Bu hissəni oxusanız, siz də dəli olacaqsınız – Bir dəlinin gündəliyi
Yuxumda Məryəmi lüt-üryan görürəm. Ehtirasdan yanan bədəni göz oxşayır, elə bilirsən ki, bu saat qadın alova çevriləcək. Barmağımı boynundan göbəyinə qədər sürüşdürürəm. İniltilər, pıçıltılar duyğularımı oxşayır, məni məst edir.Bu an kameranı yatdığım çarpayıya çevirək. Yorğanla əməlli-başlı güləşirəm. Sonra yorğan döşəməyə yayılır, mən də döşəməyə dığırlanıram. Yorğanı tapa bilmirəm. Əllərim havada rəqs edir.
Sanitar bu mənzərəyə şaqqanaq çəkərək tamaşa edir. Dözə bilmir, telefonunu çıxardır, videoya çəkir. Profilində paylaşır və yazır: “Baxın ay camaat isti-isti prikol video”. Camaat da baxır, gülür, əylənir. Daha başa düşmür ki, o dəli niyə bu günə düşüb?!
Sanitar məni ayıldır. Yerimdə uzandırır. Göz qapaqlarım səhnə pərdələri kimi aşağı enir. Məryəm də qeybə çəkilir.
Dəlilərdən biri başıma qapaz vururdu. Yuxudan qəfil, hövlnak ayıldım. Elə bil başıma taxtayla vururdular. Qarşımda işıq dirəyi kimi dayanan gonbul dəli idi. O elə dayanmadan əlini başıma tərəf yellədirdi. Sanki kimisə yellənçəkdə yellədirdi. Ayağa qalxıb onu süzməyə başladım. Gonbul robot kimi eyni hərəkəti təkrar edirdi. Arxasına bir təpik ilişdirdim. Çarpayıma düşdü. Uşaqlar kimi qucağına bükülüb üşüməyə başladı. Ədyalı başına çəkdi və yuxuya getdi.
Gecənin yorğunluğu üzərimə çökmüş, bədənimdə əzginlik hiss edirdim. Bu gün dəlixana divarları daha solğun, daha kədərli, daha əzablı görünürdü. Hərdən divarlara saatlarca tamaşa edirdim. Boz divarlara o qədər baxırdım ki, göz rəngimdə dəyişir, hamını, hər kəsi, günəşi belə boz çalarlarda görürdüm. Atam xəstəxanaya gələndə də onun niyə boz rəngə üstünlük verdiyini anlaya bilmirdim. “Həyatımın rəngi bozmu” deyə günlərlə düşünürdüm. Düşünməyi dəlixanada öyrənmişdim. Dəlixananın qapısı döyülməyə başladı. Gələn Lətif həkim idi. Həmişə ilk otağına yox, palataya baş çəkər, bizlərin kefini-halını sorğu-sual edərdi. Dəhlizin başında qarşılaşdıq. Üzündə təbəssüm, saçları səliqəli, üzü qırxılı, ətirli həkimimiz.
- Bu gün necə də gözəldi, hə?
- Bu gün hər yer bozdu, həkim...
- Bozdusa, səndə rəngləməyə başla.
- Fırçam yoxdu axı...
- Otağıma gələrsən, verərəm.
Həkimin əlindəki kitab diqqətimi çəkdi.
- Olar kitaba baxım?
- Əlbəttə, amma sənin üçün oxumaq hələ tezdi.
Kitabın üz qabığında mas-mavi dəniz parıldayırdı. Gecə və ay işığı da vardı. Kitabın üstündə “Bir dəlinin gündəliyi” yazılmışdı. Müəllifi görə bilmədim.
- Həkim, verin də, mən də oxumaq istəyirəm... - əlimi kitaba tərəf uzatdım.
- Bunu oxumaq qadağandır sənə!
- Niyə, həkim?
- Ona görə ki, çox ağırdı.
- Onda bir xahiş edim, kitabı verin mənə, elə indiciə hansısa səhifəsindən bir-iki cümlə oxuyum. Görüm taleyimlə səsləşirmi?!
- Yaxşı, götür.
Kitabı alıb, vərəqləyirəm. Sonra ortasından açıram. Bu cümlələri həkim eşitsin deyə də səsli oxuyuram:
“Atam heç nə demirdi, kirimişcə çiyinlərini ata-ata ağlayırdı. Qayıtmağıma bayram etmişdilər. Hər şey necə də gözəl idi. Birdən-birə həyatımdakı o boz və qara rənglər təzədən yerinə gəlməyə başladı. Elə bu vaxt qardaşımla bacım da gəldi. Bilmədilər neyləsinlər. Eləcə key-key baxdılar. Donuq ifadələr məni dörd tərəfdən sıxırdı”.
Həkim başını bulayır, deyəsən bu sözlər heç ürəyincə olmur.
- Yaxşı, kitabı ver...
Artıq düşünməyə iki şey vardı. Bu kitab və fırçalar. Fırçalarla dəlixananın divarlarını rəngləmək fikrinə düşmüşdüm. Hər divara bir rəng. Qırmızı, yaşıl, sarı, mavi...
Vasya adəti üzrə bufetin başında çömbəlib boşluğa nəsə danışırdı. Bufetdə adam az idi. Deyəsən, dəlixanamızda dəlilər azalır. Hər kəs ağıllanıb. Tək-tük xəstələr masada oturub həyatdan, siyasətdən, bir də qadınlardan danışırdılar.
“Burdan çıxan kimi evlənəcəm”.
“Burdan çıxan kimi maşınla çoxlu gəzəcəm”.
“Burdan çıxan kimi siyasətçi olacam, hamının qanını içəcəm”.
Qəfil üçü də mənə tərəf qanrıldılar.
- Nə olub? Sözün var?
- Hə, sözüm var.
- De da. Key-key nə baxırsan?
- Burdan çıxan kimi özümə təzə paltar alacam.
- Bunun istəyinə bir bax?!
Onların qəzaya uğramış təbəssümlərinə cavab vermədən palataya üz tuturam. Dəhlizdə fikrimi dəyişib həkimin otağına tərəf keçirəm. Qapısını taqqıldadıram.
- Buyur, gəl.
- Həkim, bəs mənə fırçalar verirdiniz...
- Çəkməcəmdədi. Qızım rəssamdı. Ondan qalanlardı. İndi verirəm.
- Həkim, divarları rəngləsəm məni çox döyərlər?
- Yox, mən icazə vermərəm. Amma sənə rəng tapa bilməyəcəm.
Həkimin telefonuna zəng gəlir. Fırçaları uzadır. Otağı tərk edirəm. Qara-qara düşünürəm ki, bu fırçalarla nə edəcəm? Hardansa boyalar, rənglər tapmalıydım. Həkimin otağını pusuram. Aha, telefon qulağında aşağı düşür. Otağın qapısı da açıq. Tez içəri dürtülürəm. Çəkməcələrdə qələm və vərəqlərdən başqa gözə heç nə dəymir. Şkafın qapısı cırıldayır, açıram. Bu da boyalar. Özü də sulu boya. Amma heyif azdı, olsun. Şalvarımın içində gizlədirəm. Ehmalca otaqdan çıxıb çarpayıma tələsirəm. Yastığın altında boyaları, fırçaları gizlədirəm.
Gecənin gəlməyinə hələ çox vardı. Hiss edirdim ki, sağalıram. Burda darıxa, düşünə bilirdim. Çarə xatirələrə tilov atmaqdı.
Doğuluşum, kəndimiz, həyətimizdəki başı kirəmitli evimiz, bağçamızda aramsız hürən alabaş itimiz, uşaqlığım, ilk sevdiyim qız, dostlarım, atam, anam, hətta ilk gördüyüm insanlar, başıma gələn saysız-hesabsız, maraqlı-maraqsız əhvalatlar, başqalarının danışdığı cürbəcür hekayətlər, oxuduğum kitablar, getdiyim yerlər, baxdığım rəsm tabloları, son zəng, məktəbə getdiyim ilk gün, balaca vaxtı dörd-beş uşaqla dalaşıb ilk dəfə burnumun qanaması, güvəndiyim dostlarımın çıxıb getməsi, dünyada gedən hadisələr – bu və bu kimi minlərcə, bəlkə də milyonlarca sadalamadığım şeylərin hamısı mənim xatirimdədir və inanmıram ki, mən bir gün yaşadığım bu anları unuda biləcəm.
Birdən xoşbəxtlik haqqında düşünməyə başladım. Burdan çıxandan sonra xoşbəxt olmaq istəyirəm.
Bir əhvalat yadıma düşür indi. Bir gün qolu kəsik bir adam ustad Bektaşinin yanına gəlir. Adamlar çox olduğundan oğlan bir xeyli gözləməli olur. Nəhayət, sıra gəlib ona çatır.
Bektaşi:
- Nədir dərdin? – deyə gəncdən sual edir.
Oğlan başını aşağı salır, dodağının altında:
- Xoşbəxt deyiləm. – deyir.
Bektaşi gülümsünür:
- Nədən, evladım? – deyə sorur.
Oğlan qolunu göstərir:
- Qolum kəsiləndən sonra həyat mənə zindan kimi görsənir. Yaşamaq istəmirəm.
Axırıncı cümləni oğlan çox sakit dediyi üçün Bektaşi eşitmir.
- Nə istəmirsən? – deyə xəbər alır.
- Yaşamaq... – oğlan bir az ucadan deyir.
- Aha... – Bektaşi azacıq gülümsünür, sonra üzündən qırışı silinir dərin fikrə qərq olur.
- Oğlum, - o, darıxdırıcı sükutu pozub üzünü gəncə tutur. – sənə bir şey deyəcəm onu edərsən.
- Nə dersəniz, xocam. – oğlan razılıqla başını sallayır.
- Al bu qaşığı bərk-bərk tut. Get, sarayı yaxşı-yaxşı gəz. Amma diqqət elə yağı damcılatma.
Oğlan Bektaşinin dediyi kimi edir. Sarayın kənarlarındakı şəlalələrə, bağlara üz tutur, quşların civiltisini eşidir, ancaq qaşığa diqqət yetirdiyindən heç nəyə fikir verə bilmir. Qayıdıb Bektaşinin yanına gəlir. Bektaşi oğlanın qaşıqdakı yağı damcılatmadığını görüb maraqla:
- Oğlum, mənim bağımı, bağımdakı sarı, bənövşəyi gülləri, bər-bəzəkli quşları gördünmü? – soruşur.
Oğlan:
- Qaşığa fikir verdiyimdən heç nəyi görə bilmədim – deyə cavab verir və günahkarcasına başını aşağı sallayır.
Bektaşi gülümsünür:
- Get indi o gözəllikləri gör. – deyir.
Oğlan təzədən saraydan çıxır. Bağa, bağdakı rəngbərəng güllərə, bərbəzəkli quşlara baxır. Gözəlliyin sehrinə qapıldığından qaşıqdakı yağın damcıladığından xəbəri olmur. Geri qayıdanda Bektaşi ondan soruşur:
- Oğlum, nədən yağı damcılatdın?
- Əfəndim, bağa, bağdakı bərbəzəkli quşlara, rəngbərəng çiçəklərə baxdığımdan qaşığa fikir verə bilmədim.
Bektaşi gülümsünür:
- Oğlum, gördünmü? – deyir. – Sən qolunun kəsik olduğuna fikir verdiyindən ətrafındakı gözəlliyi görmürsən. Qoluna fikir verməsən görərsən ki, həyat necə gözəldir. Öz bədbinliyi içində boğ, oğlum. Onda xoşbəxt olacaqsan.
Xoşbəxtlik, xoşbəxtlik.... İç məsələsidi, iç...
Kimsə arxadan toxunur mənə. Yenə bu gonbul dəli.
- Mənə ana südü lazımdı. Hardan tapa bilərəm?
- Sanitarka Gülya var e, onun yekə döşləri var. Sol döşü öpüləsidi, sağ döşü əmməli.
- Ana südü var?
- Ala dedim da. Sağ döşündə ana südü var. Get istə.
Gonbul üzündə sarsaq bir təbəssümlə Gülyanın yanına gedir. Mən də onun arxasınca.
- Gülya mənə ana südü ver da.
- Adə, mən sənin ananam?
- Mənə ana südü lazımdı
- Neyləcəksən ki?
- Anam yadıma düşüb.
- A kişi, çıx get burdan, gic-gic az danış.
Gülya otağına keçmək istəyəndə gonbul dəli onun döşündən yapışır. Qadının iri döşləri pırtlayıb çıxır. Qap-qara gilələri üzümə bənzəyir. Bu çaxnaşmanı dondururam. Gülyanı gonbul dəlinin anasına çevirirəm. Gonbulu da 2 yaşlı uşağa. Müqəddəs bir mənzərə yaranır.
Bir qapaz başıma dəyir.
- Niyə baxırsan? Kömək elə da – Fuad həkim Gülyanı gonbulun cəmdəyindən zorla alır. Gonbulu da çarpayıya bağlayıb o ki var döyürlər. Anasından əmdiyi südü burnundan fitil-fitil gətirirlər.
Hadisəyə geri qayıdaq. Axı mən hər şeyi dondurmuşdum. Gonbul it kimi Gülyanın döşünü əmməyə başlamışdı. Gülya nə qədər and-aman eləsə də, gonbulun əlindən canını qurtara bilmirdi. Quş kimi çırpınırdı eləcə. Qara gilələri qan qırmızısına çevrilmişdi. Gülyanın çığırtısına həkimlər imdad eləmiş, gonbulun caynaqlarından onu xilas edə bilmişlərdi.
Nəhayət, gecə gəlmişdi. Hamı yatırdı, bircə mən oyaq idim. Asta-asta dəhlizə çıxıram. Sulu boyalarım hazırdı. Boz divarlar bir azdan rəngini dəyişəcək. İlk ağ rəngi seçirəm. Divarın o başından rəngləməyə başlayıram. Pəncərədən ay işığı da gecənin işıqları olur. Bəxtimdən hamı yatıb, hətta sanitarlar da. Bəlkə də bu gecə bütün insanlar yatır, bircə mən oyağam. Ona görə də tələsməliyəm. Səhər hər kəs rəngli divarlarla, rəngli dünya ilə qarşılaşmalıdır.
Sulu boyam bitdi. Divarlarda adda-budda rənglər gözə çarpırdı. Elə bil bir uşaq əlindəki rəngli karandaşlarla boyamışdı hər yeri. Gün içərini işıqlandırırdı. Divarlara baxıb ağlayırdım. Xəyal etdiyim rəngli aləm şüşə kimi çilik-çilik olmuşdu.
Yazdıqlarım indicə evimizin divarını qələmlə cızıq-cızıq edən qızıma aiddir. Onun divara yazmaq istədikləri idi. Bir dəqiqə dayanın. Bu qız da mənim qızım deyil. Qonağımız Humay xalanın nəvəsi Selcanın əl işidir. Ya da mənim növbəti sayıqlamamdır.
Səhər saat yeddi tamamdır. Hamı bir nəfər kimi yemək növbəsindədir. Həmişəki adətimiz. Gözləyirik. Susuruq. Qarnımızdan gələn qurultular sükutu pozur: qar-qurrr...
Aclıq bizi heydən salıb. Hə, nə olsun ki? Afrikada ac qalan uşaqlardan daha ac ola bilərik? Nə dəxli? Çox dəxli! Burda yazdığım absurd dialoqlara fikir verməyin. Yazmalıyam ki, “Bir dəlinin gündəliyi” romanımın növbəti seriyasını oxuya biləsiniz.
Axşam rəngləmək istədiyim divarları düşünürdüm. Sanitarın şilləsi məni rənglər dünyasından azad elədi. Sulu boyalarımı zibilə tulladı. Dəlixanada həyatlarımız da beləcə zibil yeşiyinə tullanırdı. Amma biz zibil yox, yaşamaq istəyən ağıllı dəlilərdik.
Məni vuran sanitarı ilk gəldiyim gündən tanıyırdım. Uzun boylu, gonbul, ətli peysəri, meymun kimi də tükləri çox idi. Bu adamı heç sevmirdim. Gücüm çatsaydı əngini əzərdim. Belələrini yaxşı tanıyırdım. Vurmaq, dağıtmaq, aşağılamaq onların sevimli hobbiləriydi. Sadist adamlar var bu dünyada. Əslində onları dəlixanada yatızdırmaq, döymək lazımdı.
Lətif həkim gözə dəymirdi. Deyəsən, bu gün gəlməyib. Nədənsə, onun üçün darıxdım. Otağının qapısı açıq idi. Xadiməçi stolunun üstünü silirdi.
- Lətif həkim gələcək?
- Gələr yəqin...
Palataya keçirəm. Dəlilər durğundu. Heç kimin danışmağa kefi yoxdu. Mən də darıxmağı kəşf etdiyim gündən darıxıram.
Axşama yaxın dəlilər bufetdə domino oynayırdılar. Qarşılarında dəftər var idi. Ora nə isə yazır, sonra təzədən oyuna girişirdilər. Başlarının üstündə durub onları izləyirdim:
- Get də, qaqaş... – onlardan biri əli ilə məni itələdi.
- Mənim üçün oynayırsız? – deyib yerimdən qımıldanmadım.
- Get də... – o təzədən dilləndi.
- Baxıram da... – mızıldandım.
- Bax, amma danışma... – o domino daşlarını qarışdırdı.
Onlar mənim üçün oynayırdılar. Bunu dəqiq bilirdim. Daşlarda mənim gələcək həyatım dururdu. Heç kimə bənzəmirdim. Hey insanlardan qaçırdım. Qurtulmaq, xilas olmaq deyə bir şeyi çıxıb getməklə əlaqələndirirdim. Elə bil, çıxıb getmək hər şeyi həll edəcək. Onsuz da insanlar hər yerdə var.
Domino daşlarının üstündə keçirdiyim həyatın acıları həkk olunmuşdu. Onlar dəftərə nəsə yazdılar, yazılan mənim taleyim idi. Heç vaxt oyun oynamırdım. Əslində oyun deyilən bir şey yoxdur. Hər şey oyunla qurulsa da heç nə oyuna bənzəmir. Əsas kiminsə qalib gəlməsi deyil, öz qalibiyyətini təsdiq etməkdir.
Mən qazanırdım. Onlar oynayır, oynamadığım oyunda məni uddururdular. Dəftərdə alnıma yazılmayan, mənim olmayan tale vardı. O, mənə bəxş edilmişdi. İçimdə sevinc, əzabdan qurtulma hissi gəzirdi. Onu anladım ki, hər şeyi qazanacam, itirmək isə mənim qədərimdir. Bu oyunda qazandım, amma qələbəmi təsdiq edə bilmədim.
Dəhlizə çıxdım. Burda dəlilər çömbəlib siqaret çəkir, yuxarıda, divarın üstündəki televizora baxıb aralarında nə isə gap edirdilər. Onlara qoşulmaq istədim, axı, hər halda mən də burdaydım, gərək onların qurduğu cəmiyyətə daxil olaydım. Palaza bürün, eldən sürün. Yalan ha deməyiblər!
Qaqaşların birindən siqaret istədim. O, cibindən deyil, damağından yarıya qədər çəkilmiş siqareti mənə uzatdı. Dodağı filtri selikləmişdi. Amma iyrənmədim. Son zamanlar bu hiss də mənə yad idi. Əslində bu hissin məndə olduğunu bəzən unudurdum. Özüm də bilmədən başqa adama çevrilmiş, özümü dünyadan təcrid etmişdim.
Burdakı oğlanlar öz həyatlarından danışırdılar. Bilmirdim, düz danışırlar ya yox. Ancaq qulaq asmağı sevirdim. Həmişə başqalarının xoşbəxt talelərini dinləyib içimdə sürünən kədəri bir anlıq unutmuşam. Mən başqa insanları, başqa taleləri burda yaşadım.
Həkim ağlamağımın yaxşı hal olduğunu deyirdi:
- Belə olanda psixoloji sarsıntıların aradan çıxır. – o öz çirkli, kif iyi gələn otağında eynəyini burnunun üstünə gətirib danışırdı. – Gərək çox ağlayasan, ağlamaq xeyirdir.
Hər gün ağlayırdım, səbəbsiz, anlamını bilmədən. Televizorda göstərilən Suriya, Fələstin, Türkiyə ölkələrində adamlar ölürdü. Uzaqdan izlədiyim ölüm xəbərləri məni sarsıdırdı. “Belə xəbərlərə qulaq asma” – həkim böyrümdən çıxıb məsləhət verirdi. Ancaq o xəbərlər idi məni ağladan. Tanımadığım, heç vaxt getmədiyim yerlərin, görmədiyim insanların ölüsünə baxıb ağlayırdım. Eynən arvadlar, uşaqlar sayaq. Ağlamaq məsumluğumun, çarəsizliyimin ifadəsi idi. Özümü hər göz yaşında bir az da anlayır, insan olduğumu hər an, hər dəqiqə duyur, acılar yaşamağa başlayırdım. O xəbərlərə baxanda anladım ki, insanların ölümü sadəcə olaraq nəyinsə bitməsi deyil. Onlar acılarını, şirin xatirələrini, dostlarını, ailəsini özünün ölümü ilə öldürür və təzədən yaşadır. Onları gözləyən, ağlayan, acı çəkən anaları gözümün qabağına gətirdim. Bu dünyada insanlar ölümlə məhkum olunublar. Onların qurtuluşu yoxdur, yaşamaq yalvarmağa da dəymir, ölmək isə heç...
Qəfil dəhlizin ortasında bağırdım. Elə qışqırdım ki, istəyirdim,Tanrı içimdəkiləri eşitsin. Amma Tanrı o gecə uyuyurdu. Qışqırıqlarım pəncələrə, divarlara dəyib geri qayıdırdı. Boğucu nidalar ilan kimi boynuma dolanırdı. Zolaqlaşan divarlar.Adamlar dolu tək üstümə yağırdı, üstüm başım insan taleyi qoxurdu.
Hər tərəfdən məni ağ adamlar yaxaladılar. Çırpındım, qurtulmaq istədim. Alınmadı. Sonra kimsə qoluma iynə sancdı, isti bir şey vücuduma dolanda yüngülləşdiyimi, enerjimin sona çatdığını hiss etdim. Bu ölüm idimi?
Pəncərələrə yanaşdım. Burdan yalnız bir parça göy üzü görünürdü. Rəssam dəli qulağıma pıçıldadı:
- Ora həsrət qalmışıq. Bizi çölə buraxmırlar. Ordakı insanlar nə edir?
Cavab vermədim. Çöldə isə insanlar qaynaşırdı. Onlar burdan başqa cür görünürdü. Düşündüm ki, əslində onlar da bizim kimi dustaq vəziyyətdədirlər. Sadəcə bunun fərqində deyillər. Onların da içində qapalılıqlar, kimsəsizliklər dolanır. Bu şəhərdə hər kəs dustaqdır. Biri çöldə, biri də bizim kimi türməyə oxşayan bu xəstəxanada.
***
Dəlilərdən biri təzəcə düşmüşdü dəlixanaya. Yanıma yaxınlaşdı. Başına gələnləri nağıl elədi. Susdum. Köks ötürdüm. Mən də ona həyatdan danışdım, içimdən keçənləri, başıma gələnləri.
Danışdıqca digər dəlilər də söhbətimə maraq kəsdilər. Onlar dunuqca qulaq asır, hiss olunurdu ki, sadəcə dinləyirlər. Sözlərin acısını duymağa belə məhkumdurlar. Ancaq aralarında bəziləri danışdıqlarımı udurdu, acını, kədəri hiss etdikləri gözlərindəki ifadələrdən bəlli idi. Nə olsun ki, dəli idi burdakılar? Onların çoxusu bayırda gəzən ağıllılardan qat-qat üstündürlər. Dəlilik əslində içindəki ağılı ortaya çıxarmaqdır. Bunu edəndə bizə dəli deyirlər. Halbuki əsil dəlilik başqa şeydir. Biz cəsarətli insanlardıq. Hər şeyi əlimizin tərsi ilə kənara ata bilərdik. Amma çöldəkilər bizi anlamaz. Biz susmağı da, danışmağı da, acı çəkməyi də, gülməyi də, yaşamağı da, sürünməyi, dustaq olmağı da qavrayır, bunun haqqını verə bilirdik.
Axşam yata bilmədim. Həkimlər iynə gətirdilər. Onlara başıma gələnləri danışmağa başladım. Dinləyir, tez-tez əlləri ilə alnımı yoxlayırdılar.
- Yorulmusan. - deyən həkim qoluma iynə vurdu. Yenə eyni hiss: istilik və boşluq içimə axdı.
Ey məni oxuyan kəs, sənin də dəli olmağına az qalıb? Yaşadıqların, taleyin yorub səni? Onda get dəlixanaya və istirahət elə. Amma elə et ki, dəlilər səni görməsin. Çünki sən, ağıllısan. Çünki sən, düşünə bilən heyvansan. Pis başa düşmə, mənim yox Dekartın fikridir. Yaxşı, çərənləməyim. Susum. Neyləyim, axı dəlixanada darıxıram. İstəyirəm, hərdən səninlə danışaq.
Lətif həkimin həlim səsi yuxumdan ayıltdı məni. Dik qalxdım. Üz-gözümü yumadan birbaş üstünə qaçdım. Qollarımı açıb qucaqladım onu. Çoxdanın dostları kimi hal-əhval tutduq. Başıma tumar çəkdi. Dedi, atan gəlib, get onu da qucaqla. Sevincək bufetdə atamı gördüm. Əli zənbil dolu, üzündə kədər. Doluxsundum və hönkürtü gəldi. Atam məni bağrına basdı və susdu.
Sonra da ağaran saçlarıma tumar çəkdi.
(Mənbə: Kulis.az)