahidə olunur, o ölkələrdə uşaqların sayı artdıqca uşaq pullarının məbləği azalır. Hansı ölkələrdə isə demoqrafik artım yoxdur, o ailələrdə isə uşaqların sayı artdıqca uşaq pullarının məbləği çoxaldılır. Məsələn, Almaniyada uşaqların sayı artdıqca uşaq pullarının məbləği azaldılır. Amma, Britaniyada və Kanadada uşaqların sayı artdıqca uşaq pullarının məbləği artırılır. 2) Bir qrup ölkələrdə uşaq pulları ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaq pulu adı ilə vəsait ödənilir. Uşaq pullarının məbləği həm də ailənin gəlirləri ilə əks mütənasiblik təşkil eləyir. Ailənin gəlirləri az olanda uşaq pullarını daha da çoxaldırlar. Belə bir yanaşma Avropa ölkələrində, o sırdadan İtaliyada var. Eyni zamanda ABŞ-da da ailənin gəlirləri ilə uşaqlara olan qayğı arasında bir əlaqə var. Gəlirlər az olanda uşaqlara olan qayğı daha çox olur, gəlirlər çox olanda isə uşaqlara olan qayğı nisbətən az olur. Yəni qayğı deyəndə mən uşaqlar üçün ödənilmiş vəsaitin məbləğini nəzərdə tuturam. Azərbaycan da bu modelə istinad edə bilər. Azərbaycanda heç də mən bütövlükdə bütün ailələrə uşaq pullarının verilməsinin məqbul hesab etmirəm. Hesab edirəm ki, bu ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Yəni ki, 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir. 6-10 yaşlı uşaqlara nisbətən çox, orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir. Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının gəlirliyə bağlanması ilə yanaşı, həm dəbu praktikadan istifadə etmək olar.
3) Beynəlxalq təcrübədə üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Daha doğrusu ödənilmiş verginin bir hissəsinin geri qaytarılması zamanı ailədə uşaqların sayının nəzərə alınması praktikasıdır. Bu praktikadan həm ABŞ, həm Kanada, həm də ki, Avstraliya və Böyük Britaniya istifadə edir. Hesab edirəm ki, bu da həm də, vergi ödənişlərinin leqallaşdırılması, həm də uşaqlara görə vergiyə ödənilmiş məbləğin bir hissəsini geriyə qaytarılması baxımında maraqlı ola bilər.


Qubad İbadoğlu, iqtisadçı alim





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10